Şənbə , Avqust 24 2019
Ana səhifə / Gündəm / Türkiyədən göndərilən dosyada Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı NƏ VAR? – ŞOK İDDİA

Türkiyədən göndərilən dosyada Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı NƏ VAR? – ŞOK İDDİA

Dünən DİA.AZ olaraq Türkiyə KİV-lərinə istinadən xəbər vermişdik ki, qardaş ölkədə çevrilişə cəhd edən Fətullah Gülən tərəfdarları ilə bağlı konkret faktlardan və adlardan ibarət sənədlər paketi Azərbaycana göndərilib. Həmin sənədlərdə göstərilirdi ki, FETÖ terror təşkilatı üzvləri TANAP kimi mühüm enerji layihəsini necə hədəfə alıblar. Həmin materialın isə Türkiyənin xüsusi xidmət orqanları (MİT) tərəfindən hazırlandığı deyilir.

DİA.AZ mənbəyə istinadən bildirirdi ki, artıq Bakıya – Azərbaycanın Baş Prokurorluğuna ölkəmizdəki FETÖ tərəfdarlarının adlarının da əks olunduğu sənədlər göndərilib. Həmin sənədlərə görə, FETÖ-nun başlıca hədəflərindən biri məhz Azərbaycan olub.

Sənədləri hazırlaya MİT-in AZƏRBAYCAN RAPORUnda qeyd olunur ki, sözügedən terror təşkilatı üzvləri Azərbaycanda yetərincə şaxələnə biliblər.

Raporda FETÖ-nun Azərbaycan üzərindən Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsi – TANAP-ın necə hədəfə alındığı detallı qeyd olunurdu.

Həmçinin vurğulanırdı ki, FETÖ-çular Azərbaycanda təhsil quruluşu adı altında 28 TƏŞKİLATA sahibdirlər.

Dia.az bildirir ki, bu faktlara rəsmi Bakının yaxın vaxtlarda reaksiya verəcəyi heç şübhəsizdir.

Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanları FETÖ ilə bağlı başladılan istintaq çərçivəsində AXCP sədrinin köməkçisi Faiq Əmirli də daxil olmaqla Əli Kərimlinin bir neçə tərəfdaşını Fətullah Gülən tərəfdarı kimi həbs edib. İstintaqın açıqladığına görə Faiq Əmirli Fətullah Gülənin “Azərbaycan imamı” kimi fəaliyyət göstərib. Azərbaycan tərəfi Türkiyə tərəfindən istintaqa yardım göstərilməsini xahiş edib və bu məqsədlə daxili işlər naziri Ramil Usubov Türkiyədə səfərdə olub.

Bu gün isə DİA.AZ-a maraqlı bir informasiya daxil olub. Xəbərdə deyilir ki, Azərbaycanda Pensilvaniyadan gələn əmrlərlə oturub duran dövlət qurumlarından biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-dir. Daha doğrusu QSC-nin baş direktoru Taleh Ziyadov və baş direktorun müşaviri İlham Mehrəliyev Gülən şəbəkəsinin gizli nümayndələri olaraq Pensilvaniyadan gələn təlimatlara əsasən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını idarə edirlər. Pensilvaniyadan gələn tapşırıqlarla hərəkət edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov Güləndən aldığı məxfi direktivə əsasən bir il müddətində ölkədə fəaliyyət göstərən bütün limanları öz monopoliyası altına almaq üçün çalışıb.

İlham Mehrəliyevə gəlincə isə, bu şəxs əvvəllər Gülən camaatına aidiyyatı ilə tanınan “Modern Qrup”un rəhbəri olub. Sonradan öncə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun, daha sonra SOCAR prezidentinin köməkçisi olub. Təqribən bir il əvvəl isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktorunun müşaviri vəzifəsinə təyinat alıb. İlham Mehrəliyev barədə Gülənçilərə qarşı uzun illər boyu mübarizə aparan və Gülən şəbəkəsi barədə azərbaycan və türk dillərində iki kitab nəşr etdirən “Yenisag.az” saytının baş redaktoru Aqil Ələsgər Gülən şəbəkəsi haqqında yazdığı “FETÖ-nün Azərbaycandakı məmur “nüfuz agentləri” – Adlar – Ceyhun Osmanlı “Samanyolu”na 800 dolları niyə bağışladı? – III Yazı” adlı son məqaləsində göstərir ki, İlham Mehrəliyev Fətulla Gülənin azərbaycanlılardan ibarət “Beyin mərkəzi”nin imamlarından biridir. Sitat: “İlham Mehrəliyevi tanıyırsınızmı? Modern Qrupun rəhbəri idi. Sonra öncə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun, daha sonra SOCAR prezidentinin köməkçisi oldu. Hazırda isə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında müşavirdir. Bir-iki ilin içərisində bu qədər sürətli vəzifə dəyişiminin səbəbi nədir? Bu şəxsi niyə birdəfəlik uzaqlaşdıra bilmirlər? Azərbaycanlılardan ibarət “Beyin mərkəzi”nin imamı olduğuna görə, ola bilərmi?”.

Bir il əvvəl Taleh Ziyadova və İlham Mehrəliyevə Pensilvaniyadan gələn təlimat Azərbaycanda və həmçinin İran istisna olmaqla mümkün olduqca Xəzər dənizinin limanlarını nəzərətə götürmək olub. İlk olaraq isə Taleh Ziyadov Azərbaycanda fəaliyyət göstərən irili-xırdalı bütün limanları öz nəzarətinə götürmək üçün mübarizəyə başlayıb. Lakin onun bu istəyi tam olaraq reallaşmayıb. Çünki Taleh Ziyadovun bu hədəfi bəzi məmurların maraqlarını təmin etməyib. Nəqliyyat naziri Ziya Məmmədov kimi, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev kimi güclü fiqurlarla üz-üzə gələn Taleh Ziyadov geri addım atmağa məcbur olub. Buna baxmayraq Taleh Ziyadov və İlham Mehrəliyev bu gündə limanlara nəzarəti ələ keçirmək üçün mübarizə aparmaqda davam edirlər.

Uzun illər boyu Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-də çalışdığını bildirən mənbə qeyd edir ki, Taleh Ziyadov və İlham Mehrəliyev cütlüyü QSC-yə rəhbər gətirildikdən sonra limanda uzun illər boyunca çalışan peşəkar işçiləri gözümçıxdıya salınıb, peşəkar işçilərin böyük qismi əsaslı səbəb olmadan işdən qovulub. Onların yerinə isə əsasən Gülən şəbəkəsi ilə bağları olan təcrübəsiz gənclər işə qəbul olunub. Qeyd edək ki, hələ bu ilin əvvəlində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin bir qrupp işçisi Taleh Ziyadovun özbaşınalıqları ilə bağlı ölkə prezidentinə müraciət imzalamışdılar. Həmin müraciət mətbuatda da dərc olunmuşdu.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Türkiyədən gələn FETÖ DOSYASInda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC ilə bağlı ciddi ittihamların yer aldığı faktlar var ki, buna da rəsmi Bakının reaksiya verəcəyi heç şübhəsizdir…

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Sabir Nağıyevə general-leytenant rütbəsi verildi – Sərəncam

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.  “Qafqazinfo” xəbər …

Bir cavab yazın