Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Gündəm / Vasif Talıbov ad gününü əsgərlərin, yeni ev almaq istəyən naxçıvanlı gənclərin əhatəsində keçirib

Vasif Talıbov ad gününü əsgərlərin, yeni ev almaq istəyən naxçıvanlı gənclərin əhatəsində keçirib

Azərbaycan siyasi həyatında ən çox müzakirə olunan  şəxsiyyətlərdən biri də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdur. Bəzən sərt və radikal addımlarıyla, heç kimin gözləmədiyi sərəncamlarıyla diqqəti cəlb edən bu adam barəsində ən müxtəlif fikirlər yürüdülür, yürüdülməkdədir. O, bəzən idarə etdiyi məmləkətdə manatın kursunu sabit saxlayaraq, devalivasiyaya qarşı mübarizə tədbirləriylə, bəzən sərhəd zonasında döyüşən əsgərləri ziyarət etməsiylə yadda qalır. Bəzən isə Naxçıvan məktəblilərinə oxumalarını tövsiyyə etdiyi 30 kitabla gündəmə gəlir və bu nəcib təşəbbüsündə hansısa “qurtlu” niyyətlər axtarılanların sərt hücumlarıyla üzləşir. Etiraf edək ki, Vasif Talıbov barəsində bu yazı müəllifinin də qələmə aldığı sərt tənqidi yazıları, şeirləri var.

Bununla belə, Vasif Talıbovun atdığı bir çox addımları da təqdir etməmək mümkün deyil. Nə yazıq ki, bir çox hallarda bu addımlar ya həqiqətən gözdən qaçır, ya da qəsdən gözdən qaçırılır.

Əlbəttə, bu məsələdə Naxçıvan mətbu orqanlarının passivliyi, hadisələri effektli şəkildə işıqlandırmamaları da misilsiz rol oynayır. O da mümkündür ki, Naxçıvan Ali Soveti sədrinin öz təbliğatını qurmaqda çox maraqlı olmaması da atdığı addımların layiqincə işıqlandırılmamasına yol açır.

Bu sözləri yazarkən, biz heç də Vasif Talıbovun həddindən artıq təvazökar olmasını iddia etmək fikrində deyilik. Bəlkə də sədr öz üzərində qurulan təbliğatın Bakıda müxtəlif mülahizələrə yol açmaması naminə həddindən artıq təbliğata həvəs göstərmir.

Səbəb nə olursa olsun, bir neçə gün öncə qəsdən və ya bilməyərək gözdən qaçırılan bir sıra mətləbləri qələmə almağa qərar verdik. Nədən ki, istənilən siyasətçinin və ya tanınmış şəxsin ən əlamətdar gününü necə və kimlərlə qeyd etməsi həmişə mətbuatın əsas diqqət ayırdığı mövzulardan olub. Vasif müəllim də ölkənin ən tanınmış şəxsiyyətlərindəndir və onun öz ad gününü necə keçirməsi, yəqin ki, bir çoxları üçün maraqlıdır.

Üstəlik, Vasif Talıbovun bəzi addımları Azərbaycanın bir çox siyasi xadimi üçün əsl dərs mahiyyətindədir. Bu təcrübələrdən istifadə olunması ümumilikdə cəmiyyətimizin xeyrinə olardı.

Beləliklə, yazımızın əsl məğzinə gəldik: Vasif Talıbov öz ad gününü necə keçirir?

Bir çoxumuz, yəqin ki, bu sualı oxuyanda beynində təntənəli toplantılar, ölkənin ən aparıcı şəxsiyyətlərinin əlində qədəh Naxçıvan rəhbərinin şəninə mədhiyyələr yağdıran səhnələr canlandırdıq. Nədən ki, Vasif Talıbov Azərbaycan siyasi iradəsinə qətiyyən yad adam deyil və hakimiyyət pramidasının ən uca zirvəsində dayanan məlum ailəyə yaxınlığıyla tanınır və bu xüsusiyyətləri ilə yeri gələndə təntənəli məclisi də haqq edir. Yəqin, təntənəli məclis təşkil etmək fikrinə düşsəydi, təsəvvürümüzdə canlanan həmin səhnələr reallaşardı da. Amma mətbu orqanlardakı xəbərlərə göz gəzdirərkən Vasif Talıbovun ad gününü heç də bu cür qeyd etmədiyi ortaya çıxır.

İstərsəniz, daha artıq şərhə yer vermədən sədrin 2 gün əvvəl tamamlanan 58 yaşını necə qeyd etdiyinə nəzər salaq. Özü də, heç bir özəl xəbər qaynaqlarına istinad etmədən, sadəcə bəzi mətbu orqanlarda dərc olunan xəbərlərin işığında.

İki gün öncə, yəni 14 yanvar 2018-ci il tarixində AzVision.az saytı xəbər verirdi:

“Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun doğum günüdür. V.Talıbov 58 yaşını qeyd edir”.

Qaynaq: https://azvision.az/news/135597/vasif-talibov-ucun-ozel-gun.html

Bəs, necə qeyd edir?

Bu suala Azərbaycanın rəsmi informasiya agentliyi olan  “AZƏRTAC”,  yəqin ki, özü də bilmədən aydınlıq gətirir. Zira 14 Yanvar 2018-ci il tarixində Vasif Talıbovun ad gününü təbrik etməyi unudan, bəlkə də bundan bixəbər olan agentlik Naxçıvanla bağlı 2 material dərc edib. İlk xəbərdə qeyd olunur:

“Muxtar respublikada sərhəd xidmətinin təkmilləşdirilməsi ilə yanaşı, sərhədçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyindəki xidməti yaşayış binasının əsaslı şəkildə yenidən qurulması da bu sahədə görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 14-də sərhədçi ailələri üçün nəzərdə tutulan xidməti yaşayış binası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib…”

Qaynaq: https://azertag.az/xeber/Naxchivan_Alahidde_Serhed_Diviziyasinin_herbi_seherciyinde_xidmeti_yasayis_binasi_istifadeye_verilib-1128202

Bu da ikinci xəbər:

“…Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 14-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yeni yaşayış binasının təməlatması olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaşayış binasının layihəsinə və əraziyə baxıb.

Məlumat verilib ki, 44 mənzilli 6 mərtəbəli yeni yaşayış binası milli və müasir memarlıq üslubunda inşa olunacaqdır. Binada ikiotaqlı, üçotaqlı, dördotaqlı, yeddiotaqlı və doqquzotaqlı mənzillər yerləşəcəkdir. Mənzillərin sahəsi ikiotaqlılarda 90, üçotaqlılarda 110 və 150, dördotaqlılarda 153, 165 və 175, yeddi otaqlılarda 325 və 360, doqquzotaqlıda isə 420 kvadratmetr olacaqdır. Yaşayış binasında lift quraşdırılacaq, zirzəmidə 29 yerlik avtomobil dayanacağı yaradılacaqdır. 4 girişi olan binanın birinci mərtəbəsində 12 mağaza istifadəyə veriləcəkdir.

Ali Məclisin Sədri beton qarışığını bünövrəyə tökərək binanın təməlini qoyub…”

Qaynaq: https://azertag.az/xeber/1128205

Bir sözlə, Vasif Talıbov öz ad gününü bəzi icra başçıları və ya nazirlər kimi təntənəli saraylarda yox, əsgərlərin, yeni ev almaq istəyən naxçıvanlı gənclərin əhatəsində keçirib.

Başqa şərhə ehtiyac varmı?

Heydər OĞUZ

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …