Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Gündəm / Sumqayıtdakı bazar qalmaqalında hansı generalın qardaşının adı hallanır? – Şikayət

Sumqayıtdakı bazar qalmaqalında hansı generalın qardaşının adı hallanır? – Şikayət

Generalın qardaşı olan müavin “bazarkom”la birləşib 66 sahibkarın dükanını hasarladı-300 nəfər işsiz qaldı…
Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”nın sökülməsi təhlükəsinin gündən-günə artması barədə «Təzadlar»a şikayət məktubu göndərən sahibkarların bildirdiyinə görə, vəziyyət son dərəcə pisdir… Bu barədə məlumat verən sahibkarlar vəziyyətin acınacaqlı hal aldığını bildirdilər. Onlar sahibkar Rəşid Babayevin “Şərq bazarı”ında 66 dükanı hər vəchlə, qanunsuz olaraq sökməkdə israrlı olduğunu deyirlər. Onlar bu işdə adıçəkilən sahibkara yerli icra hakimiyyəti səviyyəsində himayədarlıq edildiyini və xüsusi dəstək verildiyini bildirirlər. Redaksiyamıza müraciət edən bir qrup sumqayıtlı sahibkar, “Şərq bazarı” nın sahibi Rəşid Babayevin Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısınin birinci müavini Akif Quliyevlə əlbir olaraq qanuni sənədləri olan dükanlarının əlindən alınıb sökülməsi məqsədilə abadlaşdırmaq bəhanəsi ilə tamamilə hasarlanmasından həyacan təbili çalırlar. Belə ki, bu yaxınlarda Akif Quliyev sahibkarlarla bir neçə dəfə görüşüb. Birinci görüşdə deyib ki, dükanlar söküləcək, indi vəziyyət Eldar Əzizovun (Sumqayıtın keçmiş icra başçısı) vaxtındakı kimi deyil. Sonradan isə deyib yox, bəs dükanlarınızın qabağını hasarlayırıq ki, abadlaşdıraq, mallarınızı çıxarın, amma dükanlaranıza əl dəyməyəcək. Ancaq axırıncı görüşlərin birində Akif Quliyev taktikanı dəyişib və dükanların abadlaşdırması üçün 66 sahibkara Sumqayıtın İcra başçısı Zakir Fərəcovun bu il fevralın 26-da imzaladığı, Rəşid Babayevə məxsus “RŞHT” şirkəti ilə bağlı sərəncamı göstərib. Hansı ki, bu sərəncamın əslində 66 sahibkara heç bir aidiyyatı yoxdur. Həmin sərəncamda isə bildirlir ki, mövcud ticarət mərkəzi uzunmüddətli istismar nəticəsində fiziki aşınmaya məruz qalıb, memarlıq baxımdan müasir tələblərə cavab vermədiyi üçün və şəhər Memarlıq və şəhərsalma İdarəsinin təklifini nəzərə alaraq 9-cu mikrorayon ərazisindəki “RŞHT” şirkətinin istifadəsində olan sahədə şirkətin Ticarət Mərkəzinin yenidən qurulmasının layihələşməsinə icazə verilsin.
Sonra da layihədən irəli gələn bəndlər göstərilir, ən əsası isə “RŞHT” şirkətinə heç bir aidyiyyatı olmayan 66 sahibkara məxsus arkalı dükanlardan bir kəlmə deyilmir.
Onu da qeyd edək ki, “Şərq bazarı” demək olar ki, yarandığı gündən bugünə qədər söz-söhbətdən, problemlərdən yan dura bilməyib. Bunun da əsas səbəbkarı sahibkarlardan neçə illərdir əl çəkməyən, dükanların ona məxsus olmamasını həzm etməyən Rəşad Babayevdir. Bir neçə il əvvəl ölkə mətbuatını Sumqayıtda “Şərq bazarı” adlanan ticarət mərkəzi ətrafında 66 sahibkar və Rəşid Babayev arasında yaşanan qarşıdurma zəbt etmişdi. Aylarla bu məsələ ölkənin yüzlərlə tanınmış qəzet və saytlarının manşetindən düşmürdü. Neçə illərdir həllini tapmayan bu məsələdə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdən, onun qardaşı, Sumqayıt icra hakimiyyəti başçısının müavini Akif Quliyevdən tutmuş, keçmiş İcra başçısı Eldar Əzizova və Əmlak Komitəsinin sədri Kərəm Həsənova qədər qədər bir çox məmurların adı hallanıb. Qısa xatırlatma üçün bildirək ki, bazarın müdiri Rəşid Babayev 2010-cu ildə “Şərq bazarı”nın bir hektardan çox ərazisini gizlincə və qanunsuz olaraq özəlləşdirəndən sonra ”həvəslənərək” sözügedən 66 obyekti sahibkarların əlindən almaq, sonradan isə ümumiyyətlə sökmək istəyirdi. Baxmayaraq ki, cəmi 12 sot ərazini əhatə edən 66 obyektin sahiblərinin əlində dükanların onlara məxsus olması haqda “daşdan keçən” tam qanuni sənəd olub.
Sahibkarlar düşünürlər ki, sadəcə “bazarkom” Rəşid artıq qanuni yolla dükanları sökdürə, ələ keçirə bilmədiyini görüb şəhər icra hakimiyyətindəki və başqa məmurlara arxalanaraq onların dükanlarını guya abadlaşdırmaq məqsədilə hasarladaraq müflis edib, sonra isə dükanlarını əlindən almaq istəyir. Sahibkarlar haqlı olaraq bildirirlər ki, əgər Rəşid Babayev abadlaşmağın belə qızğın tərəfdarıdırsa elə “feodalizmdən” qalan öz bazarını, Suriya xarabalığını xatırladan binasını indiyi kimi abadlaşdırardı. Bazarın ətrafındakı bərbad vəziyyət olan yolları, ətrafa dəhşətli üfunət qoxusu verən zibilxanaya əl gəzdirərdi. Bazardakı bütün təmizlik işləri ruhi xəstə olan Mətinin ümidinə qalmazdı. Yeri gəlmişkən, ruhi xəstənin illərlə qəpik-quruçşa işlədilməsi özü də qanuna-ziddir. Amma bu Azərbaycan qanunlarını saya saymayan Rəşid Babayevin üçün bu adi şeydir. O hətta qəzəbindən şəxsən mallarını təpiklədiyi sahibkarlara “sizin udduğunuz məhkəmə qərarları mənim üçün heç nədir” deməkdən də çəkinmir. Maraqlıdır ki, şəhərdə geniş abadlaşma işləri aparan icra hakimiyyəti də açıq havada, düz yolun kənarında 21-əsrdə Sumqayıtın mərkəzində orta əsrləri xatırladan, antisanitariya mənbəyi olan meyvə-tərəvəz bazarına nədənsə neçə vaxtdır göz yumur. Halbuki ən ucqar, geridə qalmış rayonlarda orta əsrləri xatırladan belə bazar yoxdur. Bu bazarı gözəlləşən Sumqayıta qara ləkə də saymaq olar.
Abadlaşmağa qalsa min bir zülmlə ailələrinə çörəkpulu qazanan sahibkarlar Şəhər Memarlıq və Şəhərsalma İdarəsində keçən il müdir müavini olan Kamil Məmmədova 135 min manat pul yığıb veriblər. Abadlıq işləri başlayıb, ikinci mərtəbə üçün dirəklər belə qaldırılıb, amma Rəşid Babayev Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verib. Məhkəmə predmeti olduğundan tikinti -abadlıq işləri dayandırılıb.
Sahibkarlar deyir ki, abadlaşdırmaqdırsa onlar yenidən öz vəsaitləri hesabına dükanlarını gözəl bir layihə əsasında müasir körkəmə sala bilərlər. Əgər dükanlar sökülmürsə sadəcə abadlaşdırılma məqsədilə icra hakimiyyəti tərəfindən təmiz hasarlanırsa niyə mallar çıxmalıdır?! Sahibkarlar şəhərin görünüşünü yaxşılaşdırmağı təqdirəlayiq hal saysalar da insanların mülkiyyət hüququnun pozulmasına qarşıdırlar.
Ümumiyyətlə, Rəşid Babayev və onun havadarları tərəfindən sahibkarların şəxsi əmlakını ələ keçrmək cəhdləri dəfələrlə olub.
66 dükan sahibi ilə onun arasında dəfələrlə məhkəmə çəkişməsi olub və bütün məhkəmə istansiyalarında “bazarkom” uduzub. Məsələ ilə bağlı İnzibati-İqtisadi Məhkəməsi, Apellyasiya Məhkəməsi, Ali Məhkəmənin Plenumu da sahibkarların xeyrinə qərar çıxarıb. Hətta Əmlak Komitəsi də Rəşid Babyevi məhkəmədə udub və onun 1 hektar ərazisinə olan sənədlərini ləğv edib, sahibkalara məxsus 24 sot (qərardan əvvəl 12 sot) ərazini əhatə edən 66 obyektin mülkiyyət hüququ təsdiqlənib. Rəşid Babayev ərazini 2010-cu ildə özəlləşdirdiyini bildirsə də, sahibkarların bir çoxu öz obyektlərini 2003–cü iləcən qanuni şəkildə özəlləşdiriblər. Dəhşətlisi orasıdır ki, 1 hektar əraziyə olan sənəd Əmlak Komitəsi tərəfindən sərancamla ləğv olunub və qərarda deyilir ki, o sənədlərini təzədən hazırlamalıdır. Yəni öz sənədi olmaya –olmaya o həm Əmlakı, həm bələdiyyəni, həm də Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verir, sahibkarlarla sənəd davası edir və bu gün icra başçısı sənədləri qaydasında olmayan bir şirkətə layihə tapşırılması ilə bağlı sərəncam verir.
Aydındır ki, dükanların qabağını demək olar ki, tamamilə hasarlamaq ora alıcının girə bilməməsi və dükanların bağlanması anlamına gəlir. Düzdür, icra hakimiyətinin adından, qanundan danışan Akif Quliyev sahibkarları aldadaraq vəd verir ki, bəs onların əmlakı sökülməyəcək, sadəcə yeni tikiləcək “Meyvə” bazarının nəzdində fəaliyyət göstəriləcək, onların əmlak hüququ tanınacaq, tapdalanmayacaq. Amma icra başçısının müavininə necə inanmaq ki, bu adam dükan sahibləri ilə “bazarkom” arasında qarşıdurmanın pik vaxtında bazarda tez-tez görüşdüyü və ehtimala görə çöldəki, bərbad vəziyyətdə, antisanitariya şəraitində fəaliyyət göstərən qanunsuz meyvə bazarına şərik olduğu Rəşidlə söhbət zamanı onun 2011-ci ildə Rəşid Babayevə ”Lazım olsa, özüm traktora oturub bunların dükanını sökəcəyəm” deməsi o zaman qəzet manşerlərini başlığına çevrilmişdi. İndi təsəvvür edin, belə deyən məmurdan qanunun aliliyini gözləmək nə qədər düzgündür?
O zaman “yuxarıdan” ona məsləhət görüldü ki, o tərəflərdə görünməsin.

Lakin görünür Akif Quliyev məqlubiyyəti unutmayıb və dükan sahiblərindən intiqamını almaq istəyir. Sahibkarlar bildirir ki, halhazırkı iqtisadi böhran şəraitində ölkə prezidenti işsizliyin aradan qaldırılması üçün böyük səylər göstərir və məmurlara dəfələrlə xəbərdarlıq edib ki, sahibkarların fəaliyyətinə maneçilik etməsinlər, vətəndaşlara xidmət etsinər, əksinə onların qayğıları ilə maraqlansınlar. Və sahibkarlar da ölkə başçısının sahibkarlara qayğısını yüksək qiymətləndirir və prezidenti dəstəkləyir. Nəzərə alsaq ki, hər dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir.
Bundan başqa, nəzərə almaq lazımdır ki, çoxsaylı qanun pozuntuları ilə işləyən Rəşid Babayevdən fəqli olaraq 66 dükan sahibi illərdir nümunəvi vergi ödəyiciləridirlər. Rəşid Babayevin əsas havadarlarından olan Akif Quliyev sahibkarları uşaq başı aldadan kimi aldatmağa çalışaraq bildirir ki, guya onların dükanlarının sökülməməsinə yazılı zəmanət verə bilər. Amma o hətta bunu etsə də sahibkarlar daha nə Akif Quliyevə, nə də icra şəhər icra hakimiyyətinin qanunun alilyini, onların mülkiyyət hüquqlarını qoruyacağına, daha inanmır. Akif Quliyev sahibkarlara deyir ki, guya bazar abadlaşandan sonra onlara da sənəddə göstərilən qədər yer veriləcək. Sahibkarlar isə bu qənaətdədirlər ki, icra hakimiyyəti və Rəşid Babayev abadlaşma adı ilə onları aldadıb dükanlarını əlindən alıb sökmək istəyir. Sökəndən sonra isə bütün vədlər, zəmanətlər yaddan çıxacaq. Sahibkarlar deyir ki, əgər Rəşid Babayev sahibkarlara yer verən idisə indiyəcən onlara qan uddurmazdı, onlarla yola gedərdi.
Sahiblkarlar isə bildirirlər ki, onlar artıq bu gün Prezident Administrasiyasına şikayətə gedəcəklər, hüquqlarının bərpasını istəyəcəklər.
Məsələ ilə bağlı Rəşid Babayevin də mövqeyini öyrənməyə çalışdıq, lakin bizə təqdim edilən telefonu cavab vermədi… Çalışacağıq ki, bazar qalmaqalına dair rəsmilərin də mövqeyini öyrənib təqdim edək.

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın