Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Sarkisyanın sülh xahişinin pərdəarxası – ekspert şərhi

Sarkisyanın sülh xahişinin pərdəarxası – ekspert şərhi

Xəbər verildiyi kimi, Ermənistan prezidenti Serj Sarksiyan  hərbi əməliyyatları dayandırmaq  istədiklərini açıqlayıb. 
Serj Sarkisyan bunu ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşdə bəyan edib. Lakin Sarkisyan sanki şərt qoyurmuş kimi vurğulayıb ki,  bütün hərbi birləşmələr 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtmalıdır.
Ermənistan prezidenti  həmçinin onu da bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kompromislərə hazırdır.
Bu kompromisin nələrdən ibarət olması isə hələ ki, bəlli deyil.
Musavat.com-a danışan politoloq Ərəstun Oruclu  açıqlamanın ikibaşlı olduğunu  bildirib:
“Birincisi, Sarkisyan deyir ki, Ermənistan danışıqlara hazırdır, eyni zamanda güzəştə də hazırdır. Digər  tərəfdən isə 1 aprel mövqelərinə qayıtmağı bildirməsi  geriyə qayıtmaq dəməkdir. Bəllidir ki,  Sarkisyanın siyasi vəziyyəti də yaxşı olmayacaq. Əsas da bu, onun hakimiyyətini xilas etməyə yönələn bir bəyanatdır. Görünən budur ki, Ermənistanın vəziyyəti çox pisdir. Çünki onlar indiyə qədər əhalini inandırırdılar ki, hər şey yaxşıdır və Ermənistanın ordusu kifayət qədər güclüdür. Lakin  son günlər baş verənlər nəticəsində məlum oldu ki, bu, heç də onların dedikləri kimi deyil”.
Politoloq Elxan Şahinoğlu da Sarkisyanın  bu bəyanatını musavat.com-a şərh edib. O bildirib ki, bu bəyanat rus-erməni hiyləsi də ola bilər:
“Hər halda tələsməmək lazımdır. Bilmirik ki, “güzəştə gedə bilərik” ifadəsinin arxasında nə gizlənib. Başqa mənbələrdə bildirilir ki, geniş miqyaslı müharibə də başlaya bilər. Bu isə şübhə yaradır ki, Sarkisyan hazırda oyun oynayır. O, vaxt udmağa çalışır ki, bizi sakitləşdirdikdən sonra hücuma keçsinlər. Daha öncələr də qeyd etdiyim kimi, bu, bir faktdır ki, Ermənistan qarşısında real güc görməyənə qədər masada güzəştə getməyəcək. 1999-cu  ildə beynəlxalq təşkilatların xətti ilə İrəvanda olduğum zaman  Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və hazırkı prezident Serj Sarkisyanla görüşüb, onlara suallar vermişdim. Onlar, verdiyim suallardan əsəbiləşərək bildirmişdilər ki, biz həmin torpaqları vuruşub almışıq və danışıqla geri qaytara bilmərik. İndi isə Ermənistan qarşısında real güc görüb. Böyük itkiləri var və bunu necə bərpa edəcəkləri  də  bəlli deyil. Azərbaycan bu itkilərə özünü deyərdim ki, hazırlayırdı. Çünki  illərdir torpaqlarımızı işğaldan necə  azad edəcəyimizi  düşünürdük.  Bu baxımdan mümkündür ki, bəli, Ermənistan hakimiyyəti geri addım haqqında düşünür. Lakin bir daha qeyd edirəm ki, hələ gözləmək lazımdır”.
Politoloq bildirib ki, hazırda iki dövlət arasında həm də informasiya müharibəsi gedir:
“Çox təəssüf ki, bəzən Ermənistandan ötürülən dezinformasiya bizim informasiya məkanında yer alır.  Sarkisyan açıqlamasında həm də kompromis üçün ağır bir şərt irəli sürür ki, bütün hərbi birləşmələr 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtmalıdır. Demək ki, güzəşt bəhanədir və bizim diqqətimizi yayındırmaq məqsədi daşıyır. Burada başqa bir məqam isə odur ki, Sarkisyan, ola bilər, özünü beynəlxalq aləmə  sülhpərvər kimi göstərmək istəyir.  Bəllidir ki, 2 apreldən sonra  atəşkəsə riayət etmək çox çətin olacaq.  Ermənistan razılaşıb  beş rayonu qaytarmalıdır. Əks halda bu baş verənə qədər, mütəmadi olaraq atəşkəs pozulacaq.  Ötən illər ərzində biz ordu quruculuğu ilə məşğul olduq. Ordumuz üçün milyardlarla vəsait xərclədik. Bunlar hamısı  ona hesablanmışdı ki, bir gün “düyməyə basılsın” və Qarabağ ətrafında rayonlar azad edilsin. Məncə, artıq həmin gün yetişib. Ona görə də vəziyyət kökündən dəyişib. Ermənistanın hazırda iki yolu var. Ya onlar itirdikləri məntəqələri geri qaytarmaq üçün ağır döyüşləri bərpa etməlidirlər. Ya da  həqiqətən güzəştli addım atılmalıdır.  Sarkisyanın isə hələ ki, bu kimi kompromisə hazır olduğunu düşünmürəm”.
E. Şahinoğlu bildirib ki, baş verənlərlə bağlı Rusiyada da narahatlıq hiss olunur:
“Rusiya Ermənistanla hərbi müttəfiqdir. Lakin məsələ burasındadır ki, Rusiya hələ prosesə müdaxilə edə bilməz və etmir. Çünki Azərbaycanın Ermənistana hücum etmək kimi planı yoxdur. Bizim  apardığımız hazırkı döyüş ancaq Dağlıq Qarabağ və ətraf rayonları əhatə edir. Bəli, Rusiya üçün qırmızı cizgilər var. Bu cizgilərdən biri Ermənistana hücumun olmasıdır ki, bunu onsuz da biz həyata keçirmirik. İkincisi isə bu ola bilər ki, Azərbaycan ordusu beş rayondan başqa, misal üçün, Xankəndinə tərəf irəliləməsin.   Hələ ki, bizim bu cür də planımız yoxdur. İndiki hədəfimiz məhz beş rayonun  ətrafında cəmləşib. Əgər Ukraynada olduğu kimi, ruslar  təxribata əl ataraq Qarabağa da xüsusi dəstələr göndərərlərsə, anlamalıdırlar ki, Azərbaycan da tək deyil. Bizi də dəstəkləyən müttəfiq dövlətlər var. Eynilə biz də rusların qarşısına bu kimi dəstələr çıxara bilərik ki, bu da onların üçün əlavə problem və təhlükə yarada bilər”.
musavat.com

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın