Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Rus sərkərdələri Taksim meydanında…

Rus sərkərdələri Taksim meydanında…

İstanbulun məşhur Taksim meydanında ucaldılmış və əksər tədbirlərin mərkəzi halına gəlmiş “Respublika abidəsi”nin (“Cümhuriyyət anıtı”) mövcudluğundan xəbərsiz az adam tapmaq olar.

Ancaq çoxları bir mühüm detala diqqət etməyib – mərkəzdə dayanmış Mustafa Kamal Atatürkün sol tərəfindəki 2 heykəl sovet generalları Kliment Voroşilova və Mixail Frunzeyə aiddir.

Bu yolla Atatürk yeni yaranan Türkiyə Respublikasının ərsəyə gəlməsində ona misilsiz yardım göstərmiş sovet hökumətinə öz minnətdarlıtını ifadə edib. Belə ki, Voroşilovla Frunzenin heykəlləri məhz Atatürkün şəxsi təşəbbüs və təklifi ilə hazırlanıb.

***

Gənc sovet dövləti ilə türk lideri Atatürk arasındakı sıx əməkdaşlığın başlanğıcı Azərbaycanda aprel inqilabının ərəfəsinə təsadüf edir. Bakıda sovet hakimiyyətinin qurulmasında bolşeviklər türk milli hərəkatının rəhbəri Mustafa Kamalın (gələcək Atatürk) köməyinə arxalanırlar.

1920-ci ilin yazında RK(b)P-nin Mərkəzi Komitəsinin Qafqaz bürosu Mustafa Kamal ilə əməkdaşlıq sazişi bağlayır. Rusiyanın türklərə ingilislərlə mübarizədə yardım edəcəyi müqabilində türk millətçiləri Qızıl Ordunun Azərbaycanı sovetləşdirməsinə xeyir-dualarını verirlər.

Bolşeviklərin Qafqaz bürosunun sədri Orconikidze (Serqo) RSFSR xarici işlər naziri Çiçerinə yazır: “Türkiyədəki millətçi hərəkatın rəhbəri Mustafa Kamal paşa Azərbaycandan tələb edib ki, sovet qoşunlarını öz ərazisindən Türkiyə sərhədinə buraxsın”.

Və oradaca işarə vurur: “Ola bilsin ki, bizim Bakıya girməyimiz və onu sovet dövləti elan etməyimiz qansız ötüşsün”.

21 aprel, 1920-ci ildə Ordconikidze və Tuxaçevski Bakıya hücum əmrini verirlər. Aprelin 23-də hücumun məqsədi tam aydınlaşır: “…XI ordunun son məqsədi yalnız Bakı quberniyasını yox, Azərbaycanın bütün ərazisini tutmaqdır”.

Aprelin 26-da Qızıl Ordu hissələri Azərbaycanla sərhədi keçir, 2 gün sonra isə yerli hökumət Bakını yerli kommunistlərə verərək təslim olur. Vur-tut 48 saat ərzində.

Voroşilov və İnönü

Orconikidze və Kirov Leninə yazırlar: “Bizim qoşunlarımız heç bir müqavimətə rast gəlmədən irəlilədi. Hakimiyyət yerli kommunistlərə təhvil veriləndən 2 saat sonra bizim zirehli qatarlarımız artıq Bakıda idi…”

Azərbaycanda sovet hakimiyyətinin qurulmasında əhəmiyyətli rolu Türkiyə hökuməti və hərbi məsləhətçiləri oynayır. Məhz sonuncular Azərbaycan ordusuna nəzarət edirdi.

Orconikidze və Kirov Leninə yazırlar: “Azərbaycan ordusu bütünlüklə bizim tərəfimizə keçdi. Bakı inqilabında türk əsgər və zabitləri çox aktiv rol oynadı. Onların dəstəsi yerli hökumətin Bakıdan qaçmaq imkanlarının qarşısını aldı”.

***

Bundan sonra RSFSR ilə Türkiyə arasında əməkdaşlıq yüksələn xətlə davam etməyə başlayır. Mustafa Kamal paşaya Qurtuluş Savaşında Rusiyanın hərbi və maliyyə yardımı lazım idi, Lenin isə Türkiyədəki hərəkatı Yaxın Şərqdə milli-azadlıq hərəkatı vasitəsilə kommunizm ideyalarının yayılması mənbəyi kimi qiymətləndirirdi.

1921-ci ilin 16 martında təntənəli şəraitdə RSFSR ilə Türkiyə arasında dostluq və qardaşlıq Müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən, sovet hökuməti Qars, Ərdəhan və Artvini Türkiyəyə güzəştə gedir, Türkiyə isə Gürcüstanın xeyrinə Batum üzərindəki suverenitetindən əl çəkir. Eyni zamanda sovet Rusiyası tərəfindən Türkiyəyə maliyyə yardımı ilə bağlı razılıq əldə edilir. Həmin razılığa görə, sovet hökuməti Türkiyəyə 10 milyon qızıl rubl həcmində pul yardımı, habelə hərbi sursatla köməklik göstərir.

Voroşilov və Atatürk

7 ay sonra – 1921-ci ilin 13 oktyabrında RSFSR-in iştirakı ilə Qarsda bir tərəfdən Türkiyə, digər tərəfdən isə Azərbaycan, Ermənistan və Gürcüstan arasında dostluq haqda müqavilə bağlanır. Türkiyənin şimal-şərq sərhədlərinin toxunulmazlıtını müəyyən edən həmin sənədin hazırlanmasında Şimal Donanmasının keçmiş hərbi komissarı, 1921-ci ilin mayından isə Rusiyanın Türkiyədə siyasi nümayəndəsi olan Sergey Nartsenius mühüm rol oynayır.

Həmin ilin avqustunda RSFSR-lə müqaviləyə uyğun olaraq Ukrayna SSR məşhur hərbi xadim Mixail Frunzeni Türkiyəyə fövqəladə səfir göndərir. Vətəndaş müaribəsinin tanınmış sərkərdəsi olan 36 yaşlı Frunze o ərəfədə İnqilabi Hərbi Komitənin (“Revvoensovet”) Ukraynada nümayəndəsi, Ukrayna və Krımdakı hərbi qüvvələrin komandanı və Ukrayna Kommunist Partiyasının Siyasi bürosunun üzvü idi.

Mixail Frunze 2 ay (1921-ci ilin dekabrından sonrakı ilin yanvarına qədər) Ankarada olur, Mustafa Kamalla yaxınlaşır. Həmin vaxt cəbhədəki ağır vəziyyət və ölkədəki maliyyə böhranı ilə əlaqədar Türkiyə özünün olduqca ümidsiz və çətin dövrünü yaşayırdı.

Frunze sovet hökumətinə israrla Türkiyəyə əlavə yardım üçün yollar tapmağı təklif edir. Məhz onun Türkiyəyə yollanmasından sonra Moskva Ankaraya həm diplomatik, həm də hərbi və maliyyə yardımını daha da gücləndirir. Bununla da, Sovet Rusiyası yeni yaranmaqda olan Türkiyə Respublikasını faktik olaraq məhv olmaqdan xilas edir.

1922-ci ilin 5 yanvarında Moskva Semyon Aralovu (1880-1969) özünün Türkiyədə səfiri təyin edir. Ankaraya yola düşməzdən əvvəl Aralovu Vladimir Lenin qəbul edir.

Aralov xatirələrində yazır ki, Lenin ona bu sözləri söyləyir: “Türklər öz milli azadlıqları uğrunda mücadilə edirlər. Odur ki, Mərkəzi Komitə sizi oraya hərb işini bilən birisi kimi təhkim edir”.

Yəni göründüyü kimi, səfir olaraq sovet hökuməti ora məhz hərbçini yollayır. Sonralar Aralov Baş Kəşfiyyat İdarəsinin (məşhur “QRU”) yaradıcısı olacaqdı.

Yeri gəlmişkən, Semyon Aralovun zəngin bioqrafiyasının maraqlı faktlarından biri də 1941-ci ildə Böyük Vətən müharibəsi başlayararkən onun 61 yaşı olmağına baxmayaraq ön cəbhəyə vuruşmaq üçün könüllü yollanmasıdır.

1922-ci ilin mart-aprel aylarında türk qoşunları ingilis və yunan işğalçılarına qarşı genişmiqyaslı hücum əməliyyatına hazırlaşarkən Mustafa Kamalın dəvəti ilə Semyon Aralov, hərbi attaşe Konstantin Zvonaryov və Azərbaycanın Türkiyədəki ilk səfiri İbrahim Əbilov (1881-1923. Köhnə bolşevik, ADR dövründə parlamentdə sosialistlər fraksiyasının üzvü) milli-azadlıq ordusunun hissələrinə baş çəkirlər.

Onlar piyada və süvari diviziyalarında, 2 ordu və 2 korpusun qərargahında olur, Konyada hərbi istehkamları nəzərdən keçirir və milli ordunun ad gününün qeyd olunmasında iştirak edirlər. Sovet nümayəndələri mitinqdən sonra əsgərlərə üzərində türk dilində “Türk əsgərinə Sovet Rusiyasının Qızıl Ordusundan” sözəri yazılmış hədiyyələr paylayırlar.

***

İndi isə rəqəmlərə müraciət edək:

1921-ci ilin 16 mart müqaviləsinə uyğun olaraq sovet hökuməti 2 il ərzində Novorossiysk, Tuapse və Batumi limanları vasitəsilə Türkiyəyə 39 min tüfəng, 327 pulemyot, 54 top, 63 milyon patron, 147 min mərmi və s. göndərir.

Şərq sərhədlərindən Türkiyəyə 1918-ci ildə rus ordusundan qalan hərbi təchizat yola salınır. Ankarada sovet hökuməti tərəfindən 2 barıt fabriki qurulur. Bunlardan əlavə, sovet diplomatik missiyası başda məsləhətçi Upmal-Anqarski olmaqla Türkiyəyə 200,6 kiloqram qızıl (külçə halında) verir.

Mixail Frunze Trabzonda olarkən valideynlərini cəbhədə itirmiş uşaqlar üçün sığınacaq tikintisi üçün Türkiyə hökumətinə 100 min qızıl rubl hədiyyə edir, Semyon Aralov isə tipoqrafiya və kinoqurğuların əldə olunmasına 20 min lirə bağışlayır. 1922-ci ilin 3 mayında Ankarada Semyon Aralov yerli hökumətə daha 3,5 milyon qızıl rubl çatdırır.

Ölkələr arasında yaxınlaşmanın daha bir göstəricisi 1922-23-cü illərdəki Lozanna konfransı olur. Həmin konfransda SSRİ Türkiyənin dəniz boğazları üzərində suverenliyinə dair tezisi müdafiə edir.

Lozanna müqaviləsinin imzalanmasından sonra Türkiyə dövlət müstəqilliyini əldə edir və əcnəbi qoşunlar ölkə ərazisindən çıxarılır. 1923-cü ilin 29 oktyabrında Böyük Millət Məclisi Türkiyəni Respublika elan edir, Mustafa Kamal isə prezident seçilir. 2 gün sonra SSRİ Mərkəzi İcraiyyə Komitəsinin (MİK) sədri Mixail Kalinin ona təbrik teleqramı göndərir.

***

Haqqında söz açdığımız Respublika abidəsinin açılışı 1928-ci ilin avqustunda olur. Türkiyə Respublikasının simvolu sayılan abidəni İtaliya heykəltaraşı Pyetro Kanonika (1869-1959) hazırlayır. Onun 11 metr hündürlüyündə olan əsasında müasir Türkiyənin yaranmasında fəal iştirak etmiş şəxslər təsvir olunub. Voroşilov və Frunze onların arasında yeganə əcnəbilərdir. Bununla da Atatürk misilsiz yardımına görə sovet dövlətinə öz təşəkkürünü çatdırmış olur…

Məmməd Süleymanov

Virtualaz.org

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın