Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / “Rabitə işi”: Baş mühasib açdı sandığı, tökdü pambığı

“Rabitə işi”: Baş mühasib açdı sandığı, tökdü pambığı

“Müqavilələrdə görüləcək işlərin və alınacaq materialların dəyəri real dəyərindən artıq göstərilib, qiymətlər şişirdilib. Qovşaqlarda sənədləşmələr elə aparılıb ki, guya kotirovka sorğusu və ya elan edilmiş tenderdə həmin müəssisələr qalib olub”.

“Rabitə çetesi” üzrə həbs olunanların biri də Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayevdir.
Virtualaz.org saytı istintaq materiallarına istinadən xəbər verir ki, həbsdə olan baş mühasib yığılan pullardan, şişirdilmiş rəqəmlərdən tutmuş, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalova apardığı “bağlamalar”dan da danışıb. A.Mustafayev BTRİB-də əvvəl anbardar, elektromexanik, mühasib, daha sonra isə baş mühasib vəzifələrində işləyib.
İfadəsində göstərib ki, Bakı Telefon Rabitə İstehsalat Birliyinin strukturuna 11 qurum – 6 rayon telefon qovşağı, bundan başqa “AzEuroTel”, “Bakı Kabel Qovşağı”, Rabitə qurğularının təmiri idarəsi, Bakı Avtomat telefon qovşağı və Layihə axtarış kontoru daxil olub. Bu qurumların isə ayrıca mühasibatlığı olub. Həmin mühasibatlıqlarda aparılan hesabatlar barədə BTRİB-ə rüblük, yarımillik və illik hesabatlar verilib. Hər bir struktur bölmənin də ayrıca bank hesabı olub. Qovşaqlar bütün hesablaşma və ödənişləri BTRİB-in razılığı ilə yerinə yetiriblər. Görülən işlərə görə müqavilələr bağlanılıb, müqavilələr üzrə işlərin görülməsinə nəzarət edilib. Görülən işlərə görə isə BTRİB-in rəhbərliyinin şifahi göstərişinə əsasən qovşaqlar tərəfindən ödənişlər aparılıb. Qovşaqların gəliri əhaliyə göstərilən telefon xidməti, abunə haqqı, internet xidməti, servis xidmətləri hesabına formalaşırmış.
A.Mustafayev Birliyin uçot işini təşkil etdiyini deyib: ”Qovşaqlara görülmüş işlərə görə özəl təşkilatlara ödəniş aparılması barədə müvafiq göstərişlər verilirdi. Qovşaqlar üzrə işləri əsasən “Bakı Rabitə Tikinti Təchizat” MMC, ”Təmir Tikinti Servis” MMC, eyni zamanda “Rabitə Mülki Tikinti” MMC və “3 nömrəli Təmir Tikinti” MMC-lər icra edirdi. Həmin özəl təşkilatların rəhbərləri – Bayram Vəliyev, Emin Məmmədov və birliyin baş direktoru Beytulla Hüseynovla yaxın münasibətimiz vardı. “Bakı Rabitə Tikinti Təchizat“ MMC-nin əvvəlki təsisçisi isə Beytulla Hüseynovun həyat yoldaşı idi. Həmin müəssisə Bayram Vəliyevin adına sənədləşdirilmişdi. Amma faktiki olaraq Beytulla Hüseynovun özünə məxsus idi”.
Baş mühasib ifadəsində göstərib ki, görülmüş işlərə və alınmış materiallara görə pul vəsaitləri adları çəkilən özəl cəmiyyətlərə köçürülüb. Həmin müəssisələr Beytulla Hüseynovun özünə və ona yaxın şəxslərə məxsus olub. B.Hüseynovun tapşırığı ilə pul vəsaitlərinin həmin müəssisələrə köçürülməsi barədə qovşaq rəislərinə göstəriş verib, müəssisə rəhbərləri ilə Beytulla Hüseynov arasında köçürülən vəsaitin hansı hissəsinin sonuncuya qaytarılması barədə əvvəlcədən razılaşma olub. Qovşaqlarda sənədləşmələr elə aparılıb ki, guya kotirovka sorğusu və ya elan edilmiş tenderdə həmin müəssisələr qalib olub. Daha sonra isə qovşaqla işi görəcək və material satacaq həmin müəssisə arasında podrat müqavilələri bağlanılıb, müqavilələrdə görüləcək işlərin, alınacaq materialların dəyəri real dəyərindən artıq göstərilib, qiymətlər şişirdilib. Şişirdilmiş rəqəmlər həmin cəmiyyətlərin bank hesablarına köçürülüb.
Özəl cəmiyyətlərin rəhbərləri Bayram Vəliyev və Emin Məmmədov 2005-ci ilin may ayından 2007-ci ilin sonuna kimi olan dövr ərzində köçürülən vəsaitin ƏDV-siz hissəsindən 15 faiz, 2008-2009-cu illər ərzində 20 faiz, 2010-2013-cü illər ərzində 25 faiz, 2014-cü ilin yanvar ayından 2015-ci ilin sentyabr ayının axırına kimi olan dövrdə isə 30 faizini nağd olaraq A.Mustafayevə verib. A.Mustafayev isə öz növbəsində Bayram Vəliyev və Emin Məmmədovun ona verdiyi pulları hesabatı ilə birlikdə hər ayın sonunda, ya da növbəti ayın əvvəlində Beytulla Hüseynova çatdırıb: ”Əvvəlki dövrlərdə hər ay Beytulla Hüseynova verdiyim pulların miqdarını dəqiq xatırlamıram. Lakin 2015-ci ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi olan dövrdə isə hər ay Beytulla Hüseynova 270-310 min manat məbləğində pul vermişəm. Eşitdiyimə görə, o da hər ay nazirliyin Aparat rəhbəri Vidadi Zeynalova pul verib”.
Baş mühasib deyir ki, B.Hüseynov hər ay qeyri-qanuni yolla əldə olunan puldan ona 2500 manat, sonrakı illərdə isə 4000-7000 manat pul verib.
Həmçinin ifadəsində göstərib ki, 2009-2015-ci illərdə BTRİB-ə və onun struktur qurumları olan telefon qovşaqlarına əhaliyə, müəssisə və təşkilatlara, özəl təşkilatlara göstərilən rabitə xidmətlərindən, həmçinin dövlət büdcəsindən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur qurumu olan “Azintelekom” MMC-dən də vəsaitlər daxil olub.
Baş mühasib 2009-2015-ci illərdə BTRİB və onun struktur bölmələri üzrə görülən işlərin və alınan materialların qiymətinin artırılmasının təşkilatçısı olmadığını desə də, B.Hüseynovun göstərişi ilə Vidadi Zeynalova “bağlama” apardığını etiraf edib: ”Baş direktor Beytulla Hüseynovun göstərişi ilə Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalova bir-iki dəfə bağlama vermişəm. Lakin həmin bağlamanın içərisində nə olduğunu bilməmişəm. İşlərin görülməsi, materialların alınması üzrə qiymətlərin artırılması ilə əldə olunan vəsaitdən mənə də pul verilib. Hər ay 2000, ya da 2500 manat pul almışam”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın