Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “Salatın Əsgərova mənim avtomatımdan atəş açdı…” – FOTO

“Salatın Əsgərova mənim avtomatımdan atəş açdı…” – FOTO

Milli Qəhrəman Salatın Əsgərovanın sonuncu müsahibi hafta.az-a danışdı

…Rəqəmsal mistikaya o qədər əhəmiyyət verməsəm də, çox vaxt haqqında yazdığım qəhrəmanlarımın taleyindəki rəqəmlərlə maraqlanıram. Bu günədək belə sirli tale rəqəminə rast gəlməmişdim: onun şəhidlik tarixində üç “1”, üç “9” və üç “onluq” var: 9.01. 1991(9+1, 1+9, 9+1) …Özü də 29 yaşında həlak olub…

Salatının reportaj hazırladığı sonuncu kənd…

Düz 25 il bundan öncə, bu günlər ali məktəbin 4-cü kursunda imtahan verirdik. İmtahanlar problem deyildi. Diqqətimiz Qarabağda baş verən qanlı olaylarda idi. Düzdü, o zaman hələ döyüşlər müharibə həddinə gəlib çatmamışdı. Ancaq erməni quldurları, demək olar ki, hər gün Qarabağ və sərhəd bölgələrində harasa hücum edir, kimisə yaralayır, şəhid edirdilər. Artıq doğma yurdumda- Laçının Ağanus kəndində də bir nəfər- sinif yoldaşımın atası Təvəkkül Məhərrəmov da şəhid olmuşdu. O, 1991-ci il oktyabrın 21-də kəndin mal-qara və qoyun sürüsünü aparan erməni quldurlarına təkbaşına müqavimət göstərən zaman düşmən gülləsinə tuş gəlmişdi…

Soyuq yanvar günlərində Laçından daha bir bəd xəbər aldıq: Jurnalist Salatın Əsgərova Şuşa-Laçın yolunda qətlə yetirilmişdi… Atamgillə əlaqə saxladım. Məlum oldu ki, Salatın ölümündən cəmi bir gün öncə yanvarın 8-də kəndimizdə olub, sakinlərin yaşayışı, qayğılarıyla maraqlanıb. Ağanus kəndi o zaman erməni təcavüzkarlarının hədəflərindən biri idi. Çünki qonşuluqda yerləşən Şuşa rayonunun ermənilər yaşayan Qaladərəsi və Kirov kəndləri yaraqlıların bazasına çevrilmişdi. Kəndimiz isə indi “Laçın dəhlizi” adlanan Gorus-Laçın-Xankəndi yolunun yaxınlığında yerləşirdi. Mütəmadi olaraq yaxınlıqdakı yüksəkliklərdən evlər atəşə tutulurdu. Sakinlərə məxsus ev heyvanları oğurlanırdı. Yuxarıda xatırlatdığımız kimi, artıq bir nəfər düşmən gülləsinə tuş gələrək şəhid edilmişdi.

Qəhrəman jurnalistin sonuncu müsahibi də şəhid oğlu olub…

Maraqlıdır ki, Salatının bəlkə də sonuncu müsahibi Ağanus kəndinin sakini, bu sətirlərin müəllifinin sinif yoldaşı, keçmiş polis əməkdaşı Əbülfət Məhərrəmov məhz kəndimizin yada saldığımız ilk şəhidi Təvəkkül Məhərrəmovun oğlu olmuşdu. O, həmin günü belə xatırlayır:
”Soyuq qış günlərindən biri idi. Digər həmkarlarım, sonradan Qarabağ döyüşlərində şəhid olmuş Mehman Mərdanov və İlqar Allahyarovla birgə həmişəki kimi kəndin gözlənilə bilən hücumlardan müdafiəsi işləri ilə məşğul idik. Birdən xəbər çıxdı ki, jurnalist gəlib. Hərbi forma geymiş bir xanım idi. Sakinlərlə söhbətləşdikdən sonra bizimlə də görüşdü. Özünü təqdim etdi –“Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova… Atamın şəhid olduğunu bilən Salatın məndən ayrıca müsahibə götürdü. Söhbətimizi əlindəki diktafona yazır, arabir bloknotuna nəsə qeyd edirdi. Erməni kəndlərinin hansı istiqamətdə yerləşməsi, yaraqlıların əsasən hansı yüksəkliklərdən atəş açdıqları ilə də maraqlandı. Atamın necə şəhid olduğunu ətraflı öyrəndi. Ailəmizin vəziyyətini soruşdu. Salatının bir xanım olaraq paytaxtdan 400 km-dən çox məsafədə yerləşən və hər an erməni daşnaklarının hücumuna məruz qala biləcək ucqar dağ kəndinə gəlib çıxması hamımızı heyran etmişdi. Söhbətdən sonra maraqla çiynimdəki Kalaşnikov avtomatına baxdı. Bir neçə atəş açmağa icazə verməyimi xahiş etdi. Razılaşdım. Salatın avtomatı götürdü. Kənd uşaqları təxminən 100 m aralıda bir hədəf qurdu. Xanım jurnlist avtomatdan bir neçə sərrast atəş açdı… Sonda reportajın tezliklə qəzetdə dərc olunacağına və radioda veriləcəyinə söz verərək sağollaşıb bizdən ayrıldı. Uğurlar diləyərək rayon mərkəzinə yola düşdü. Ertəsi gün axşam Salatının Şuşa-Laçın yolunda, Qaladərəsi istiqamətində pusquda duran erməni quldurları tərəfindən qətlə yetirildiyini eşitdik. Bu xəbər hamımızı sarsıtdı. Allah rəhmət eləsin!..”

Salatının qatili kim olmuşdu?

Laçın rayon Ağsaqqallar Şurasının sədri, Ağanus kənd tam orta məktəbinin keçmiş direktoru Ağayar İsmayılov Salatın Əsgərovanın qatilləri haqqında maraqlı bir fakt açıqladı:”Allah Salatın kimi qəhrəman övladlarımıza qəni-qəni rəhmət eləsin! Cəsarətli qələm sahibi idi. Təəssüf ki, o, kəndimizə gələn gün işlə əlaqədar rayon mərkəzinə getmişdim. Axşam kəndə qayıdanda Salatının gəldiyini, məktəbimizə baş çəkdiyini, camaatla söhbət etdiyini öyrəndim. Əbülfətin avtomatından atəş açdığını, şəhid övladı kimi onunla söhbət etdiyini də eşitdim. Ertəsi gün isə Salatının şəhid olması haqqında ağır xəbər bizə də çatdı… Maraqlı bir məqam ondan ibarətdir ki, Salatının qətlinə bais olanlardan, onun getdiyi avtomobilə atəş açanlardan biri də məhz həmkəndlimiz Təvəkkül Məhərrəmovu, yəni jurnalistin müsahibə götürdüyü Əbülfətin atasını qətlə yetirən Arno Mkrtıçyan olmuşdu. Arnonun atası Mişa Mkrtıçyan Kirov kəndinin məktəb direktoru işləmişdi. Bütün Ağanus camaatı sovet onu yaxşı tanıyırdı. Kəndə gedib-gəlirdi. Rəhmətlik Təvəkkülün də tez-tez qonağı olurdu. Təvəkkül də onlara qonaq gedirdi. Ancaq oğlu Arno daşnaklara qoşularaq “Krunq” təşkilatına üzv omuş və Azərbaycana qarşı təzavüzkar kampaniyaya qoşulmuşdu. Təvəkkülün ölümündən bir neçə gün sonra kəndin mal-qara və qoyun sürüsünü geri almaq üçün hərbi komendant, kolxoz sədri ilə birlikdə Kirov kəndi yaxınlığında erməni kəndinin kolxoz sədri, yaxşı tanıdığım Qrişa Sarkisyanla görüşdüm. Ondan Təvəkkül Məhərrəmovun qatilinin adını deməsini tələb etdim. Bir az düşündükdən sonra Qrişa dedi:”Təvəkkülün çörəyi Mişanın burnundan gəlsin!…” Aydın oldu ki, həmkəndlimizi Mişa Mkrtıçyanın oğlu Arno Mkrtıçyan qətlə yetirib. Eyni quldur 3 ay ötməmiş Salatını da öldürdü…”

Salatının qisası alındı, amma…
Salatının həlak olmasından az sonra Laçın və Şuşa polisləri Milli Qəhrəman İsrafil Şahverdiyevin də fəal iştirakıyla erməni quldurlarına qarşı geniş əməliyyat keçirərərək 12 yaraqlını cəhənnəmə vasil edirlər. Lakin Salatının qətlinin bilavasitə təşkilatçı və icraçıları yalnız 1991-ci ilin mayında tutulurlar.. Təəssüf ki, bir neçə il sonra Arno Mkrtıçyan da daxil olmaqla həmin dəstə üzvləri Azərbaycan rəhbərliyi tərəfindən əfv edilir…

Salatınkənd 24-cü ildir ki, işğal altındadır…

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra Milli Qəhrəman adı verilmişdir. Hazırda qəhrəman xanım Bakı şəhərinin Şəhidlər Xiyabanında uyuyur. 10 ilə yaxın ANS telekanalında aparıcı işləmiş yeganə oğlu Ceyhun Əsgərov anasının yolunu yenə də davam etdirir.
Bakı şəhərinin mərkəzi küçələrindən biri Salatının adını daşıyır. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adınadır. “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu Şuşa rayonunun keçmiş Yexsaoh kəndi rəsmən Salatınkənd adlanır. Nə yazıqlar ki, həmin kənd də 24-cü ildir ki, erməni işğalı altındadır…

Sultan Laçın, Hafta.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın