Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Təbrizdə naümid qalan ata və Bakıda yol gözləyən qızının faciəsi: Miqrasiya Xidməti onları niyə ayrı salıb?

Təbrizdə naümid qalan ata və Bakıda yol gözləyən qızının faciəsi: Miqrasiya Xidməti onları niyə ayrı salıb?

Sizə Təbrilzi bir ata ilə onun 5 yaşlı uşağının üzləşdiyi problemdən yazacam. Bir xeyli müddətdir bu məsələ beynimi məşğul edirdi. İşin hüquqi yollarını düşündüyüm halda, həm də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məntiqsiz qərarının təsiri altındaydım. Çünki ortada bir ailənin faciəsindən, bir birindən ayrı düşməsindən söhbət gedir.

Fərrux Aghnaeimayan Sirus oğlu1982-ci il Təbiriz şəhərində dünyaya gəlib. Əsilli, nəsilli, köklü, köməcli azərbaycanlıdır. Təbrizin elə bir məntəqəsində dünyaya gəlib ki, biz oranın adına tarixdə Əsli və Kərəmin dastanında rast gəlirik. Söhbət Təbrizin ən qədim məntəqələrindən biri olan, Kərəmin doğulub, boya, başa çatdığı Qara Məlikdən gedir. Bu gün də həmin məntəqədə Kərəmin qəbri və üzərində inşa edilmiş məqabərəsi mövcuddur.

Fərrux 2006-cı ildə Azərbaycana gəlib. 2012-ci ildə isə Azərbaycan vətəndaşı ilə ailə həyatı qurub. Həyat yoldaşı Həmidə Məhərrəmova İsmayıl qızı Laçın rayonu, Mığıdərə kəndindəndir. O da həyatın az məşəqqətini yaşamayıb. Ailəsi ilə birlikdə Laçından məcburi köçkün düşüb. Evlərini, yurdlarını itirib. Bakıda aldığı təsəllisi isə ailəsi, övladıdır.

Fərrux bacarıqlı, peşəkar bir maşın ustasıdır. Azərbaycana gəldikdən sonra qanuni olaraq müxtəlif təmir sexlərində çalışaraq, sərmayə toplayır və 2023-cü ildə özünə təmir sexi açır. Vergi ödəyicisi olur, üstəlik, 6 Azərbaycan vətəndaşını da işə götürür. Amma…

Məsələnin əmması odur ki, Təbrizli balası Azərbaycanda müvəqqəti yaşamaq vaxtı bitməsinə az qalmış, sənədlərini toplayaraq Azərbaycan Miqrasiya Xidmətinə təqdim edir. Hər il olduğu kimi, zəruri olan bütün sənədləri qaydasında olur. Lakin Miqrasiya Xidməti həmin sənədlərə əsasən onun Azərbaycanda müvəqqəti yaşamaq hüququnu təmin etmir və bunu da “Miqrasiya Məcəlləsi”nin 55-ci maddəsi ilə əsaslandırır. Bu barədə bir qədər sonra yazacam.

Təbiətçə sakit adam olan, heç nəyə qarışmayan, ailəsini və işini düşünən Fərruxa məsləhət görülür ki, yenidən müraciət etmək üçün Azərbaycanı tərk etməli, yenidən viza alaraq ölkəyə gəlməlidir. O da Miqrasiya Xidmətinin təklifini qəbul edərək, ölkəni tərk edir və…

Mərəkə də bundan sonra başlayır. Belə ki, Fərrux Azərbaycanın Təbrizdəki Konsulluğuna müraciət edərək, onlardan viza verilməsini istəyir. Lakin Konsulluq dəfələrlə edilən müraciətlərə, qanuni əsaslara rəğmən viza verməkdən imtina edir. Daha doğrusu, müraciətlərə rədd cavabı verir. İstər Təbrizdəki Konsulluğumuz, istərsə də Azərbaycan Xarici İşlər Nazirliyi rədd cavabını Miqrasiya Xidmətinin qərarına əsasən verdiyini bildirir. Problemin də məhz Miqrasiya Xidməti ilə həll edilməsini qeyd edir.

Fərruxun həyat yoldaşı Həmidə Məhərrəmova Prezident İlham Əliyevə müraciətində yazır: “Cənab Prezident! Mənim həyat yoldaşım Azərbaycandan deportasiya olunmayıb. O yenidən sənədlərini təqdim etmək üçün prosedur gərəyi, ölkəni tərk edib. Ötən ilin noyabrından isə Azərbaycana gəlməsinə icazə verilmir. Mən hazırda işləmirəm. Heç işləyə də bilmərəm. Çünki övladıma baxmalıyam, xüsusi qayğıya ehtiyacı var. Evə yeganə gəlir gətirən isə həyat yoldaşımdır və onun da Azərbaycana girişinə imkan vermirlər. Hal hazırda mən və 5 yaşlı qızım Nəfəs acınacaqlı durumdayıq”.

Laçın rayonu, Mığıdərə sakini olan Həmidə Məhərrəmova dövlət başçısından imdad diləyərək, ərinin ölkəyə gəlməsinə yardımçı olmasını xahiş edir. Bununla əlaqədar, Miqrasiya Xidmətinə göstəriş verməsini rica edir.

İndi isə Miqrasiya Xidmətinin rəsmi olaraq əsas gətirdiyi 55-ci maddəyə diqqət yetirək. “Miqrasiya Məcəlləsi”nin məlum maddəsində xarici ölkə vətəndaşına daimi və müvəqqəti yaşayış hüququnun verilməməsinin səbəbləri göstərilib. Maddənin 0.1-ci bəndində deyilir ki, şəxs Azərbaycanda asayişi pozduqda, milli təhlükəsizliyə xələl gətirdikdə müvəqqəti yaşamaq hüququ ləğv edilir. Bu bəndin Fərruxla yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur və ola da bilməz. Çünki Təbrizli balasının belə bir hərəkəti olsaydı, dövlət orqanları çoxdan onunla bağlı tədbir görərdilər. Yəni, belə rahatlıqla əlini-qolunu sallayaraq ölkəni tərk etməsinə imkan verməzdilər.

Digər bəndlərdə isə sənədlərin saxtalaşdırılmasından, şəxsiyyəti müəyyən edən sənədlərin olmamasından, yalan məlumat verilməsindən, ağır cinayət törətməkdən, özünün və ailə üzvlərinin tələbatını ödəmək imkanı olmamasından, ölkəni tərk etməsindən, davamlı olaraq 180 gün ölkə xaricində qalmasından və sairə bəhs olunur.

Ümumiyyətlə, 55-ci maddədə qeyd olunan səbəblərin heç birinin Fərruxla əlaqəsi təsdiq olunmur. Çünki Fərrux ağır cinayət törətməyib, ailəsini dolandırmaq üçün yetərli maddi imkanı var, üstəlik, 6 Azərbaycan vətəndaşını işlə təmin edəcək gücdədir. Azərbaycan dilini bilir, zatən, özü də azərbaycanlıdır. Sənədləri isə qaydasında olub.

Burada bir məsələ qalır ki, Fərrux Aghnaeimayan sənədlərini Miqrasiya Xidmətin nəzərdə tutulan müddətdən az vaxtda təqdim edib. Amma bu da onun Azərbaycanda müvəqqəti yaşamaq hüququnun əlindən alınması üçün əsas ola bilməz. Miqrasiya Xidməti onun evliliyini, bu nigahdan övladının olmasını, habelə vergi ödəyicisi kimi iş sahibi olmasını nəzərə almalıydı və möhlət tanımalıydı. Üstəlik, Fərruxun ailəsi ilə birgə yaşamaq hüququ var ki, o, Azərbaycan qanunvericiliyi isə qəti şəkildə təsbit edilib və əsas götürülür. Yəni, Miqrasiya Xidmətinin bu qərarı ilə Təbrizli balasının hüququları pozulub.

Nəticədə, dövlət xidməti heç nəyi nəzərə almadan, kəsib atdığı məsələ bir ailənin faciəsinə çevrilib. Bakıda qızı həsrətlə atasının gəlməsini gözləyir. Ata isə Təbrizdə Azərbaycana gəlmək üçün döymədiyi qapı, yalvarmadığı qurum qalmayıb.

Bildiyim qədər Azərbaycan Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov çox insaflı, peşəkar və bacarıqlı biridir. Üstəlik, Azərbaycanda az sayda məmurlardan hesab olunur ki, canlı yayınlar edərək, vətəndaşların, şikayəti olan şəxslərin suallarını cavablandırır. Üstəlik, Miqrasiya Xidməti ölkədə elə dövlət qurumlarındandır ki, adı heç vaxt qalmaqallı məsələlərə qarışmayıb.

Bəs, belə olan halda xidmət necə olub ki, bütün sənədlərin qaydasında, qanunla Azərbaycanda yaşaması üçün heç bir əngəl olmayan Təbrizli balasını öz körpəsindən, ailəsindən uzaq salıb? Belə ədalətsiz qərarı necə verib?

Yox, əgər bizim bilmədiyimiz ciddi səbəblər varsa, o zaman Dövlət Xidməti onları açıqlasın ki, biz də dost və düşmənimizi tanıyaq.

Ümid edirəm ki, Azərbaycan Dövlət Miqrasiya Xidməti bu yazdıqlarımı nəzərə alıb, açıqlama verəcək. Həmçinin Təbrizli Fərruxun ailəsinə qovuşmasına mane olan səbəbləri aradan qaldıracaq.

Fikrət Fəraməzoğlu

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …