Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Gündəm / Rusiyadakı milyarderlərimiz Azərbaycanda nələrdən şikayət edir –Bir telefon zəngindən yaranan mövzu

Rusiyadakı milyarderlərimiz Azərbaycanda nələrdən şikayət edir –Bir telefon zəngindən yaranan mövzu

“Azərbaycan milyarderlərinin xəsisliyi və Prak Sota nümunəsi” başlıqlı məqaləyə xaricdə yaşayan azərbaycanlı iş adamlarından reaksiya gəlib. “Forbes”in “dünyadakı zəngin iş adamları siyahısı”nda olan məşhur iş adamlarından biri qəzetimizin rəhbərliyi ilə əlaqə saxlayaraq, məqalənin obyektiv yazılmadığını bildirib.
O, özünün və Rusiyada bizneslə məşğul olan bir neçə yüksək ranqlı azərbaycanlı iş adamlarının adından zəng edərək, qəzetimizin rəhbərliyinə iradlarını bildirib. İş adamı deyib ki, əsas sual “Azərbaycanlı iş adamları niyə ölkəyə yatırım qoymyur” yox, “Azərbaycanda normal investisiya mühiti varmı?” şəklində qoyulmalıdır.
Eyni zamanda deyilib ki, məqalədə adları çəkilən Azərbaycan əsilli iş adamlarının bir çoxunun da ölkəmizdə yatırımları var:“Vahid Ələkbərovun, Qod Nisanovun, Mübariz Mənsimovun bu və ya başqa dərəcədə yatırımları var. Lakin gəlin görək, məsələn, Mübariz Mənsimovun timsalında,  bu yatırımlara münasibət necə olub? Siz qəzetsiniz, araşdırın, görün, böyük yatırımlara cəhd edən iş adamlarına imkan verilirmi? Onlara hansı problemlər yaradılır? Mən yalnız siyasi və icra strukturlarından danışmıram, ictimai sektor, əsas da yerli media bu insanlara –  xaricdəki zəngin iş adamlarımıza münasibətdə olduqca aqressivdir. Təşviq etmək, onları dəstəkləmək əvəzinə, olar-olmaz böhtanlar, neqativ məlumatlar yayır, onların çox pis obrazını yaratmağa çalışırlar. Hesab edirəm ki, bu da idarə olunan prosesdir. Belə bir mühit və münasibət olan yerdə, hansı iş adamı investisiya qoyar?”.
O deyib ki, xaricdəki iş adamları birmənalı olaraq, Azərbaycanda investisiya imkanlarının məhdud olduğunu və bu istiqamətdə müəyyən islahatlar aparılmasının zəruriliyini vurğulayırlar. Qəzetimizin rəhbərliyi bildirib ki, “Yeni Müsavat” Media Qrupunun xaricdə uğur və böyük sərvət qazanan azərbaycanlı iş adamlarına heç bir qərəzi yoxdur. Tam əksinə, onlara dəstək verməyə, onlarla işləməyə hazırdırlar. Lakin bu qəbildən olan soydaşlarımız Azərbaycan mediası ilə saymazyana, sanki yoxmuş kimi davranırlar. Onların əksəriyyəti, kiçik istisnalarla,  yerli mediaya açıqlama verməyi özlərinə sığışdırmırlar. Üstəlik, onlarla işgüzar əməkdaşlıqdan qaçırlar. Onlara yazılan məktublar, xitablar cavabsız qalır. Reklam anlaşmaları, Azərbaycanın milli sərvətlərindən sayılan milli mediaya investisiya qoyulması proqramları yoxdur. Bu halda, Azərbaycan mediası təbii ki, onlara dəstək olmayacaq…
Üstəlik, biznes sahəsində böyük uğurlar qazanan iş adamlarının ətrafında olan, onların “piar” (PR) kampaniyasını aparan şəxslər olduqca qeyri-peşəkar işləyirlər. Azərbaycan mediası ilə Azərbaycan əsilli iş adamlarının problemi varsa, bu, ilk növbədə onların özlərindən və onlara informasiya xidməti göstərən mütəxəssislərdən qaynaqlanır.
Bu telefon polemikasından sonra isə bu yazını yazmağı, üstəlik, oradakı bir sıra iradlara dair mütəxəssis rəyi almağı qərarlaşdırdıq. Öncə xaricdəki tanınmış iş adamlarının “Azərbaycanda normal investisiya mühiti varmı” sualını hökumətə yaxın olan iqtisadçılarla müzakirə etdik.
Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanda sahibkarlıq mühitinin problemlərindən və xaricdəki iş adamlarının ölkəmizə yatırım qoymasının zəruriliyindən danışdı: “Azərbaycanda investisiya mühiti haqqında deyilənlərə baxmayaraq, xaricdə yaşayan iş adamları ölkəmizə investisiya qoyur. Mən ötən gün bir obyektin açılışında oldum. Belarusda yaşayan bir azərbaycanlı biznesmen ölkəmizə investisiya qoyub və bu obyekti açıb. Həmin obyektin açılmasına təxminən 40 milyon manat vəsait yatırıb. Həmçinin ölkəmizə kənd təsərrüfatı ilə əlaqədar xeyli avadanlıq gətirib.  Hesab edirəm ki, istənilən azərbaycanlı iş adamı bunu etməlidir. Üstəgəl, dövlət başçısı da azərbaycanlı iş adamlarının Heydər Əliyev Mərkəzində keçirilən toplantısında onlara müraciət etdi ki, Azərbaycanın elə bir vaxtıdır ki, hər bir həmvətənimiz ölkənin müstəqilliyini, inkişafını fikirləşməlidir, buraya vəsait qoymalıdır. Ola bilər ki, müəyyən problemlər yaransın. Lakin Azərbaycan müstəqil dövlətdir. Ölkəmizə vəsait qoymaq o qədər də riskli deyil. Ölkəyə yatırılan vəsaitlər hökumət və dövlət tərəfindən qorunacaq”.
“Azərbaycan mediası ilə Azərbaycan əsilli iş adamlarının problemi varsa, bu, ilk növbədə onların özlərindən və onlara informasiya xidməti göstərən mütəxəssislərin yarıtmazlığından qaynaqlanır”
 
 
Vahid Əhmədov ölkəmizdə investisiya mühitində olan problemlərə də toxundu və bunun zamanla həllini tapacağını dedi: “Problemlərdən biri odur ki, nəzərdə tutulan islahat layihələri başa çatdırılmayıb, müəyyən işlər gedir. Korrupsiya və rüşvətxorluq var. Cənab prezident də bir daha qeyd etdi ki, bu problemlərin həll edilməsinə ehtiyac var. Müəyyən dövlət orqanlarında hələ də həllini tapmamış bürokratiya əngəlləri mövcuddur. Lakin ”ASAN” xidmət yarandıqdan sonra bu məsələlər müəyyən qədər həllini tapmış oldu. Yəni proses gedir. Bu prosesi birdən-birə qabaqlamaq da çətindir, onun qarşısını almaq da çətindir”.
Parlament üzvü həmçinin, xaricdə yaşayan azərbaycanlı milyarderlərin öz ölkələrinə investisiya qoymasının zəruriliyindən danışdı: “Fikrimcə, Azərbaycanın çörəyini yemiş, burada böyüyüb boya-başa çatmış hər bir azərbaycanlı bu dövlətin daha da möhkəmlənməsi üçün öz ölkəsinə vəsait qoymalıdır. Əllərindəki vəsaitin müəyyən hissəsini Azərbaycana qoymaqla həm öz ölkəsinə, millətinə xidmət etmiş olacaqlar, həm də qazanacaqlar. Hər bir azərbaycanlı iş adamı bunu etməlidir”.(musavat.com)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın