Ana səhifə / Gündəm / Təcavüzkar Ermənistanın bizdən oğurladıqları…

Təcavüzkar Ermənistanın bizdən oğurladıqları…

Artıq bütün dünyaya səs salan yurdumun igid oğullarının yazdığı tarix hələ uzun müddət yaddaşlarda qalacaq. Bu həmin tarixdir ki, vaxtilə erməni dığalarının günahsız insanların qanı bahasına tarixdə görülməmiş vəhşiliklə əldə etdikləri Dağlıq Qarabağ torpaqlarının indi mərd, cəsur Azərbaycan əsgərləri tərəfindən təmizlənməsidir. Bəli gün bu gündür. Artıq işğalçı Ermənistanın sülh danışıqlarından hər dəfə bir bəhanə ilə yayınmasına, ATƏT-in 30 ildir ki, münaqişənin dinc yolla həllinin baxılmasına kifayət qədər göz yumduq.

Təcavüzkar Ermənistan 2016-cı ildə aprel döyüşlərində, 2020-ci ilin iyulun 12-də başlayan Tovuz döyüşlərində və ardınca həmin ilin 26 sentyabr tarixindən etibarən cəbhədə başlayan və hələ də davam edən gərgin döyüşlərdə Azərbaycan Respublikasının dinc əhalisini, mülki infrastruktur obyektlərini və eləcə də dövlət əhəmiyyətli müəssisələri hədəf alır. Erməni vandalizminin törətdiyi cinayətlər və soyqırım faciələri tək bununla bitmir, onlar hər dəfə Azərbaycan xalqına mənsub olan tarixi abidələri, mədəniyyət nümunələrini öz adlarına çıxmaqla yanaşı, həmçinin hal-hazırda informasiya müharibəsinin qızğın getdiyi bir dönəmdə bizim yerli medianın paylaşdığı bir sıra informasiyaları saxta profillərlə öz sosial şəbəkələrində paylaşmaqdan belə utanmırlar.

Ermənilər illərdir təcavüzkar siyasətləri nəticəsində özlərini beynəlxalq ictimaiyyət qarşısında gülünc vəziyyətinə qoyublar. Dəfələrlə Azərbaycan musiqisini və milli alətlərimizi erməni musiqisi və erməni milli aləti adı altında ictimaiyyətə yaymaqla beynəlxalq hüquq normalarını kobud şəkildə pozublar. “Sarı gəlin”,”Süsən sünbül”, “Sən gəlməz oldun” və bu kimi bir çox musiqimizi, “ Vağzalı”, “Yallı”, “Uzundərə”,”Köçəri”, “Mirzəyi” kimi keçmiş tarixi olan rəqslərimizi öz nümunələri kimi təqdim etməyə cəhd göstəriblər. Lakin hər dəfə olduğu kimi hüquqi müstəvidə layiqli cavablarını alıblar. Bununla yanaşı milli mətbəximizi, mədəniyyət incilərimizi öz adlarına çıxarırlar. Çünki ermənilərin tarix boyu həqiqətləri deməyə “üzü” olmayıb. Bu qədər verilən “dərslərdən” nəticə çıxarmaq istəməyən ermənilərin növbəti oğurluğu həqiqətən sözün bitdiyi andır demək olar. Bizim öz qanımızdan, canımızdan olan İctimai Televiziyasının Xəbəblər Departamentinin aparıcısı Jalə Həsənlini belə ermənistanın ictimai televiziyasının aparıcısı kimi qələmə vermələri xəbərinə kənarda dura bilməzdim. Verilən yalan məlumatda deyilir ki, erməni aparıcı Qarabağ ətrafındakı münaqişə zamanı ölənlərin siyahısını oxuyan zaman göz yaşlarını saxlaya bilməyib. Halbuki Azərbaycanın İctimai televiziyasının aparıcısı olan Jalə Həsənli kəndlərin və bir sıra strateji yüksəkliklərin işğaldan azad olması xəbərini oxuyan zaman sevincindən göz yaşlarına hakim ola bilməyib.

Biz öz torpağımızda vuruşuruq! Öz torpağımız uğrunda vuruşuruq! Əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağın işğalçı Ermənistandan təmizlənməsi uğrunda vuruşuruq! Azərbaycan xalqının öz əsgərlərini dəstəkləməsi,hətta cəbhə bölgəsində gedən döyüşlərdə könüllü olaraq iştirak etmək istəkləri bir daha onu göstərir ki, hər birimizin ürəyi Qarabağla döyünür. Bu gün gənclərimizin nümayiş etdirdiyi böyük həvəsin, iradənin və gücün nəticəsidir ki, ordumuz regionda ən güclü ordulardan biridir. Və inanırıq ki, Azərbaycan ordusunun qətiyyətli əks-hücumları nəticəsində torpaqlarımız düşmən tapdağından azad olacaq, 3 rəngli bayrağımız Şuşada, Xankəndidə, Laçında və digər yüksəkliklərimizdə dalğalanacaqdır.

Erməni mediasının son dövrlərdə yalan , həqiqətə uyğun olmayan “fake” xəbərləri paylaşması, indidə Azərbaycanlı aparıcının “özəlləşdirmə istəkləri” gülüşə səbəb olur. Dramatik həyat yaşayan ermənilər anlamalıdırlar ki, bizdən istənilən sayda oğurluq edə bilərlər, amma həqiqətin bir gün üzə çıxacağını unutmamalıdırlar! Çünki dünyanın gözü hazırda cəbhədə gedən döyüşlərdədir, nə qədər qeyri-ciddi, yanlış və heç bir əsası olmayan xəbərlər paylaşılsa belə bizim amalımız birdir, biz bir mövqeyə Azərbaycan ordusunun qələbə xəbərinə fokuslanmışıq.

Eşq olsun Azərbaycan ordusuna! Yaşasın Ali Baş Komandanımız!

Aynur Əliyeva

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …