Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Təhlükəli 3655 – təhsildən yayınların müdhiş statistikası

Təhlükəli 3655 – təhsildən yayınların müdhiş statistikası

Sabirabadın Şəhriyar kəndində adı Siyasət olan 14 yaşlı yeniyetmənin təhsil siyasəti – “Oxumağa həvəsim də yoxdur, vaxtım da”

Saymağı ona görə öryənirik ki, bizə həmişə lazım olacaq. Əvvəlcə uğurlarımızı, bizi sevən, bizim sevdiyimiz insanları, əşyaları, yaxşıları və yaxşılıqları sayırıq. Sonra bir də düşünürsən ki, bütün sadaladığın yaxşı göstəricilərin bir də mənfi tərəfi var. Məsələn, həyatın uğursuzluqları, ədalətsizlikləri kimi. 
Qaldı “Təhlükəli 3655”-ə…Bakı və Naxçıvan Muxtar Respublikası istisna olmaqla ölkə üzrə ümumilikdə nə qədər məktəb yaşlı uşaq və yeniyetmənin təhsildən yayındığına dair statistik göstəricidir. Əldə etdiyimiz məlumatlarda da təsdiqini tapan bu göstərici ölkə üçün az sayıla bilməz. Üstəlik, nəzərə alınsa ki, Bakı və Naxçıvan MR-ə dair göstəricilər hələ əlavə olunmayıb (Bakı və Naxçıvan MR mövzusuna ayrıca toxunulacaq-red) vəziyyətin daha kritik olmasının geniş şərhə ehtiyacı qalmaz. Xeyli sual da yaranır.  Təhsildən yayınan uşaqların sayına görə lider rayonlar hansılardır? Yayınmaların səbəbi nədir? Hansı tədbirlər görülür? Xüsusilə qız uşaqlarına dair göstəricilər necədir?
İlk onluq…
Təhsildən yayınan 3655 şagirdə görə lider rayonlar sırasında  ilk yerdə Sabirabaddır. Ağcəbədi, Şəki, Şamaxı, Cəlilabad, Masallı, Xaçmaz, Tovuz, Cəbrayıl və Kəlbəcər (Cəbrayıl və Kəlbəcərə görə adam bir az utanır da düzü – özü olmayan, adı qalan rayonların, uşaqlarını da sahiblənə bilmirik-müəllif) sonrakı yerlərdədirlər.  Qeyd edək ki, digər rayonlarda statistik göstərici adı gedənlərdən xeyli aşağı olsa da bu onları məsuliyyətdən kənarda qoymur. Yəni məsuliyyət hər kəsin, hamımızın üzərindədir və hamı da cavabdehdir.
Məktəbdən  yayınmanın rəsmi səbəbləri… 
– çətin tərbiyə olunma; 
 
– xarici ölkələrə getmə;
 
– səbəbsiz olaraq uzun müddət dərsə gəlməmə;
 
– maddi durumun pisliyi;
 
-şagirdin məktəbdə özünü qeyri-etik aparması;
 
– daxili intizam qaydalarını pozduğuna görə pedaqoji şuranın qərarı ilə xaric olunma;
 
-problemli ailələrin övladı olma;
 
-Erkən nikaha cəlb olunma; 
 
-Xəstəliklərdən əziyyət çəkmə halları;
 
-Məcburi əməyə cəlb olunma;
 
-Yaşadıqları ərazidə tam orta məktəbin olmaması;
– Nikahsız ailədə doğulan uşaq olma;
Bu səbəblər rayon təhsil şöbələrinin məktəbdən yayınmaların səbəbinə aydınlıq gətirmək üçün hesabat olaraq dövlət qurumlarına göndərdikləri rəsmi sənədlərdə əksini tapır.
Kİm nədə “öndədir”?
Artıq qeyd etdiyimiz kimi, məktəbdən yayınmalara dair ümumi statistikada məsuliyyət əsasən on rayonun üzərinə düşür.
Cəlilabadda uşaqların daha çox xəstəlik səbəbindən təhsildən yayındığı vurğulanır. Valideyninin istəməməsi, erkən nikaha cəlb olunmaya görə təhsildən yayınmalara liderliyi Sabirabad edir. Şəkidə uşaqların təhsildən yayınmasının ən əsas səbəbi məcburi əməyə cəlb olunmaların sayının çoxluğu ilə izah olunur. Yaşadıqları ərazidə tam orta məktəbin olmaması səbəbindən daha çox Qusarda məktəblilər təhsildən yayınır. Ağcəbədidə miqrasiya və erkən nikahlar(DİQQƏT: Bu rayonda həm də maraqlı olanı bu ki, təkcə qız uşaqlarının yox, həm də oğlanların erkən nikaha cəlb olunması məsələsi aktual problemdir-red), Şamaxıda isə mövsümi xarakterli işlərə görə təhsildən yayınma halları baş verir.
Daha yüksək göstərici Sabirabadda olduğuna görə gedib bir də özümüz görək dedik.
VACİB QEYD: İlk onluğun lideri olduğu üçün yolumuz Sabirabada olsa da, deyək ki, bu məsələdə bütün ölkə Sabirabaddır.  Yəni  yol boyu Qobustan, Qaradağ, Salyan, Şirvan, Hacıqabul rayonlarından keçəndə də müşahidələr bunu göstərdi. Yolboyu əlində siqaret, dənələnmiş nar, göbələk satan, hisli qazanlarda qarğıdalı pörtən, balıq, dovşan, çöl quşlarını yellədib müştəri gözləyən təkcə atalar, əmilər, dayılar, yəni yetişkin insanlar deyil, həm də üst-başı çirkli, ən pisi isə uşağlığını ahıl kişi kimi yaşayan, əliqabarlı məktəb yaşlı uşaqlar idi. Hə, bu arada “ailə ehtiyaclarına dəstək olmaq üçündür, nəyi pisdir ki” deyənlər də ola bilər. Doğrudur, utancverici nəsə yoxdur. O da sirr deyil ki, hamımızın olmasa da bir çoxumuzun həyatının lap orta məktəbdə oxuya-oxuya ailəsinə maddi dəstək olmaq üçün çalışdığı günlər də olub. Bizə bunu məcbur etməyiblər. Uşaq vaxtı mal-qara otaranda dərs oxuyan, toyuq-cücə saxlayan, qonşuya ev işlərində qazanc qarşılığında köməklik edən xeyli yaşıdım, tanışım var. Demək istədiyim odur ki, həmin işi dərsdən yayınıb, qaçmaq bahasına eləmək olmaz. Buna valideynin göz yumması təkcə məsuliyyətsizlik deyil, həm də laqeyidlikdir. Buna məmurun göz yumması təkcə ehtinasızlıq deyil, həm də dövlətin kökünə, gələcəyinə bu gündən balta çalmaqdır. Bu sahədə vəziyyətin əla olduğunu lap yuxarılara hesabatla vermək isə ədalətsizliklə yanaşı, həm də cinayətdir. Bu, qəti qadağandır! Ayrıca bütün problemlərin üstünü ört-basdır eləməklə iş getmir.  O uşaqların üst-başındakı çirki, bulaşığı, bu gün korladığımız gələcəklərini nə qədər gizlədək ki?..
***
Siyasət bala…
Düşüncədən sürücünün səsi ayırdı. “Sabirabada yaxınlaşırıq” dedi. Qəfildən ”SAXLA!”göstərişi isə onu diksindirdi. Düzü, o an önəmlisi onun diksinməsi deyildi, önəmli olan bir azyaşlının dərs saatında yol kənarında qoyun-quzu otarmasını görməyim, ona çatıb söhbət eləmək istəyim idi. Çiynində yemək torbası, əlində çomağı, toz-torpaqlı, çirkli dırnaqları, bulaşıq üst-başı, yorğun gözləri olsa da bu kişi-uşaq çağırışıma səs verib dayandı…
-Adın nədir?
-Siyasət
 
-Neçə yaşın var?
-On dörd.
 
-Bura hansı kənddir?
-Şəhriyar.
 
-Əslən Sabirabadlısınız?
-Hə.
 
– Heyvanlar kimindir?
-Özümün.
-Səxsən sənin?
-Şəxsən deyəndə balacalıxdan özüm saxlamışam daa…
-Dərs saatıdır, nə əcəb məktəbdə deyilsən?
-Həvəsim yoxdu…Həvəsim yoxdu dəəndə, vaxtım da yoxdu eyy məktəbə gedim.
-Necə yəni vaxtın yoxdur?
-Necə necə? Vaxt olmur də. Hərdən-birdən gedirəm e, vaxtım olanda, (bir az düşünür-red).
Yox ,ey belə vaxtım olmur, yoxdu, yoxdu vaxt!
 
-Axı dərsə vaxtın olandan-olana getməzlər…
-Saa düzün deyim, həvəsim də yoxdu eyy, issəmirəm gedim, ürəyim issəmir…
 
-Bu mal-heyvan daha maraqlıdır?
-Hə, bə nə…Nə varsa, munda var elə…
-Bəlkə yaxşı dərs keçmirlər məktəbdə, müəllimlər incidir?
-Yox ee, yox, issəmirəm deyə getmirəm, mal-qara bəsimdi…
 
-Bəs yazıb oxumaq?
-Bilirəm….bəsimdi bildiyim…
O yan bu yanına keçib nəsə öyrənməyə çalışan məqamlarda sürücü Siyasət bala ilə bir-iki şəkilimizi çəkə bildi. Amma Siyasət bala dedi ki, üzünü göstərməyim, incidilmək istəmir…
***
Mənzil başındayıq. Sabirabadda. İlk görüşümüz Rayon Təhsil Şöbəsinin müdiri Pəhləvan Qarayevlə oldu.
Problem var,  düzəltməyə çalışırıq…
“Problemləri inkar eləmirik. Mən bu ilin sentyabrından çalışıram Təhsil Şöbəsinin rəhbəri kimi. Həmin müddətdən bu yana əsas işlərimizdən biri təhsildən yayınan uşaqların məktəbə cəlb olunması istiqamətində iş aparmaqdır. Nə lazımdırsa edib həmin uşaqların hamısını məktəbə cəlb etmək lazımdır. Deyim ki, bəzi hallarda bu tək məktəbin işi olmur. Yəni məktəb, Rayon Təhsil Şöbəsi tək bu işin öhdəsindən gələ bilmir. Bəzən bu işə rayon polis şöbəsinin uşaq inspektorları da qoşulmalı olur. Məsələn, məktəbin iradəsindən asılı olmayaraq erkən nikah faktoru aşkarlanan kimi polisə məlumat veririk”.
Din faktoru…
Pəhləvan Qarayev baş verənlərdə din faktoruna da diqqət çəkir. “Bəzən  elə hallar olur ki, dövlət qurumlarının vəziyyətdən xəbəri olmasın deyə valideynlər xüsusən qız uşaqlarının yalnız dini kəbinlə erkən nikaha cəlb edir. Məktəb və rayon təhsil şöbəsi dərhal məlumatı rəsmiləşdirib yerili hüquq-mühafizə orqanlarına müraciət edir”.
Yeri gəlmişkən…
Qeyd edək ki, bu kimi halların qarşısını almaq üçün Qafqaz Müsəlmanları İdarəsi ötən il yerli nümayəndələrinə ciddi xəbərdarlığı olub. Bildirilib ki, rəsmi dövlət nikahı olmadan dini kəbin üçün müraciətlər birmənalı qəbul edilməsin.
İnsan faktoru…
Adətən belə deyirlər. O cəmiyyətlərdə problemlər həllini tapmır ki, orda məmur özbaşınalığına vətəndaş etirazı yoxdur və ya vətəndaş özü mövcud problemlərin çözülməsində maraqlı deyil. Bu da həm məmur arxayınçılığına və özbaşınalığına səbəb olur, həm də problemlərin sayını artırır, eyni zamanda sonradan həll edilməsi prossesini mürəkkəbləşdirir. Sabirabad Rayon Təhsil Şöbəsinin rəhbərliyi də bildirir ki, dini nikahlarla bağlı ciddi xəbərdarlığa, göstərişə baxmayaraq, qeyd olunan məsələ, yəni dini kəbinlərin kəsilməsi tamamilə dayandırılmayıb. “Bu bir qədər də insanların şəxsi iradəsindən asılı məsələdir. Yəni dövlət bu halların sayını azaltmağa çalışır, amma vətəndaş dövlətə yardımçı olmaq istəmir. Bu çətinliklərə baxmayaraq, sentyabr ayından bu yana biz 40-a qədər ailə ilə danışıqlar aparıb uşaqları məktəbə cəlb etmişik.  20-ə yaxın ailə uşaqlarını məktəbə yollamamalarının səbəbini maddi çətinliklərlə izah edib. Müəyyən qədər təmin edib onların da problemini çözməyə çalışdıq. Bundan başqa, iyirmi imkansız ailənin uşağına da Heydər Əliyev Fondunun xətti ilə dərs ili üçün lazım olan bütün məktəbli ləvazimatı və geyimləri alındı. Ancaq yenə də deyə bilmərik ki, problem tam həllini tapıb”.
***
Təhsilin din bəlası…
Sabirabaddakı 6 saylı məktəbin direktorur, Mircamal Həşimov növbəti həmsöhbətimiz olur.
-Təhsildən yayınan uşaqlar bir neçə kateqoyiyaya bölünür. Var ümumiyyətlə məktəbə gəlməyənlər. Həm də müxtəlif yaş kateqoriyasında. Var uç sinif oxuyub sonra ailəsi məktəbə buraxmayanlar, var sadəcə heç bir əsas gətirilmədən, valideynin kefi belə istədiyi üçün təhsildən yayıdırılanlar, var ekrən nikaha cəlb olunduğu üçün təhsili yarımçıq olanlar. Hələ onu demirəm ki, birinci sinifə gələnlər var, valideynlərinin rəsmi nikahı olmadığı üçün sənədsizdir. Yəni vəziyyət çox qarışıqdır. Situasiyadan necə çıxırsınız? 
– Sonuncudan başlayaq. Yəni nikahsız evlilikdən doğulan uşaqların məktəbə cəlb olunması işindən. Birinci tələb valideynlərin nikaha girməsini tələb etmək, sonra uşağın sənədlərini hazırlayıb məktəbə verməkdir. Bu işin xeylisi demək olar ki, həll olunub.  Belə situasiyanın yaranması və qız uşaqlarının daha çox təhsildən yayınması hallarına gəlincə, bununla bağlı demək istədiyim budur ki, problemin bir xeyli hissəsi din faktoruna görədir. İndi bu məsələlərdə bizə rayon polis şöbəsinin uşaq işləri üzrə inspektoru da xeyli köməklik edir. Məsələn, valideynlə danışıq aparılılması işini məktəb və inspektor,  təhsil şöbəsinin rəhbərliyi birgə aparır. Ümumilikdə götürülsə adına səbəb dediyimiz bir çox şey  bəhanədir. Çünki bu məsələdə insanların fərdi istəkləri də önəmlidir.  Bilirsinizmi, insanlara sərfəli olanı belədir. Ona görə hər  şeyi aparıb müxtəlif faktorlara, daha çox din faktoruna bağlayırlar.
 
-On yaşı olub, ümumiyyətlə məktəbə getməyən uşağın məktəbə gətirilməsinə nail olduqdan sonra o uşağın aqibəti necə olur? Yəni təhsil ala bilməyən uşaq fiziki inkişaf edir axı və fiziki göstəricisi olan, amma bir hərf tanımayan uşaqla fərdi məşğul olmaq imkanı varmı ki, o yaşının uyğun olduğu sinfin həddinə gəlsin?
– Bu il bizdə belə bir hadisə baş verdi. Atası qız uşağı olduğuna görə övladını məktəbə qoymamışdı. Uşağın artıq on yaşı var idi, anası ərindən ayrıldı və qızını özü ilə götürdü. Ondan sonra uşağın dayısı bizə müraciət etdi ki, bacısı qızının təhsil almasını istəyir. Biz baxdıq ki, uşağın yaşı on olsa da fiziki göstəriciləri yaşına görə deyil. O üzdən qərara aldıq ki, birincilərlə başlasın dərsə. İndi davam edir və heç bir problem də yoxdur.
İxtisaslı psixoloq az maaşla işləmir…
– Bəs psixoloji dəstək necə? Belə uşaqlara məktəbdə psixoloji dəstək verilirmi? 
-Məktəblərdə psixoloqlar var. Bu işdə ciddi ixtisaslı kadrın olması çox vacibdir. Hələlik bizim məktəbin bu ştatı boşdur. Amma biz “ASAN”xidmətin azyaşlılara psixoloji yardım xidmətindən istifadə edib həmin uşaqlara lazımı psixoloji yardımı almağa çalışırıq.
 
-Bəs sizin rayonun şərtlərində, məktəbin ən vacib kadrlarından biri psixoloq olduğu halda ştatınız niyə boşdur?
– İxtisası və təcrübəsi olan psixoloq orda alacağı maaşla qane olmur. O üzdən ştat boşdur. Biz də başqa imkanlarla o boşluğu doldurmağa çalışırıq.
 
-Bəs məsələn, üçüncü sinfə qədər oxuyan, sonra müxtəlif səbəbdən təhsildən uşaq qalan uşaq təkrar cəlb ediləndə nə edirsiniz? 
-Belə hallarımız da olub. Biz o şagirdlər üçün fərdi müəllimlər ayırırıq. Müəllimlərimiz arada qalan intervaldakı dərs fərqini ödəməsi üçün həmin uşaqlara yardımçı olur. Onlarla fərdi məşğul oluruq. Məsələn, üç sinifdən sonra arada iki il buraxılıbsa, uşaq beşinci sinif həddinə gətirilərək sonradan özü davam edir.  Bu sahədə həm valideynlərin, həm də ayrı-ayrı mütəxəssislərin özlərinin də maarifləndirilməsi işinin təşkilinə ehtiyac var.
On uşağı məktəbə qaytara bilmişik
Maraqlı gəldi və soruşduq, konkret olaraq 6 saylı məktəb üzrə təhsildən yayınan neçə uşaqla bağlı problem həllini tapıb.
-10-a qədər şagirdin problemini həll etmişik. Bura maddi, mənəvi və psixoloji dəstək də daxildir. Eyni zamanda həmin uşaqların təhsilinə, dərs davamiyyətinə daima, həm də özlərinin diqqətini çəkmədən nəzarət edirik. Hələlik sözügedən on nəfərin dərs davamiyyətində narahatlığa səbəb olacaq nəsə yoxdur.
Gerçəkdən imkanları yox idi…
Mircamal Həşimov deyir ki, bir müddət belə bir hadisə ilə rastlaşıblar: “Ailədə üç övlad var idi. Biri azyaşlı, ikisi məktəb yaşında idi uşaqların. Valideynlər ayrılmışdı. Uşaqlar gerçəkdən maddi sıxıntılara görə məktəbə gələ bilmirdilər. Bu sadəcə bəhanə deyildi. Onlarla danışıqlar zamanı görürdün ki, gerçəkdən imkanları yoxdur. Hətta yaşadıqları ev belə normal deyildi. Biz müəyyən dəstək verib o qadının iki övladını məktəbə cəlb edə bildik. Davamiyyətləri də indilik normaldır.
Bəzən səmimi olmurlar…
Bəzən də sui-istifadələr olur. Hər halda Mircamal müəllim belə deyir: “Ailə olur ki, uşağı məktəbə göndərmir. Niyəsini soruşursan, hər şeyi maddi duruma bağlayır. Amma vəziyyətə baxırsan, hər şeyi görürsən və səmimiyyətinə inanmaq olmur. O üzdən səbəbi olanlarla da, olmayanlarla da gücümüzün yetdiyi yerəcən iş aparırıq. Mümkün olmayanda işi hüquqi müstəviyə keçiririk”.
QEYD: Düzdür, biz çoxlu sayda suallara cavab tapmaq üçün 3655 uşağın xeylisinin yaşadığı rayona, Sabirabada getdik. Bütün sualları məktəb direktoru və təhsil şöbəsinin müdirinə ünvanladıq. Amma onlar yeganə cavabdeh adam deyillər. Məsələn, Sabirabad Rayon Polis Şöbəsində bu məsələ ilə bağlı uşaq işlərinə üzrə inspektorluğun açıqlamasını əldə etmək maraqlı və vacib idi. Mümkün olmadı. Bəs rayon icra hakimiyyəti? Tələsməyin, gəlin əvvəlcə bu məsələdə onların qanuni məsuliyyəti nədir, onu bilək…
Qanunvericilikdə…
“Yerli İcra hakimiyyətləri haqqında əsasnamə”də bildirilir ki,  yerli icra strukturları  “müvafiq ərazidə şəxslərin təhsil almaq hüquqlarının həyata keçirilməsini təmin edir, məktəbəqədər (həmçinin uşaq evlərində), ümumi, məktəbdənkənar, ilk peşə-ixtisas, orta ixtisas və əlavə təhsilin inkişafı üçün şərait yaradır, icbari ümumi orta təhsilin təşkilini təmin edir.
Eyni sənədin 4.12.1-də qeyd edilir ki, “müvafiq ərazidə uşaqların təhsilə cəlb edilməsi haqqında məlumatların toplanması və təhlili işini təşkil etmək, təhsildən kənarda qalanların təhsilə cəlb edilməsi üçün tədbirlər həyata keçirmək” də məhz yerli icra orqanının  cavabdeh olduğu işlərdən biridir. Bir vacib məqam var. Sadalanan işlər həm də ictimai əsaslarla həyata keçirilir. Daha sadə dillə desək çətin, məsuliyyətli, yorucu, faydalı amma maddi qazancı olmayan işdir…
Bunu səbəb kimi vurğulamadıq. Sadəcə, sualalrımızı cavablandırmaqdan yayınan Sabirabad rayin İcra Hakimiyyətinin humanitar şöbəsinin rəhbədliyinə vəzifələrindən birini də xatırlatmaqda fayda olduğunu düşündük.
Psixoloq rəyi və ya SOS…
Gəlib çıxdıq işin o məqamına ki, bizə qazanc gətirməyən, amma gələcəyimizi müəyyən edən işin, təhsildənyayınmaların uşaq, cəmiyyət və ölkə üçün ziyanlı olub-olmayacağı haqda mütəxəssis fikrinə. Bu gün ölkədə 3655 uşaq və yeniyetmə təhsildən kənarda qalıb. Onlarla bağlı ciddi və sistemli iş görülmür. Onlar normal uşaqlarla ünsiyyətə girə, yaşıdları ilə oynaya bilmir. Elementar oxuma-yazma bacarığından ya məhrumdur, ya da bu bacarıqları məhduddur. Həmin uşaqlar gələcəkdə kim olur, onların psixoloji durumunda nələr baş verir?
Psixoloq Elnur Rüstəmov deyir ki:
-Təhsildən yayınanların əksəriyyəti konfliktli ailələrdən olur. Onların bir qismi də maddi ehtiyaca görə əziyyət çəkənlərin övladıdır. Belə uşaqlar əsasən diqqət və davranış pozuntulu olur. Böyüdükcə çevrədəki uşaqları da öz dünyalarına cəlb etmək üsütnlükləri olur. Çünki azyaşlılar daha çox əyləncə və oyunlara meyilli olurlar. Beləliklə normal ailələrin uşaqları da bəzi hallarda ailələrindən xəbərsiz dərslərdən yayınmağa və digər pis vərdişlərə meyilənməyə başlayırlar. Pis vərdişlərə meyillənən uşaqlar ucuz işçi qüvvəsinə çevrilir, bəzi hallarda hətta insan alveri qurbanı olurlar. Uşaqlarını ailənin guya ki, gəlir mənbəyinə çevirmək də, buna göz yumulması halına da yol vermək olmaz. Uşaqlar uşaq kimi böyüməyəndə təkcə ailələri üçün deyil,  cəmiyyət üçün də təhlükəyə çevrilirlər. Həm də həyatının müəyyən və ən ciddi məhrələsini  başa vura bilməyən natamam adamlar olurlar.
SON: Heç bir təsadüfə inanmıram, çünki bütün təsadüflərin sonradan zərurət olduğunu görürük. Bu yazı hazırlanana qədər neçə insanla ünsiyyət oldu, problemdən danışıldı, amma o sima heç unudulmadı. Sabirabadın Şəhriyar kəndinin balaca çobanı Siyasəti deyirəm. Bu təsadüfün zərurətini mən özüm üçün yozdum. Məncə, bu təsadüf, yəni o uşaq deyirdi ki, ay əmilər, dayılar, deputatlar, bir sözlə, hökumət adamları,  Sabirin adını daşıyan, abad sözünü özündə ehtiva eləyən rayonun, böyük Şəhriyarın adı verilən kəndində, adı Siyasət olan uşaq başda olmaqla ölkənin o biri kəndi, rayonu və şəhərlərindəki təhsildən kənar uşaqlarını  balıq, göbələk, nar, qarğıdalı satıcısı, çoban olmasının qarşısını alın…

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın