Ana səhifə / Gündəm / Şərurlu İsfəndiyardan şikayət var – Qarabağ veteranı imdad diləyir

Şərurlu İsfəndiyardan şikayət var – Qarabağ veteranı imdad diləyir

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun ətrafında qalmaqal səngimir. Çox vaxt bu qalmaqallara rəvac verən də elə iş adamının özüdür.Ə.Əhmədov küçəsi ev 35, mənzil 7 ünvanında qeydiyyatda olan Niyaməddin Şəfayətli “Şərurlu İsfəndiyar”dan şikayətçidir.

Redaksiyamıza yolladığı məktubda N.Şəfayətli yazır ki, Yeni Yasamal, Xiyabani küçəsi ev 18 ünvanında yerləşən “Mur- Ay” MMC tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m-lik qeyri-yaşayış sahəsini alıb: “Bir neçə gün öncə İsfəndiyar Axundovun qardaşı İmran Axundov və Aydın adlı şəxs əmlakıma hücum edərək dağıtmağa cəhd göstərdi. Bu şəxslər ərazimdə gedən təmiri dayandırdı, reklam plakatlarını sökməyə cəhd etdilər. Səbəbini dəfələrlə soruşsam da, heç bir məntiqli cavab vermədilər. Yalnız İsfəndiyar Axundovun göstərişini yerinə yetirdiklərini dedilər.

Tələbləri isə bu oldu ki, könüllü olaraq əmlakımı İsfəndiyar Axundova təhvil verməliyəm. Əks halda həyatımın belə təhlükədə olduğunu dedilər. Hazırda mən bu qanunsuz dəstənin fəaliyyəti nəticəsində faktiki olaraq mülkiyyətimdən məhrum edilmişəm və əraziyə buraxılmıram. Mənə qısa müddət verilib və bildirilir ki, ilk olaraq, əmlakımı yandıracaqlar. Bildirim ki, həmin binada yüzlərlə sakin yaşayır. Hamının həyatı təhlükə altındadır”.

Məktub müəllifi yazır ki, hadisə barədə dəfələrlə yazılı müraciət etməyimə baxmayaraq heç bir tədbir görülmür: “Cəzasızlıqdan ruhlanan Axundovlar mayın 30-da mülkiyyətimi məhv etdilər. Anladım ki, İmran və İsfəndiyar Axundov qardaşları və ətrafındakı şəxslər kimlər tərəfindənsə himayə edilir və toxunulmazdırlar. Halbuki bu, cənab İlham Əliyevin yürütdüyü siyasətə tam ziddir. Mənim minlərlə manatlıq mülkiyyətimi məhv edən, həyatıma təhlükə törədən, orqanlardakı himayədarları ilə açıq-aşkar qürrələnən ”toxunulmaz” İmran və İsfəndiyar Axundov qardaşları barədə tədbir görülməsini rica edirəm”.

Müəllif məktubuna əlindən alınan əmlaklarının fotolarını da əlavə edib. Həmin fotoları da təqdim edirik.

“Şərurlu İsfəndiyar”dan digər şikayətçi isə Qarabağ döyüşçüsü Hikmət Nəcəfəliyevdir. Naxçıvanda Qıvraq batalyonu tərkibində ermənilərə qarşı döyüşmüş H.Nəcəfəliyev yazır ki, İsfəndiyar Axundov mənzilini vermədiyinə görə ailəsi ilə birgə kirayədə yaşamağa məcburdur. Şikayətçinin yazdığı məktubdan belə aydın olur ki, ona və digər payçılara tikilib təhvil verilməli olan mənzilləri Ələkbər Zeynalovun rəhbəri olduğu “İN Eksklyuziv Servis”lə İsfəndiyar Axundovun rəhbəi olduğu “Safari-N” MMC tikib təhvil verməli olub. Lakin şəriklər arasında narazılıq onları da evsiz qoyub: “Ələkbər Zeynalovun bildirdiyinə əsasən 2006-cı ildə ”Safari N” MMC ilə bağladığı müqaviləni İsfəndiyar Axundov ondan alaraq ofisində cırıb. Özünü isə döyərək qovub. İ.Axundov 2008-ci ildə özünə sərf edən şəkildə başqa bir müqavilə hazırladıb. İsfəndiyar Axundov bildirir ki, “İN Eksklyuziv Servis” MMC-nin rəhbəri Ələkbər Zeynalovun 2006-cı il müqaviləsinə əsasən mənzil satmaq hüququ olmayıb. Qeyd edim ki, 2006-cı və 2008-ci il müqavilələrinin 2.1.6 bəndində göstərilir – II tərəfin, yəni “İN Eksklyuziv Servis” MMC rəhbəri Ə.Zeynalovun razılığı olmadan tikintiyə, yaşayış və qeyri-yaşayış sahələrinin satışına dair məxfi məlumatları açıqlamır və ya yaymır. Buradan belə nəticəyə gəlmək olar ki, II tərəfin, yəni “İN Eksklyuziv Servis” MMC-nin rəhbəri Ə.Zeynalovun həmin 1 bloklu binadan mənzil satmaq səlahiyyəti qarşılıqlı razılaşma nəticəsində olub.

Əgər olmayıbsa, onda mənzillərin satışına dair məxfi məlumatların yayılması üçün Ə.Zeynalovun razılığı niyə tələb olunur? 2008-ci ildə İsfəndiyar Axundov onlar arasında 2006-cı ildə bağlanmış müqaviləni dəyişərək, sonradan özünə uyğun 2008-ci ildə müqavilə hazırlayıb. Müqavilələrə baxdıqda edilən saxtalaşdırma əyani olaraq görünür. Bu barədə dəfələrlə istintaq və məhkəmə orqanlarına bildirməyimizə baxmayaraq, “Safari-N” MMC-nin rəhbəri Axundovun bu kimi əməllərinə hüquqi qiymət verilməyib. İstintaq idarəsi İsfəndiyar Axundovun bu kimi saxtakarlıqlarına və bu yolla vətəndaşlardan aldıqları mənzillərin hər kv.metri üçün 200-250 manat əlavə pul tələb edib almaqla korrupsiya əməlləri törətməsinə hüquqi qiymət vermək istəmir. Kifayət qədər əsasların və faktların olması istintaqın gedişində “Safari-N” MMC-nin rəhbəri olan onun qardaşı İmran Axundovun cinayət məsuliyyətinə cəlb olunması üçün əsas verirdi.

Bunlara baxmayaraq istintaq və məhkəmə orqanlari işə qərəzli yanaşaraq və İsfəndiyar Axundovun təsiri ilə bizim hüquqlarımızı təmin etmədi. Evim və ya pullarım geri qaytarılmır. Mülki qaydada Yasamal məhkəməsində “Safari- N” MMC və “İn Eksklyuziv servis” MMC-yə qarşı müqavilə üzrə ödədiyim pulların cavabdehlərdən tutulması və bu tutulmanın Yeni Yasamal yaşayış massivində yerləşən mübahisəli binaya yönəldilməsi iddiası verdim. Əsasların olmasına baxmayaraq hakim Sərdar Mehrəliyev bizim iddianı təmin etmədi. Həmin qətnamədən Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verdik, lakin hakim Mehdi Əsədovun sədrliyi ilə 22 dekabr 2014-cü ildə keçirilən prosesdə hakimlər “Safari-N” MMC-nin nümayəndəsinə sual etdilər ki, niyə 42 zərərçəkənə ev və pul vermisiz, digər zərərçəkənlərə evlərini və ya pullarını vermirsiz? Növbəti prosesdə isə İsfəndiyar Axundovun təzyiqindən sonra hakimlər əksinə cavabdeh “Safari-N” MMC-nin maraqlarını təmin etdilər, onların xeyrinə qərar verdilər.

Bildirirəm ki, qanuni qüvvəyə minmiş 29.10.2012, 11.03.2013, 23.10.2013-cü il tarixli qərarlarda bizim ödədiyimiz pulların həmin binaya xərclənməsi sübut olunub. İstintaq və məhkəmə zamanı 55 zərərçəkəndən 45 zərərçəkənə İsfəndiyar Axundov tərəfindən zərər ödənilib. Lakin bizə hər hansı ödəniş etmək istəmırlər və İsfəndiyar Axundov deyir ki, şikayət edirsiz edin, amma mənə heç nə edə bilməzsiniz”

H.Nəcəfəliyev yazır ki, işsizdir, ailəsinin sosial vəziyyəti günü-gündən pisləşir, dövlət orqanlarından İ.Axundovdan mənzilinin alınıb ona verilməsinə köməklik göstərilməsini istəyir.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın