Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Slavyan Universitetində metamarfoza – Təhsil Nazirliyi hara baxır?

Slavyan Universitetində metamarfoza – Təhsil Nazirliyi hara baxır?

Azərbaycan Respublikasında ali təhsilin inkişafı sahəsində mühüm işlər görülür. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, bizim ali təhsil sistemimiz inkişaf etmiş ölkələrin ali təhsil sistemlərindən bir çox parametrlərə görə geridə qalır. Ali məktəblərin şaquli idarəetmədən yaxa qurtara bilməməsi, Boloniya razılaşmasının şərtlərinin təhrif olunması, professor – müəllim heyətinin tələblərə cavab verməməsini və s. misal çəkmək olar.

Açığı, bir neçə ali məktəbə, məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Azərbaycan Dövlət İqtisad Universitetinə, Neft və Sənaye Universitetinə rektor təyinatlarını təkcə təhsil ictimaiyyəti deyil, bütövlükdə cəmiyyət də alqışladı. Bu ali məktəblərdə təhsil və elm mühiti saflaşmağa başlayıb. Bir müddət keçdikdən sonra valideynlər, müəllimlər, tələbələr artıq Universitetin necə dəyərli təsisat olduğunu tam şəkildə anlaya biləcəklər.

Adını çəkdiyim universitetlərdən fərqli olaraq, Bakı Slavyan Universitetində tamam fərqli işlər görülür. Yay semestr imtahanları başa çatdıqdan sonra müəllimlər və rəhbər heyət məzuniyyətə çıxır. Ancaq bu ali məktəbdə adminstrativ heyət – dekan və kafedra müdirləri məzuniyyət əvəzinə işdən çıxarılır. Yenilikdir. Deyirlər ki, xanım rektor rəhbər işçilərdən ərizə istəyir, onlar isə heç nə demədən yazırlar. Dəhşədə baxın. Sentyabrı gözləməyə hövsələ çatmır…

Yaxşı, kafedra müdirləri müəyyən müddətə seçki yolu ilə təyin olunurlar. Onlardan ərizə istəmək ciddi qanun pozuntusu deyilmi? Slavyan Universiteti spesifik ali məktəbdir. Onda da bu ali məktəbin işdən çıxarılan professor – müəllim və rəhbər heyəti kimlərlə əvəzlənəcək? Bəlkə Pedaqoji Kollecin professorsuz müəllim heyəti bura gətiriləcək?

Hamı prosesi seyr edir. Böyük ənənəsi olan bir ali məktəbi ali təhsil haqqında qaydaları və ali məktəbin spesifikliyini dərk etmədən bu cür idarə etmək olarmı? Məqsəd nədən ibarətdir?

Belə idarəçilik Xalq Cəbhəsinin hakimiyyəti dövründə rektor təyin olunanların bir neçəsinin gətirdiyi idarəçiliyə bənzəyir. O dövrə istehza ilə yanaşırıqsa, onda Slavyan Universitetinin təzə rektorunun hərəkətlərinə necə yanaşmalıyıq? Hara baxır Təhsil Nazirliyi? Bu cür etimadsızlıq mühiti yaratmaqla belə bir ali məktəbdə irəliləyiş əldə etmək mümkün olmayacaq.

Deyəsən kolleclərin Universitetlərə birləşdirilməsi bizə düşmədi. Belə getsə, nüfuzlu ali məktəblərdən biri kollec səviyyəsinə düşəcək. Necə səslənir? Bakı Slavyan Kolleci…

Etibar Əliyev,
Təhsil eksperti

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın