Şənbə , May 25 2019
Ana səhifə / Gündəm / Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyəti araşdırılmalıdır

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyəti araşdırılmalıdır

Rauf Nağıyev nədən qəzalı vəziyyətdə olan 7 saylı Təcili Tibbi Yardım Stansiyasının binasının təmiri ilə maraqlanmır?

Artıq çoxlarına bəllidir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev üzərinə düşən işi lazımınca icra edə bilmir. Belə ki, stansiyanın həkimlərinin xəstə canını təslim etdikdən sonra çağrılan yerə çatmaları məhz bunu deməyə əsas verir. Ölkənin təcili yardım sisteminin bərbad halda olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, Rauf Nağıyev son zamanlar daha yüksək vəzifəyə təyin almaqdan ötrü əlaqələrini işə salmağa başlayıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin Səhiyyə Nazirliyində mühüm posta yiyələnmək arzusunda olduğunu və bu istiqamətdə gərgin əmək sərf etdiyini deyən mənbənin sözlərinə görə, Rauf Nağıyev nə qədər çalışsa da, məqsədinə nail ola bilməyəcək: “Çünki bu gün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşınları çox vaxt çağırılan ünvanlara vaxtında çata bilmir. Yəni xidmətin adı təcili yardım olsa da, bəzən tibb işçiləri xəstə can verdikdən sonra deyilən ünvanlara çatırlar. Onda isə artıq gec olur. Misal kimi, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 314 ünvanında yerləşən 7 saylı Təcili Tibbi Yardım Stansiyasını göstərmək olar. Həm rayon camaatına, həm Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının rəhbərliyinə, həm də Səhiyyə Nazirliyinin yetkili şəxslərinə bəllidir ki, sözügedən stansiyanın binası qəzalı vəziyyətdədir. Lakin nədənsə indiyədək heç kim bununla maraqlanmayıb, 7 saylı Təcili Tibbi Yardım Stansiyasının binasının təmiri ilə bağlı hər hansı tədbir görməyib. Əgər müvafiq qurumlar vaxtında müdaxilə etməsələr, o zaman stansiyada ağır faciə baş verə, bina hər an uça bilər”.

7 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimlərinin xəstələrin yanına gecikdiyini iddia edən mənbə bunun səbəblərindən biri kimi ambulans sürücülərinin qeyri-peşəkarlığını və yanacaq məsələsində yol verilən nöqsanları göstərir: “Deyilənlərə görə, təcrübəsiz sürücülər gündəlik yanacaq qəbzləri ilə maşınlara yanacaq vurduran zaman bundan təyinatı üzrə istifadə etmirlər. Yanacağa “ekonomiya” edən sürücülər maşını xəstə olan ünvanlara vaxtında çatdıra bilmirlər. Lakin statistika göstərir ki, təcili tibbi yardım maşını məsafədən asılı olaraq xəstənin ünvanına ən tezi 3, ən geci 10 dəqiqəyə çatmalıdır. Təəssüf, 7 saylı Təcili Tibbi Yardım Stansiyasının işçiləri bəzən hətta 1 saata xəstənin yanına çatırlar. Gecikmələr nəticəsində isə səhhəti ağır olanlar həyatlarını itirirlər. Daha bir maraqlı fakt ondan ibarətdir ki, yolla gedərkən səhhəti qəfildən pisləşən və yerə yıxılan insanlara təcili yardım işçiləri köməklik göstərmirlər. Əgər kimsə küçədə huşunu itirib yıxılıbsa, onun özünü stansiyaya aparmaq gərəkdir. Lakin 7 saylı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları bu cür mənzərə ilə rastlaşdıqda özlərini görməzliyə vururlar…”

Əldə etdiyimiz bilgilərdə o da deyilir ki, 7 saylı Təcili Tibbi Yardım Stansiyasının rəhbərliyi Rauf Nağıyevin himayəsinə arxalandığı üçün stansiyanı sanki şəxsi müəssisəsi kimi idarə edir. Bununla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Xətai rayon sakinləri sözügedən tibb müəssisəsinin fəaliyyətindən ciddi şəkildə narazılıq edirlər: “Çünki stansiyanın həkimləri, eləcə də rəhbərliyi üzərinə düşən işi lazımi səviyyədə icra etmirlər. Bu isə rayon sakinlərinin etirazına səbəb olur. Onlar 7 saylı Təcili Tibbi Yardım Stansiyasının tibb personalının hippokrat andına əməl etmədiklərini bildirirlər. Görünür, stansiyanın əməkdaşları üçün insan səhhətindən daha önəmli məsələlər var. Əgər Səhiyyə Nazirliyi və digər müvafiq qurumlar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, eləcə də 7 saylı Təcili Tibbi Yardım Stansiyasının fəaliyyətini araşdırsalar, onda bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər…”

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

gundelikbaku.com

Həmçinin oxuyun

“Prostoy vətəndaş” Orduxana bu dəfəki sərt cavabı Şəhidlər Xiyabanından verdi-VİDEO

“Prostoy vətəndaş” ləqəbi ilə tanınan ictimai fəal, diaspor nümayəndəsi, xeyriyyəçi Akif Məmmədov öz “Feysbuk” səhifəsində …

Bir cavab yazın