Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Gündəm / Vaqifə münasibət və yalançı heykəl…

Vaqifə münasibət və yalançı heykəl…

İki gündür sosial şəbəkələrdə Vaqifin Şuşada heykəli ilə bağlı qızğın müzakirələr keçirilir. Bundan o qədər narahat olanlar var ki, elə bil həmin adamın heykəlini qoymaq lazım imiş, onun heykəlini qoymayıb, Vaqifin heykəlini qoyublar. Özü də bunu daha çox kimlər deyir, Qərbə inteqrasiya etməyi məsləhət görənlər. Tamam bura qədər hamıya aydındı.
Amma…
Amması odur ki, Azərbaycanda ədəbi irsi, siyasi baxışları tamam öyrənilməyən, təbliğatı düzgün qurulmayan dahi bir şair var – Molla Pənah Vaqif. Onun kimliyi, xidmətləri haqqında heç bir məlumatı olmayan adamlar düşüb ortaya, Vaqif satqındır deyib, meydan sulayırlar. Bəs bu adamlar kimdir, indi yazıda həmin adamların kimliyini də görəcəksiniz…

Azərbaycan ictimai-siyasi həyatında, ədəbiyyatında və ədəbi dilinin formalaşmasında 3 böyük şəxsiyyətin böyük xidmətləri var. Bu gün bizim danışıq dilimizi formalaşdıran bu 3 şəxsiyyətə bir-birimizi anladığımıza görə təşəkkür borcluyuq.

Birinci dahi şəxsiyyət Şah İsmayıl Xətayidir. İran-Turan münasibətlərində Azərbaycan dili, Azərbaycan dilində ədəbiyyatın inkişafı və Azərbaycançılıq ideyalarının yaranması Xətayi ilə bağlıdır. Bu gün Azərbaycan dövlətinin toxumlarının əkilməsi belə Xətayinin xidmətləridir. Əgər xələfləri onun siyasətini davam etdirə bilsəydi, ondan sonrakı şahların və sülalələrin heç biri İran ideologiyasına xidmət etməyəcəkdi. Xətayi şeirlərini bu gün oxuyanda da, görürük ki, sanki o şeirləri bu gün yazıb.

Azərbaycan ictimai-siyasi həyatında və ədəbiyyatında, ədəbi dilinin formalaşmasında ən böyük xidmətləri olan 3-cü şəxs Səməd Vurğundur. Səməd Vurğunun poeziya dili sadəliyi, anlaşılması, zənginliyi ilə müasir Azərbaycan dilini tamamladı, yetkinləşdirib, ortaya çıxardı. Bu günkü dövlət dilimiz məhz Səməd Vurğunun ədəbi, poeziya dili ilə formalaşıb, – desək yanılmarıq.

Dilimizin, ədəbiyyatımızın formalaşması, ictimai-siyasi baxışlarımızın bu günkü müasir səviyyəyə qalxmasında ən böyük xidmətləri olmuş ikinci şəxs Molla Pənah Vaqifdir. Molla Pənah Vaqif həm ədib, həm siyasi xadim, həm də böyük bir azərbaycançı idi. Onun 18-ci əsrin ortalarında yazdığı şeirlər, poeziyası Azərbaycan dilinin qorunub saxlanmasına, inkişafına xüsusi xidmət göstərib. Vaqif şeirlərində zəngin söz ehtiyatı var. Sözlərin ahəngdarlığı, məna-üslub baxımdan bir-birini tamamlaması onun yaradıcılığını zənginliyindən xəbər verir. Onun yaradıcılığını elmi-publisistik cəhətdən dəyərləndirsək, çağdaş Azərbaycan ədəbiyyatının və ədəbi dilinin bütün qayda və qanunlarına uyğun olduğunu, forma və məzmun incəliklərini qoruduğunu görərik.

Vaqifin ictimai-siyasi baxışlarına gəlincə, deyək ki, o sıradan bir şair olmayıb. Vaqif Qarabağ xanının vəziri olub. Onun şair kimi vəzir olması Qarabağ xanının daha humanist addımlar atmasına böyük bir töhfə vermişdir. Həmin dövrdə Qarabağ xanlığı az qala Azərbaycanda bütün xanlıqların mərkəzi xanlığı hesab olunurdu. Qarabağın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması, İbrahimxəlil xanın əhaliyə qarşı davranışı bəlkə Vaqifin xidmətləri idi. Bunu araşdıran oldumu? Təbii ki, yox. Eyni zamanda Vaqifin xanlığın eşikağası (xarici işlər naziri) vəzifəsini daşıması, onun xanlığın xarici siyasətini müəyyənləşdirdiyini göstərir. XVIII əsrdə İran-Turan müharibələri, Osmanlı-Rusiya, Rusiya-İran müharibələri kontekstindən Azərbaycana baxanda Vaqif nə etməli idi? Xanlıqların birləşmə çağırışına heç bir xanlıqdan müsbət cavab gəlmədi. Xanların mənəm-mənəmliyi, yaxınlaşmaqda olan təhlükə fövqündə Vaqifin yerində Siz olsaydınız nə edərdiniz? Rusiyaya birləşmək qərarı təkcə Vaqifin qərarı deyildi. Uzun müddət xanlıq daxilində müzakirə olunub son nəticəyə gəlinən qərar idi. Bu günkü tarix sübut edir ki, o dövrdə verilən ən düzgün qərar da məhz bu idi. Vaxtında və düzgün qərar verilməsəydi, indi Qarabağın taleyi necə olacaqdı? Bu barədə araşdırmalar aparıldı, yoxsa bizim xəbərimiz olmadı? Vaqifə bu gün satqın deyənlər kimlərdi? Yoxsa siz Qərbə inteqrasiya etməyimizi istəmirsiniz? Əgər istəyirsinizsə, onda gələcəkdə biz hamımız satqın adlandırılacağıq. Nə üçün? Çünki o dövrdə də inkişaf edən və Azərbaycandakı xanlıqların inteqrasiya edə biləcəyi ölkə Rusiya idi. Vaqif də daha çox inkişaf etmiş ölkəyə inteqrasiya tərəfdarı idi. Bu onu satqın edirmi?

Yuxarıda haqqında danışdığım 3 şəxsiyyət haqqında da fikirlər birmənalı deyil. Niyə? Çünki hər 3 şəxsiyyət azərbaycançılığa xidmət göstərib. Azərbaycan dilinə, ədəbiyyatına, ictimai-siyasi həyatına. Ona görə məhz hansısa qüvvələr hər 3 şəxsiyyətə zaman-zaman hücumlar təşkil ediblər.

İndi də hücuma məruz qalmış şəxsiyyət Molla Pənah Vaqifdir. Öz bilikləri, dünyagörüşü, yaradıcılığı ilə dövrünün ən böyük adamı, bu gün ölkədə bir qara qəpik qiyməti olmayanlar tərəfindən təhqir edilir, satqın adlandırılır. Çünki hələ də Vaqif öz layiqli dəyərini, qiymətini almayıb.

Azərbaycan Respublikasının Prezidenti Şusada Vaqif məqbərəsinin açılışını ona görə tezləşdirdi ki, xarici beyin mərkəzləri Vaqifi araşdırıb, onun nə qədər böyük şəxsiyyət olduğunu öyrənsinlər, onun təkcə şair yox, həm də ictimai-siyasi xadim olmasını, verdyi qərarlarla ölkəmizin taleyində necə rol oynadığını bilsinlər.

Vaqif haqqında heç bir məlumata malik olmayan, onun bircə şeirini əzbər bilməyənlər isə Vaqifi satqın adlandırırlar.

P.S. Vaqif haqqında elə bir heykəl qoyulmalıdır ki, bu heykəl Qarabağın hər yerindən görsənsin.

Elmar Hüseynov,

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanda nə baş verir? – Dəhşətli faktlar, milyonlarla yeyinti

Milyonlarla qaçaqmalçılıq və büdcə yeyintisi…Bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük …