Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / “Rauf Mirqədirov kəmfürsət və milli qürur hissindən məhrum məmurların istəyi ilə həbs olunub”

“Rauf Mirqədirov kəmfürsət və milli qürur hissindən məhrum məmurların istəyi ilə həbs olunub”

Politoloji təhlilləri və tənqidi yazıları ilə uzun illər jurnalistikamızın üzünü ağ eləmiş, geniş oxucu məhəbbəti qazanmış istedadlı həmkarım Rauf Mirqədirovu 6 il azadlıqdan məhrum etmək barədə məhkəmənin çıxardığı qərar çox üzücüdür. Ölkənin ən cəsur jurnalistlərindən birini sifarişlə həbs edənlərdən, silahı yalnız qələm olan söz adamına məhkəmə açanlardan, mənəvi siması şübhə doğuran ittihamçılardan, çoxdandır onu susdurmağa çalışanlardan fərqli olaraq, Rauf millətini və dövlətini heç kimdən az istəmir. Hər kəs onu Vətəninin sabahını işıqlı görmək istəyən, bunun üçün də həmin gələcəyə təhlükə yaradanları çəkinmədən tənqid edən vicdanlı jurnalist kimi tanıyır.
Rauf son üç ildə Bakida yaşamırdı, yəni dövlət sirrlərinə və hərbi-strateji obyektlərə yaxın deyildi. “Zerkalo”nun Türkiyə üzrə müxbiri kimi Ankarada çalışırdı, maraqlı təhlillər yazırdı. Onun yazdıqlarını təkcə Azərbaycan paytaxtında deyil, Yerevanda, Tbilisidə, Moskvada və başqa yerlərdə də diqqətlə oxuyur, qızğın müzakirə edirdilər.
Politiloji təhlilləri həmişə maraq doğuran Rauf geosiyasəti əla bilirdi, Şərqi Avropada, Cənubi Qafqaz və Yaxın Şərqdə gedən qlobal proseslerin mahiyyətini dərindən duyur və dərindən təhlil edirdi. Əlbəttə, ağıllı analitik kimi, o, Azərbaycanın bir çox fəlakətlərinin səbəbkarı olan Rusiyanın mənfi proseslərdəki rolunu da yaxşı görür, bu ölkənin nüfuz savaşına çıxdığı Qafqazda real təhlükələr yaratmasını gerçək faktlara əsaslanaraq davamlı tənqid edirdi.
Təbii ki, bu yazılar çoxlarını qıcıqlandırırdı, xüsusən Moskvada. Ona görə də mən belə hesab edirəm ki, Rauf Mirqədirov kimi parlaq bir jurnalist Rusiyanın sifarişi, Azərbaycanın kəmfürsət və milli qürur hissindən məhrum olmuş bəzi məmurlarının istəyi nəticəsində həbs olunub. Mən bu işdə “dövlətçilik naminə çalışan” bir qurum kimi ifşa olunmuş MTN-in bədnam rolundan və qapalı aparıldığından detalları bizə bəlli olmayan məhkəmə prosesindən danışmaq istəmirəm. Bircə şeyi bilirəm ki, “dövlət xəyanəti” ittihamlarını inam və əminliklə rədd edən tənqidçi jurnalisti qurama ittihamlarla həbsxanada saxlamaq Allaha xoş getməyəcək”.
Qulu Məhərrəmli, media eksperti

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın