Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Vaxtilə katibə işləyən və ərini dələduzluqda suçlayan Bənövşə dəlixanaya niyə düşmüşdü?

Vaxtilə katibə işləyən və ərini dələduzluqda suçlayan Bənövşə dəlixanaya niyə düşmüşdü?

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi olmuş Bənövşə Süleymanova növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, bir neçə nəfəri işə düzəldəcəyi adı ilə aldadaraq onlara qarşı dələduzluq etməkdə təqsirli bilinən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid Sevinc Həsənova ifadə verib. O, SOCAR Qaz İxrac İdarəsində mühəndis işlədiyini bildirib. Məhkəmədə məlum olub ki, Sevinc Həsənovanın adı bu iş üzrə zərərçəkmiş şəxslərdən pul alınmasında keçir. Belə ki, Bənövşə Süleymanova telefon danışıqlarında və ifadələrində işə düzəltmək adı ilə vətəndaşlardan aldığı pulların bir hissəsini Sevinc adlı xanıma verdiyini deyib.

Məhkəmədə ifadə verən şahid Sevinc Həsənova həbsdə olan Bənövşə Süleymanova ilə yaxın münasibətlərinin olmadığını, sadəcə işdə görüşdükləri zaman salamlaşdıqlarını deyib: “Mən əvvəl başqa idarədə idim. İş yerim dəyişəndən sonra Bənövşəni tanımışam. Münasibətimiz olmayıb. Kimlərdənsə pul alınmasından xəbərim yoxdur. Referendum ərəfəsində seçki məntəqəsində idim. Orada Bənövşənin həyat yoldaşı Elmarla rastlaşdım. Mənə dedi ki, kimlərdənsə pul alınması işlərində mənim də adım hallanır. Mən də təəccübləndim. Bir müddət sonra Elmarı yenidən gördüm. Ondan məlumat öyrənmək istədim ki, mənim adımın hallanması nə ilə bağlıdır. Mənə dedi ki, Sevinc adlı başqa bir xanımdan söhbət gedirmiş. Məni onunla səhv salıb. Bu məsələ belə də bağlandı. Bir müddət sonra məni çağırıb izahat aldılar. Səbəb isə mesajlarda adımın çəkilməsi idi. Mən də gedib bildiklərimi danışdım. Ancaq onu deyə bilərəm ki, bu söz-söhbətlər olan ərəfədə kadrlar şöbəsində mütəxəsis vəzifəsində çalışırdım. Ola bilsin ki, adımdan istifadə edilib”.

Təqsirləndirilən Bənövşə Süleymanova isə məhkəmə şahid Sevin Həsənovanın bu işdə heç bir günahının olmadığını, yeganə günahkarın keçmiş ərinin olduğunu söyləyib: “Sevinc xanım işdə hörmət etdiyim şəxslərdən biri olub. Onun bu işdə günahı yoxdur. Sadəcə keçmiş ərim Elmar məni aldadıb. İfadəmdə və mesajlarda Sevinc xanımın adının çəkilməsinin səbəbkarı Elmar idi. Məni aldatdı ki, bu işi həll edəcək”.

Şahid Sevinc Həsənova suallara cavab olaraq təqsirləndirilən Bənövşə Süleymanovanın əri Elmar Süleymanovu necə tanımasından danışıb: “Bizim idarədə işləyirdi. Salam-sağolumuz var idi. Bir gün Bənövşəni işdə ağalayan gördüm. Səbəbini soruşdum. Dedi ki, Elmardan boşanır. Özünü öldürəcəyini dedi. Mən də söylədim ki, ailənizi dağıtmayın. Hətta iş yoldaşlarından da xahiş etdim ki, onların barışmasına kömək etsinlər. İş yoldaşları isə mənə dedilər ki, orta borc və pul məsələsi var”.

Bənövşə Süleymanova məhkəmədəki çıxışında həbsində və vətəndaşların aldadılmasında günahkar olan şəxsin keçmiş əri Elmar Süleymanovun olduğunu və bunu sübut edəcək səs yazılarının olduğunu qeyd edib: “İsitintaq dövründə Elmar mənə nə deyibsə, onu yazmışam. Bir evdə yaşamışıq. Məni aldadacağını hardan bilərdim? Necə dedisə yazdım. Mesajlarda, ifadəmdə Sevinc xanımın adını o yazdırdı. Elmar dedi ki, zərərçəkmişlərlə danışıb ki, pulları qaytarsın. İki kafe götürdüyünü, işlədiyini, pul qazandığını dedi. Mən heç kimdən pul almamaışam. Əgər Elmar günahsız idisə, pul almamışdısa, bunu əvvəldən niyə demirdi? Niyə məndən şikayətçi olmurdu? Bütün bu ifadələri yazdırandan sonra indi mənə qarşı ifadə verir. Özünü haqlı çıxarır. Mən bir həftə psixatriyada yatdım. Mənə uşağımı göstərmirdi. Özü mənə deyirdi ki, “Qurban olum, bu söhbətlərdə mənim adımı çəkmə. Pul düzəldib camaatın pulunu verəcəm”. Hamısı telefon danışıqlarında var. Burada Elmarın xeyrinə olan mesajlar oxunur. Mən tələb edirəm ki, həmin səs yazıları dinlənilsin. Elmar hər şeyi etiraf edir”.

Məhkəmənin növbəti iclası avqustun 16-na təyin edilib.

Ötən prosesdə Bənövşə Süleymanovanın keçmiş həyat yoldaşı Elmar məhkəmədə ifadə vermişdi. B.Süleymanova işə düzəltmək adı ilə alınan pulların keçmiş ərində olduğunu söyləyir.

Qeyd edək ki, ittihama görə, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Famil Şükürov, İlham Paşayev və digər vətəndaşların etibarından sui-istifadə edərək onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını ələ keçirib.

Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın