Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Uşaqların “sıyıq puluna” göz dikənlər…

Uşaqların “sıyıq puluna” göz dikənlər…

Uşaq bağçalarının özəlləşdirilməsi və onun arxasındakı gizlinlər

Gələn həftə Milli Məclisdə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində məktəbəqədər təhsil müəssisəsinin mülkiyyəti profili üzrə fəaliyyətini saxlamaq şərtilə özəlləşdirilməsi ilə bağlı məsələ müzakirə olunacaq. Bu isə artıq bağçaların, eləcə də bağça yaşındakı uşaq valideynlərinin həyatında ciddi dəyişikliyin vədidir. 
2011-ci ildə Təhsil Nazirliyinin tabeliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin balansına keçən məktəbəqədər təhsil müəssisələri artıq sonuncunun da “əlindən çıxır”. Təbii ki, burda söhbət ciddi maliyyə resurslarının bir strukturdan alınması kontekstində dəyişiklikdən gedir. Məsələnin siyasi pərdə arxasını incələmədən öncə real faktlara, rəqəmlərə diqqət edək.
Bağçaya gedən uşaqlar getməli olan uşaqların 30 faizini təşkil edir 
Keçən ilin noyabr ayına olan statistikaya görə, ölkədə 1706 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, bura 116049 uşaq cəlb olunub. Bunlardan 76-sı özəl müəssisələrdir, burada 2500 uşaq tədrisə cəlb olunub. Təhsil Nazirliyindən bildirilib ki, 2014-2015-ci tədris ilində 17 məktəbəqədər təhsil müəssisəsinə lisenziya verilib. Statistika isə göstərir ki, məktəbəqədər təhsil müəssisələrinə məktəb yaşına qədər olan uşaqların cəmi 27 faizi cəlb olunub. Azərbaycana nisbətdə paytaxtda bu göstərici bir az yüksəkdir. Hazırda Bakı şəhəri üzrə bağçaya gedən uşaqların sayı, bağçaya getməli olan uşaqların sayının 30 faizini təşkil edir. “Yeni Müsavat” Bakıda fəaliyyət göstərən özəl uşaq bağçaları ilə bağlı bir neçə dəfə yazıb. Monitorinqlər onu göstərir ki, özəl bağçaların aylıq ödənişi 250 AZN-dən başlanır. Bura gündə 3 dəfə yemək və “səhər 9 -axşam 6″ qulluq daxildir. Amma aylığı 400-500 AZN olan bağçalarda uşaqları xüsusi rəsm, rəqs dərnəklərinə cəlb etmə də daxildir.
Təhsil Nazirliyi etiraz edir: “Özəlləşdirmənin tərəfdarı deyilik…”
Bağçaların özəlləşdirilməsinə Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov öz etirazını bildirib. APA-ya müsahibəsində A.Əhmədiv bildirib ki, mövcud məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi onsuz da böyük deyil, ölkə üzrə əhatə olunma səviyyəsi 14 faiz təşkil edir: “Buna görə də mövcud müəssisələrin qorunub saxlanmasına ehtiyac var. İkincisi, özəlləşdiriləcək bağçaların profilinin saxlanılmasını təmin edən etibarlı mexanizm yoxdur. Üçüncüsü, istənilən hüquqi və fiziki şəxs qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq məktəbəqədər təhsil müəssisəsi aça bilər. Bu fəaliyyətə dair lisenziyanın verilməsi asanlaşdırılıb və fəaliyyətin vergiyə cəlb olunması ilə bağlı kifayət qədər güzəştlər tətbiq edilir. Yəni bu fəaliyyətlə məşğul olan şəxsin məktəbəqədər təhsil müəssisəsi yaratmağının yolu yalnız özəlləşdirmədən keçmir”.
A.Əhmədov qeyd edib ki, son 3 il ərzində yeni fəaliyyətə başlayan özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 50-dən çoxdur. O, Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində məktəbəqədər təhsil müəssisələrinin profili saxlanmaq şərtilə özəlləşdirilməsinin tərəfdarı olmadığını deyib: “Və müzakirə olunan bu maddə ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, məktəbəqədər təhsil müəssisəsi profil üzrə fəaliyyəti saxlanmaq şərtilə hüquqi və fiziki şəxslərin idarəçiliyinə verilə bilər. Bununla bağlı Təhsil Nazirliyi öz rəy və təkliflərini Milli Məclisin müvafiq komitəsinə göndərib”.
Valideynlərdən maraqlı təsbit: “Onsuz da dövlət bağçaları pulsuz deyil, ayda 50-60 manat ödəyirik”
Səyyarə Hüseynova adlı valideyn isə uşağını Bakının Nərimanov rayonu ərazisindəki bağçalardan birinə yerləşdirmək üçün bir neçə ay əziyyət çəkib. Onun dediyinə görə, hansı dövlət bağçasının qapısını döyübsə, ona “bizdə yer yoxdur” cavabı verilib. Son nəticədə isə vasitəçilərin və 300 AZN məbləğində “şirinlik” köməyi ilə daha öncə “yer olmayan” bağçaya uşağını yazdıra bilib: “Əslində bağça pulsuzdur. Amma hər ay 20 manat aylığı və 2 tərbiyəçi, bir ”texniçka”ya verdiyim 10 manatı nəzərə almaqla aylıq 50 manat xərcim çıxır. Onsuz da bağça pulsuz deyil. Üstəlik, bağçalara hər səhər maşın-maşın gətirilən ərzaqlara baxmayaraq, uşaqlar hər zaman keyfiyyətsiz yeməklər yeyirlər. Sup, makaron… Səhər uşağı doyunca yedizdirirəm, axşam götürəndə isə uşaq elə ac olur ki, elə bil nahar etməyib. Səbəbini soruşursan, tərbiyəçi deyir ki, çox oynayıb, enerjisi çox gedib deyə çox acıb. Axı həftə sonları bu uşaq evdə belə olmur. Demək ki, ayrılan yeməyi yedizdirmirlər uşağa. Bəs o boyda ərzaq hara ayrılır? Onsuz da dövlət bağçaları pulsuz deyil. Özəlləşdiriləndən sonra üstünə gələcək, daha baha olacaq” .
Milli Məclisdən təklif – özəl uşaq bağçalarında maksimum hədd 500 manat olsun
Milli Məclisin Elm və təhsil komitəsinin dünən  keçirilən iclasında komitə sədri İsa Həbibbəyli özəl uşaq bağçalarında ödənilən vəsaitin maksimum həddinin müəyyənləşdirilməsi ilə bağlı təklif irəli sürüb. İ.Həbibəyli bildirib ki, özəl uşaq bağçalarında ödənişi maksimum 500 manat həddində müəyyən etmək olar: “Müxtəlif ölkələrdə bu, müxtəlif cür hesablanır. Bəzi ölkələrdə minimum əmək haqqının misli ilə hesablanır. Azərbaycanda da bu həddi müəyyən etmək məqsədəuyğundur”.
O qeyd edib ki, iclasda müzakirə olunan yeni hazırlanmış və ilk oxunuşda təqdim olunan “Məktəbəqədər təhsil haqqında” Qanuna bu məsələnin salınmasını təklif edir.
Hesablama Palatası uşaq bağçalarını ifşa edib  
Bu ilin sentyabr ayında Hesablama Palatası (HP) dövlət büdcəsinin yerli xərclərindən 2014-2016-cı ildə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə (BŞMTMUEİ) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı audit aparıb. Audit nəticəsində ciddi maliyyə pozuntuları aşkarlanıb. Onları yada salaq.
 
Bağçalarda 3,3 min boş yer var, valideynlərə “yer yoxdur” deyirlər
İdarənin nəzdində 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan da 30-u Yasamal, 18-i Səbayel, 23-ü Qaradağ, 34-ü Binəqədi, 37-si Nəsimi, 24-ü Nizami, 28-i Nərimanov, 41-i Sabunçu, 23-ü Xəzər, 3-ü Pirallahı, 48-i Xətai, 35-i Suraxanı rayonlarında yerləşir. Məktəbəqədər təhsil müəssisələrində 2 135 vahid proqnoza qarşı 1 971 vahid qrup yaradılıb ki, bu da məktəbəqədər təhsil müəssisələrinin mövcud potensialının 92,3%-i deməkdir. 2016-cı ildə 40 627 uşaq yerinə qarşı məktəbəqədər uşaq müəssisələrinə 37 322 uşaq cəlb olunub. Halbuki müraciət edən valideynlərə yerin olmadığı deyilir.
Uşaqların ərzaq xərci əhəmiyyətli şəkildə şişirdilib
Audit zamanı məlum olub ki, idarə tərəfindən büdcə vəsaitlərinə tələbatın hazırlanması prosesində ayrı-ayrı məktəbəqədər təhsil müəssisələrindən və uşaq evlərindən büdcə vəsaitinə olan real tələbat barədə sifarişlər tələb edilməyib, əvvəlki illərdə nəzərdə tutulmuş vəsaitlərin icrası nəzərə alınmayıb, bəzi xərclər üzrə tələbatdan artıq təkliflər təqdim edilib, bir sıra xərc istiqamətləri üzrə təklif olunan məbləğlər kifayət qədər əsaslandırılmayıb. Bakı şəhərinin müvafiq rayonları üzrə, həm də rayon daxili məktəbəqədər uşaq müəssisələri və uşaq evləri üzrə uşaq günlərinin düzgün müəyyənləşdirilməməsi nəticəsində 1 uşaq gününə düşən ərzaq xərci proqnozu və faktiki xərci əhəmiyyətli şəkildə fərqli olub, müəssisələrin tələbatı, real faktiki xərci tam öyrənilmədiyindən məktəbəqədər uşaq müəssisələrinə artıq inventar, avadanlıq, eləcə də təsərrüfat malları alınıb. İdarə tərəfindən satın alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi, funksional fəaliyyətinə aid olmayan alışların həyata keçirilməsi, “Təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi” barədə müvafiq qərarın tələblərinə bir sıra hallarda əməl edilməyib, mərkəzləşdirilmiş qaydada verilən əsas vəsaitlərin uçota qəbul edilməməsi kimi nöqsanlara yol verilib.
Normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək bir sıra hallarda ümumi orta təhsilli və ya kurs qurtarmış şəxslər ali və orta ixtisas təhsili tələb olunan vəzifələrə təyin edilib. Auditlə əhatə olunan dövrdə sayğacların quraşdırılması, çəkilişi və təmiri ilə əlaqədar vəsait nəzərdə tutulduğu halda 10 məktəbəqədər uşaq müəssisəsində su sayğacları quraşdırılmayıb, nəticədə su xərclərinin ödənilməsi zamanı büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə şərait yaradılıb.
Bu günə qədərki təcrübə – bağçanı özəlləşdirəndən sonra gözəllik salonuna çevirənlər
Bu problemlə bağlı daha bir ilginc məqam. Ölkədə olan 3620 məktəbəqədər təhsil müəssisəsindən 1768-də məcburi köçkün ailələri məskunlaşıb. Bundan başqa, bu günə qədər bağçaların özəlləşdirilməsi zamanı yol verilən neqativ hallar diqqət çəkir. Özəlləşdirməyə çıxarılan 240 müəssisədən 113-ü Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir. Bu gün respublika üzrə özəlləşdirilən 83 müəssisədən 47-si Bakı şəhərindədir. Özəlləşdirilən məktəbəqədər müəssisədən cəmi 7-si öz profilini saxlayır. Onlardan biri Sumqayıt, 6-sı Bakı şəhərindədir. Halbuki ölkə Prezidentinin sərəncamında qeyd olunub ki, bağçalar gələcəkdə öz profilini saxlamaqla özəlləşdirilə bilər. Bu gün isə özəlləşdirilən həmin bağçalar ya ümumən qapadılıb, ya da onların əvəzində ya gözəllik salonu, ya da mağaza fəaliyyət göstərir.
 
Abutalıbovu “vurmaq”, ya büdcəyə qənaət? 
Müqayisə üçün: Hazırda Finlandiyada uşaqların 99, Almaniyada 90, qonşu Gürcüstanda 61, Estoniyada 85, Belarusda 70, Rusiyada isə 65 faizi uşaq bağçalarına cəlb edilib. Almaniya, Fransa, Danimarka və digər inkişaf etmiş ölkələrdə təhsil büdcəsinin 10-15 faizi məktəbəqədər təhsilə ayrılır.
İndiki məqamda isə siyasi ekspertlər özəlləşdirmə təklifinin arxasında ciddi məqamlar olduğunu deyir. Bunlardan birinjisi zaman-zaman gündəmə gələn “Hacıbala Abutalıbovun vurulması” versiyasıdır ki, bağçaların BŞİH-dən alınması ilə bu struktura ciddi zərbə vurmağı özündə ehtiva edir. İkinci məqam isə ölkənin maddi böhrana girdiyi bu dönəmdə uşaq bağçalarına büdcədən ayrılan milyonlara bu yolla qənaət etməklə bağlıdır.
Etibar Əliyev: “Özəlləşdirmə olsa, uşaqların bağçalardan yayınması güclənəcək”
21-ci əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində yazılır ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Müsahibimizin sözlərinə görə, Azərbaycan vətəndaşlarının məktəbəqədər təhsil müəssisələrinə cəlb olunması da pulsuz olmalıdır: “Uşaqlar məktəbəqədər təhsil müəssisələrində müəyyən yaş həddində təlim və tərbiyə gördükdən sonra ibtidai təhsilin birinci sinfinə qəbul olunurlar. Bu pillənin pullu olması yolverilməsizdir. Məktəbəqədər təhsil yaşında olan uşaqların ödənişli əsaslarla təhsil alması vətəndaşların təhsil hüququnun pozulmasına gətirib çıxara bilən amilə çevrilə bilər. Birmənalı şəkildə dövlət məktəbəqədər təhsil müəssisələrini himayəsinə almalıdır. Onsuz da təhsilin yuxarı pillələrində ailələr təhsilə kifayət qədər vəsait xərcləyir. Hətta uşaqlar ibtidai təhsil pilləsində repetitor yanına gedirlər. Ona görə də bağçaların özəlləşdirilməsi yolverilməzdir. Dünyada belə analogiya olmayacaq”.
E.Əliyev həmçinin xatırlatdı ki, məktəbəqədər təhsil müəssisələrinin əhatə dairəsi ölkə üzrə aşağı səviyyədədır. Onun sözlərinə görə, hər tədris ilində birinci sinfə başlayan şagirdlərin 17-20 faizi bağçalardan gəlir: “Bağçaların özəlləşməsi baş versə, bu faiz daha da aşağı düşə bilər. İnkişaf etmiş ölkələrdə uşaqların məktəbəqədər təhsilə cəlb olunması 70-80 faizdir. Sözügedən qanun qəbul olunarsa, bu, uşaqların məktəbəqədər təhsil müəssisələrindən yayınmasını gücləndirəcək. Onsuz da obyektiv səbəblərdən cəlbolunma faizi aşağıdır. Digər tərəfdən, özəlləşmə əhalinin indiki durumu ilə uzlaşan deyil. Xeyli valideyn özəlləşmə ucbatından bağçalardan üz döndərəcək”.
Müsahibimiz bir neçə il öncəyə qədər şəhərin mərkəzində fəaliyyət göstərən böyük uşaq bağçalarını xatırladıb, daha sonradan onların özəlləşdirilərək, öz təyinatını dəyişdirdiyini dedi. E.Əliyev hesab edir ki, magistr və doktorantlara möhlət hüququnun verilməsi dövlət başçısının məsələyə müdaxilə etməsindən sonra baş tutduğu kimi bu məsələyə də prezidentin müdaxiləsi vacibdir: “Məktəbəqədər təhsil müəssisələri gözlənilən təhlükədən xilas edilməlidir. Bağçaların özəlləşdirilməsi məsələsinə o vaxt baxıla bilər ki, uşaqların cəlbolunma göstəricisı 50 faizdən yuxarı olsun”.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın