Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Gündəm / Suraxanıda tənha ana 5 azyaşlı uşağı ilə küçədə qalıb – VİDEO

Suraxanıda tənha ana 5 azyaşlı uşağı ilə küçədə qalıb – VİDEO

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində 24 saylı yataqxanada yaşayan ailələr yerli icra hakimiyyəti tərəfindən hüquqlarının pozulduğunu bildirirlər.

Belə ki, 1960-cı illərdə inşa olunan bina qəzalı duruma düşdüyündən icra hakimiyyəti tərəfindən köçürülməsi planlaşdırılır.

Lakin sakinlər mənzilləri üçün verilən kompensasiyanın azlığından narazıdırlar.

Qəzalı binada vəziyyət acınacaqlıdır. 1960-cı illərdə inşa edilən yataqxana tipli yaşayış binasında ümumilikdə 71 ailə məskunlaşıb. Suraxanı Rayon İcra Hakimiyyəti oradan 51 ailəni köçürüb.

Digərləri isə onlara veriləcək olan 35 min manat kompensasiya ilə razılaşmayıblar.

Qeyd edək ki, binada yaşayanların əksəriyyəti sovet hökuməti zamanı balıq limanında çalışanlardır.

Onların dediyinə görə, 40 ildir ki, bu binada məskunlaşaraq, ev növbəsi gözləyiblər: “Bu illər ərzində ev verilməsi üçün növbəyə yazıldıq. Bu cür qəzalı durumda olan binada çətinliklə yaşadıq. Lakin köçürülmə gələndə icra nümayəndələri düzgün hesablama aparmadılar. İki ailəni bir ailənin üstünə yazırlar. Burada ailələr var ki, qızı bir mənzildə, anası isə başqa bir mənzildə yaşayır.

Ancaq bunlar üçün fərq etmir. Halbuki onların mənzili ayrıdır. İndi həmin ailələri azyaşlı uşaqları ilə birgə yaşadıqları mənzildən çıxarıb, söküntü aparmaq istəyirlər. Hökumətdən indiyə qədər nə torpaq, nə də ev almışıq”.

Ərazidə olduğumuz zaman dəhşətli mənzərənin şahidi olduq. Bir mənzildə yaşayan 5 azyaşlı uşaq və anasını olan Göyçay rayon sakini Günay Əhmədova mənzilindən çıxarılıb, əşyaları küçələrə tökülüb.

Çarəsiz ana daha öncə köçürülən ailələrin boş otaqlarına sığınıb.

Ancaq icra nümayəndələri ailənin orada da yaşamasına icazə vermir: “2006-cı ildən burada məskunlaşmışam. Mənzilimin sənədləri də var. Notariusdan və başqa lazımı yerlərdən sənəd almışam. O zaman maddi imkanım olmadığından qeydiyyata almadılar. Bununla bağlı lazımı orqanlara ərizə yazmışam, məktuba cavab gəlib, lakin icra hakimiyyəti baxmayıb. İcra nümayəndələri evimə gələrək məni hədələdilər. Dedilər ki, binada qanunsuz yaşayırsan, çıxmalısan.

Uşaqlarımın gözü önündə evdəki əşyaları çölə tökdülər. Birtəhər toplayıb, köçürülən ailələrin boş otağına yığdım Lakin icra nümayəndələri yenə də öz bildiklərini edir, balalarımla məni çölə atırlar.

Bütün qonşular da mənim burada çoxdan yaşadığıma şahiddirlər. İcra nümayəndələrinə deyirəm ki, mən 5 uşaqla hara gedim? Deyirlər ki, bizlik deyil, hara gedirsən, get…”.

Məsələ ilə bağlı Suraxanaı Rayon İcra hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq.

Musavat.com-a danışan İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələləri üzrə şöbə müdiri Barxudar Barxudarov vəziyyəti belə izah etdi: “Bizim tərəfimizdən müəyyənləşdirilib ki, həmin binada yaşamaq hüququ olan 71 ailədir. Artıq 51 ailə veriləcək kompensasiya ilə razılaşaraq köçüblər. Bəziləri isə onlara verilən kompensasiyalarla razı deyillər və müxtəlif tələblər irəli sürürlər.

Elə ailə var ki, bir otaqda məskunlaşıblar. Lakin həm oğlu, həm də özü üçün ayrıca kompensasiya tələb edir. Bu şəkildə etirazlar edirlər”.

B.Barxudarov bildirdi ki, sakinlər kompensasiya və digər məsələlərlə bağlı məhkəməyə müraciət edə bilərlər: “Onlara bildirmişik ki, əgər verilən kompensasiya ilə razı deyillərsə, bununla bağlı məhkəməyə müraciət etsinlər. Məhkəmə hansı qərarı qəbul etsə, o qərara uyğun iş aparılsın.

Bildiyiniz kimi, bu vəsaitlər Maliyyə Nazirliyi tərəfindən ayrılır. Əgər doğrudan da məhkəmə bir ailə üçün yox, iki ailə üçün kompensasiya verilməlidirsə, biz aidiyyatı üzrə yenidən müraciət edərik”.

B.Barxudarov həmin binada yaşamağın təhlükəli olduğunu da diqqətə çatdırdı: “Bina çox qəzalı durumdadır. Hər an bədbəxt hadisələr baş verə bilər. Yaxşı olar ki, sakinlər kompensasiya ilə razı olmasalar belə başqa bir yerə köçsünlər və məhkəmə prosesini davam etdirsinlər. Hər ailə üçün 35 min manat kompensasiya nəzərdə tutulub. Narazı sakinlərdən bir neçəsi artıq məhkəməyə müraciət ediblər”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Həmçinin oxuyun

“Fly Erbil Airways” və “Fly Armenia Airways”…PKK-nı Dağlıq Qarabağa Mehridən onlar daşıdı…

Dağlıq Qaabağda döyüşə rəhbərlik edən PKK komandirlərinin Qarabağa hansı qonşu və şirkətlər daşıyıb?Azərbaycan ermənilər tərəfindən …