Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Gündəm / Üçtərəfli zirvə görüşləri dördtərəfli formata çevrilə, regiondakı münaqişələrin həllinə səbəb ola bilərmi?

Üçtərəfli zirvə görüşləri dördtərəfli formata çevrilə, regiondakı münaqişələrin həllinə səbəb ola bilərmi?

“İran, Rusiya, Azərbaycan üçtərəfli əməkdaşlığı regionda təhlükəsizliyin, sabitliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Bu əməkdaşlıq əyani şəkildə göstərir ki, qonşular arasında münasibətlər necə qurulmalıdır. Biz dostluq və mehriban qonşuluq nümunəsi göstəririk”.

Bu cümlələr dünən Tehranda keçirilən Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə ölkəmizin rəhbəri İlham Əliyevin çıxışından götürülüb. Bu üç cümlədə dərin məna yükü, bütün dünyaya bir mesaj var. Prezident İlham Əliyev bununla Azərbaycanın qonşuları ilə heç bir probleminin olmadığını, sülhsevər, mehriban qonşuluq siyasəti yürütdüyünü, bu siyasətin verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb. Deməli, bütün dünya ölkələri, xüsusilə Ermənistanın havadarları bu ölkənin belə platformalara qoşula bilməməsinin səbəbini onun qonşuluq siyasətindəki problemlərdə və yalnışlıqda axtarmalıdır. Sonra mətbuat konfransındakı bəyanatı zamanı “Üçtərəfli əməkdaşlıq formatına gəldikdə, bildiyiniz kimi, birinci Zirvə görüşü ötən ilin avqust ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilmişdir” deyən dövlətimizin başçısı bu formatın yaradılmasının təşəbbüskarının Azərbaycan olduğuna işarə edərək ölkəmizin mehriban qonşuluq siyasəti barədəki fikirlərini daha da möhkəmləndirib. Xatırladaq ki, ötən ilin avqust ayında Bakıda keçirilən birinci zirvə görüşündə həm İran Prezidenti Həsən Ruhani, həm də Rusiya dövlətinin başçısı Vladimir Putin üçtərəfli görüşün təşkil edilməsi təşəbbüsünə görə ölkəmizin rəhbəri İlham Əliyevə təşəkkürlərini bildirmişdilər.

Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan Azərbaycan-İran-Rusiya üçbucağı bölgədə uzun illər davam edən problemlərin həllinə öz təsirini göstərəcəkdir. Tehranda keçirilən zirvə görüşünün nəticələri də belə deməyə əsas verir. Görüşün sonunda prezidentlərin imzaladıqları birgə bəyyanamə yeni hədəflər müəyyənləşdirib. Dövlət başçılarının mətbuat üçün bəyanatlarında səsləndirdikləri fikirlər belə qənaət yaradır ki, yaxın gələcəkdə hər üç ölkənin xalqları bu formatın bəhrəsini görəcəkdir.

Həmin çıxışlarda ilk zirvə görüşündən ötən bir il ərzində görülən işlər barədə də ətraflı məlumatlar vardır. Əgər bir il ərzində bu qədər iş görülübsə, deməli, bu üç ölkə yaxın zamanlarda bütün hədəflərə çatacaqdır. Prezident İlham Əliyevin çıxışından öyrənir ki, bizim Rusiya ilə ticarət dövriyyəmiz 60 faizdən, İranla isə 30 faizdən çox artıb. Keçən Zirvə görüşündən ötən dövrdə Azərbaycan öz dəmir yolu infrastrukturunu təkmilləşdirib və İran sərhədinə qədər qalan hissəni inşa edib. Həmçinin Astaraçay üzərində körpü də tikilib və birinci qatar Azərbaycan-İran sərhədini bu ilin mart ayında keçib. Hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır. Eyni zamanda, İran ilə Azərbaycan arasında Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı razılaşmalar əldə edilib, sənəd paraflanıb və indi daxili prosedurlar təşkil ediləndən, o prosedurlardan keçəndən sonra bu məsələ də öz həllini tapacaqdır. Azərbaycan həm İranla, həm Rusiya ilə elektrik xətlərini birləşdirib. Bu da regional əməkdaşlıq üçün çox gözəl zəmin yaradır. Bir sözlə, bir il ərzində bir çox məsələlər öz həllini tapıb.

Rusiya Prezidenti Vladimir Putin çıxışında daha çox “Şimal-Cənub” nəqliyyat dəhlizinə diqqəti cəlb edərək ötən il Hindistandan İran vasitəsilə Rusiyaya və digər ölkələrə yüklərin göndərildiyini bildirib.

“Rusiya, İran və Azərbaycan iri karbohidrogen istehsalçılarıdır. Amma bu, o demək deyil ki, biz rəqabət aparmalıyıq. Bu, o deməkdir ki, biz öz səylərimizi əlaqələndirməliyik. Yeri gəlmişkən, OPEK çərçivəsində əlaqələndirmə artıq öz müsbət nəticələrini verib”- deyən Putin birgə əməkdaşlıq sayəsində neftin qiymətlərində stabillik yaratmağın mümkünlüyünə işarə edib.

İran Prezidentinin çıxışında səsləndirilən fikirlər bu ölkənin nəyə nail olmağa çalışdığına, üçtərəfli formatın sonra nələrə gətirib çıxaracağına qismən də olsa aydınlıq gətirib. Həsən Ruhani deyib ki, müzakirə etdiyimiz birinci məsələ Asiya regionu ilə Avropa regionu arasında tranzitin yaradılmasıdır. Əslində bu iki qitəni “Şimal-Cənub” nəqliyyat dəhlizi birləşdirəcək. Biz qərar qəbul etmişik ki, Bəndər-Abbas limanı Helsinkiyə birləşsin və Asiyanı Avropaya birləşdirək.

İran Prezidentinin bu sözləri isə olduqca maraqlı və əhəmiyyətli məqamlardan xəbər verir: “Qərar qəbul etmişik ki, iqtisadi sahədə üç ölkənin əlaqələrini daha da gücləndirək. Biz bu sahədə çox önəmli bir addım atmışıq. Avrasiya İttifaqına birləşmək üçün biz mühüm bir addım atmışıq. Bu, İran ilə Avrasiya İttifaqı arasında əlaqələrin genişləndirilməsi üçün çox mühüm bir addımdır”. Həsən Ruhani biz deyəndə kimi nəzərdə tutur? Bu üç ölkəni, yoxsa təkcə İranı? Əgər bu fikirlər üç ölkəyə aiddirsə, o zaman Azərbaycan Avrasiya İttifaqına necə qoşulacaq? Axı orda Ermənistan da var. Bu ittifaqın təşəbbüskarı Rusiyada, ona qoşulmaqda maraqlı olan İranda da bilirlər ki, Azərbaycansız Avrasiya İttifaqının perspektivi yoxdur. Ona görə də Azərbaycanı bu ittifaqa cəlb etmək üçün nə lazımdırsa, edəcəklər. Hesab edirik ki, Ermənistanın nəfəsi olan Rusiya və İran yaxın zamanlarda bu ölkəni işğalçılıq siyasətindən çəkindirmək üçün lazımi addımlar atacaqdır.

Son dövrlər biz Rusiya-Türkiyə-İran üçbucağının da aktuallaşdığının şahidiyik. Bu iki üçbucağın gələcəkdə Azərbaycan-Türkiyə-Rusiya-İran dördbucağına çevriləcəyi gözləniləndir. Fikrimizcə, dünən keçirilən zirvə görüşü yaxın gələcəkdə dördtərəfli formatda təşkil olunacaqdır. Bu isə bütün layihələrdən kənarda qalan Ermənistanın sonu deməkdir. Azərbaycan və Türkiyə kimi güclü ölkələrlə müttəfiq olmaq üçün Rusiya və İranın Ermənistandan imtina edəcəyi də istisna olunmur. Tehranda keçirilən zirvə görüşündən cəmi iki gün öncə Türkiyə Prezidentinin Azərbaycana səfər etməsi bu fikirlərin həqiqətəuyğun olduğuna bir işarə deyilmi?

Tehranda keçirilən zirvə görüşündə üç ölkənin bir-biri ilə ikitərəfli və üçtərəfli ticari mübadilələrdə özlərinin milli valyutalarından istifadə imkanları da müzakirə edilib. Əgər bu baş verərsə, Qərbin yaratdığı “tarazlıq” pozulacaq, bu ölkələrin inkişafını əngəlləyəcək bəzi maneələr aradan qaldırılacaqdır.

Bir sözlə, Tehranda keçirilən zirvə görüşü olduqca əhəmiyyətli məsələlərin, bir sıra problemlərin həllinin, qarşılıqlı əlaqələrin genişləndirilməsinin, regional təhlükəsizliyin təmin edilməsinin müzakirəsi baxımından yaddaqalan olub.

Tural Səfərov

Həmçinin oxuyun

Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu …