Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Rza Zərrabın ABŞ-da həbsi: sifariş, yoxsa könüllü təslim, siyasi, yoxsa kriminal olay?

Rza Zərrabın ABŞ-da həbsi: sifariş, yoxsa könüllü təslim, siyasi, yoxsa kriminal olay?

Ekspert hadisənin mümkün pərdəarxası və sonuclarından danışdı: “Amerikanın bundan siyasi məqsədlər üçün istifadə edəcəyini düşünmürəm…”

İran əsilli  iş adamı Rza Zərrab 19 mart tarixində ABŞ-ın Florida ştatının Mayami şəhərində Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları tərəfindən həbs  olunub. ABŞ ədliyyə nazirinin milli təhlükəsizlik məsələləri üzrə müavini Con Karlin və FTB direktorunun müavini Dieqo Rodrigezin verdiyi birgə bəyanata əsasən, 33 yaşlı Zərrab iki İran vətəndaşı – Kamelia Cemşidi və Hüseyn Nəcəfzadə ilə birlikdə İran hökumətinin xeyrinə saxtakarlıq həyata keçirməkdə, yüz milyonlarla dolları saxta sənədlərlə banklar üzərindən transfer etməkdə şübhəli bilinir. Hakim Riçard Berman hər üç şübhəli üçün üst-üstə 75 il həbs cəzası tələb edib.
Rza Zərrab kimdir?
Mənbələrə görə, 12 sentyabr 1983-cü il İranda doğulan Rza Zərrab 20 yaşından sonra Türkiyədə yaşayıb. O, 1997-ci ildə qurulan “Nafees Exchange” və “Al Salam Center Exchange” firmalarıyla birlikdə Dubayda pul bazarlarında fəaliyyət göstərərək iş həyatına başlayıb. Lakin onun harada doğulması ilə bağlı məlumatlar bir qədər ziddiyyətlidir. Belə ki, Türkiyə mətbuatında Rza Zərrabın İranda deyil, Azərbaycanda doğulduğu da iddia edilir. Türkiyə mətbuatının yazdığına görə, iş adamı 1984-cü ildə Bakıda anadan olub. O, Azərbaycanın ən varlı iş adamlarından biri olmaqla bərabər, tayfa başçısı kimi də təqdim edilir.
Zərrab Türkiyəyə gəldikdən sonra azərbaycanlı sevgilisi Günel Zeynalova üçün mahnı sözləri də yazıb.  Zərrabın bu fəaliyyəti onu musiqi aləmində də tanıdıb. Türkiyədəki biznes  fəaliyyətlərinə isə 2008-ci ildə qurduğu “Royal Dənizçilik”  firması ilə başlayıb. Bunun ardınca isə dəmir polad və tikinti sektorunda investisiyalar edib. 2010-cu ildə qardaşı Məhəmməd Zərrab ilə “Royal Holding”i qurub. Həmin ildə Zərrab müğənni  Ebru Gündeşlə  ailə həyatı qurub.  Bu evlilikdən Alara adlı qızı dünyaya gəlib.
 
Zərrab həyat yoldaşına aldığı qiymətli hədiyyələrə görə tez-tez medianın gündəminə gəlirdi. Onun ictimaiyyətdə bu qədər məşhur sima olmasını, məhz bu faktorla da əlaqələndirənlər var. Zərrabların qurduğu “Royal Holding”  bir müddət sonra  8 firması ilə 10 fərqli sektorda fəaliyyət göstərməyə başlayıb. Hazırda  “Royal Hoding”in tərkibində  “Foulad Kaveh”, “Royal Denizçilik”, “Safir Altın LTD”, “Merkez İnşaat”, “Al  Nafees Exchange”, “ARE Havaçılık”, “Royal Atçılıq”, “Royal Mobilya” kimi şirkətlər fəaliyyət göstərirlər. Holdinqin Rusiyada, Dubayda, eləcə də İranda  investisiyaları var. 2012-ci ildə “Royal Holding”in ixracatı 2 milyard 500 milyon dollar təşkil edib.
Onu da qeyd edək ki, Zərrabın adı daha öncə də korrupsiya qalmaqalında hallanıb. O,  2013-cü ildə Türkiyədə qalmaqallı korrupsiya işi ilə bağlı həbs edilmişdi. O vaxt Zərrab hökumət üzvlərinə rüşvət verməkdə təqsirləndirilirdi. Lakin sonra ona qarşı irəli sürülən ittiham ləğv olunmuş və işə xitam verilmişdi. Bəhs etdiyimiz ərəfədə Türkiyədə hökumət üzvlərinə qarşı korrupsiya ittihamı ilə  təhqiqat da başlamışdı. Təhqiqat nəticəsində 3 nazir istefa vermişdi. Həmin zaman Türkiyənin baş naziri olan hazırkı prezident Rəcəb Tayyib Ərdoğan isə bu hadisələri bir çevriliş kimi qiymətləndirmişdi.
İndi isə Zərrabın vəkilləri ona qarşı irəli sürülən ittihamların 2013-cü ildəki korrupsiya təhqiqatı ilə əlaqəli olmadığını bildiriblər. Aprel ayında hakim qarşısına çıxacaq Zərrab ona qarşı irəli sürülən firıldaqçılıq və “çirkli pullar yuyulması” ittihamlarına cavab verməli olacaq.
Yuxarıda qeyd etdiyimiz kimi, bir çox mənbələrdə o, azərbaycanlı kimi də qeyd edilir. Eyni zamanda məlumatlara görə, Rza Zərrab həm də Azərbaycan vətəndaşıdır. Bəs Rza Zərrabın həbsinin uzantıları Azərbaycana qədər gələ bilərmi?
Öncəliklə qeyd edək ki, Britaniyanın tanınmış “Independent” qəzeti Rza Zərrabın ABŞ-da həbs edilməsinin prezident Rəcəb Tayyib Ərdoğanı çətin vəziyyətə salacağını yazıb. Zərrabın həbsi ilə bağlı məlumat “Həbs qərarı. Ərdoğanın yaxın ətrafına qədər uzanan və qurduğu partiyaya qarşı etimad problemi yaradan korrupsiya ittihamları yenidən gündəmə gələ bilər” şərhi ilə dərc olunub.
Məsələ ilə bağlı musavat.com-a politoloq Ərəstun Oruclu bildirdi ki, Rza Zərrabın həbsinin sifariş olduğunu düşünmür: “Azərbaycanda, Türkiyədə belə yanaşırlar ki, ABŞ-da və ya Avropada nə baş verirsə, arxasında siyasət dayanır. Məsələ kifayət qədər sadədir. Federal Təhqiqatlar Bürosu müstəqil bir qurumdur. Bu quruma heç bir siyasi hakimiyyətin təsir imkanları yoxdur. Rza Zərrab da yaxşı bilirdi ki, ona qarşı hansı ittihamlar olub. 2013-cü ildə də Zərrab saxlanılmışdı. Həmin dövrdə Ərdoğan prosesə müdaxilə etdi, polis rəsmiləri işdən azad edildi, Rza Zərrab da azadlığa çıxdı. Hesab edirəm ki, indi Zərrab bilərəkdən Amerikaya gedib. Ola  bilər ki, onu daha böyük təhlükələr gözləyirdi. Çünki o, əslində  heç də göründüyü qədər möhtəşəm bir fiqur deyil. Düşünürəm ki, bu yaşda, belə bir təcrübədə olan insan yalnız üzdə olan dekorativ fiqurdur. Kimlərinsə işlərini, sifarişlərini yerinə yetirir. İranın da sanksiyalar dövründə əsas biznes əlaqələrini quran, ”İnqilab Keşikçiləri”nə yaxın şirkətlər və  banklar olub. Bunlar Azərbaycanda da olublar. Hətta deyilənə görə, Rza Zərrabın iki vətəndaşlığı var- İran və Azərbaycan. Ancaq, deyək ki, FTB tərəfindən sabah hansısa  ittihamlar veriləcəksə, yaxud Azərbaycan və ya Türkiyə ilə bağlı  hansısa təhqiqatlara başlanılacaqsa, bunun arxasında siyasət axtarmaq lazım deyil”.
 
Politoloqa görə, Zərrab Amerikanın onun üçün təhlükəsiz ölkə olmadığını bilib: “Ancaq oranı seçibsə, demək, nəyə getdiyini də bilib.  Bilib ki, ABŞ-da onu uzaq başı həbs edəcəklər. Ancaq başqa ölkələrdə isə onun pis işlərin, maliyyə fırıldaqlarının iştirakçısı, şahidi kimi arzuolunmaz şahidə çevrilməsi təhlükəsi də ola bilərdi. Eyni zamanda  Amerika hüquq sistemində şahid ifadəsi vermək, məhkəmə, istintaqla əməkdaşlıq etmək məsələsi var ki, bu, çox yüngülləşdirici hal sayılır. Hətta ola bilər ki, sabah Zərrab, ümumiyyətlə, ittiham edilən şəxsdən şahidə keçsin. Bu, tamamilə mümkündür. Ancaq bu halın Amerika hökuməti tərəfindən siyasi məqsədlər üçün istifadə ediləcəyini düşünmürəm. Hesab edirəm ki, bu adi bir kriminal işidir”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın