Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / “Rabitə çete”sinin məhkəməsində ilginc korrupsiya açıqlamaları

“Rabitə çete”sinin məhkəməsində ilginc korrupsiya açıqlamaları

BTRİB-in rəisi Beytulla Hüseynov talançılığı rəhbərliyin göstərişi ilə etdiyini bildirdi; baş mühasib isə dövlətin pullarını necə mənimsədiklərinin xəritəsini göstərdi

 
Noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, noyabrın 30-da baş tutan məhkəmə prosesində təqsirləndirilən şəxslərdən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev və digərləri ifadə verib.
A.Mustafayev digərlərindən fərqli olaraq etirafedici ifadələr verib.
“Gördüyümüz iş monopoliya idi, amma biz məcburiyyət qarşısında qalıb etmişik” – deyə, o bildirib.
Anar Mustafayev istintaqın qərəzli aparılmasından, ona qarşı irəli sürülən mənimsənilmiş olaraq qeyd edilən rəqəmlərin şişirdilməsindən, istintaqın sonunda cinayət işinin materialları ilə tanış olmasına şərait yaradılmamasından narazı olduğunu bildirib.
 
O, təşkilatçı kimi qələmə verilməsindən də gileylənib: “Guya planı mən hazırlamışam. Əgər planı mən yazmışdımsa, belə ağlım, bacarığım vardısa, niyə istintaqın qənaətinə görə, Beytulla Hüseynov və Vidadi Zeynalovun hər birinə 10 milyon vermişəm, özümə isə 567 min manat götürürdüm?  Mən bununla günahsız olduğumu demək istəmirəm. Günahımı ilk gündən etiraf etmişəm. Ancaq burada doğru olmayan ittihamlar var”.
Image result for BTRİB
Keçmiş baş mühasib əlavə edib ki, xərclərin şişirdilməsi nəticəsində əldə olunan vəsaitdən hər ay 7 min manat “paket” olaraq əmək haqqı alması barədə iş materiallarında yazılanlar həqiqətə uyğun deyil.
Onun sözlərinə görə, ayda rəsmi maaşdan əlavə 2 min manat pul alıb: “Əməliyyat olunan zaman Beytulla müəllim mənə 8 min, 5 min və 4 min manat pul verib. Ayda 7 min alırdımsa, Beytulla müəllimdən niyə pul alırdım? Düzdür, ayda mənə 7 min verilib, amma cəmi 2 mini mənə çatıb, qalanı müxtəlif məsələlərə, o cümlədən işçilərin xəstəliklərinin müalicəsindən tutmuş, onların övladlarının təhsilinə, bayram tədbirlərinə qədər müxtəlif işlərə xərclənib”.


“Bilirdik ki, bir gün qapı döyüləcək, amma edirdik”

Təqsirləndirilən şəxs deyib ki, baş mühasibi olduğu quruma daxil olan bütün vəsaitlər təyinatı üzrə tam xərclənib: “Ya vəsaiti biz oğurladıq, ya da oğurlanmasına şərait yaratdıq – eyni şeydir. Hərçənd bilirdik ki, bir gün qapı döyüləcək, amma eləyirdik. Layihələr hazırlanırdı, onların icrasını inandığımız adamlara həvalə edirdik. Amma onlara əvvəlcədən deyirdik ki, siz qazanc götürməyəcəksiz. O adamlara şişirtmə nəticəsində qalan vəsaitdən ”paket” əmək haqqı verilirdi. Bu baxımdan, biz dövlət əmlakını mənimsəməmişik, Bayram müəllimin, Emin müəllimin, Namazalı müəllimin qazancına girmişik. Dəfələrlə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi yoxlamalar aparıb, heç bir kənarlaşma aşkarlanmayıb. Həqiqətən də ədalətli araşdırılsa, görünər ki, zərrə qədər yayınma yoxdur. Başqa şirkətlərlə işləsəydik, daha baha başa gələcəkdi”.


“5 min işçilərin müalicəsinə, toylara, yaslara gedirdi”

Image result for 5 min manat
Anar Mustafayev prokuror Fərid Nağıyevin suallarını cavablandırarkən nazirliyə bağlamalarda pul apardığını da etiraf edib. Amma məbləğ barədə məlumatının olmadığını söyləyib.
 
Anar Mustafayev suallara da cavab verib. O deyib ki, B.Hüseynovdan ümumi olaraq maaşdan əlavə təxminən 100 min manat alıb: “Aylıq aldığım 7 min manatdan 5 mini işçilərin müalicəsinə, toylara, yaslara gedirdi”.
Digər təqsirləndirilən şəxs Bayram Vəliyev istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib. Məhkəmədə onun istintaqa ifadəsi elan olunub.

“1000 manat maaş, 1500 manat isə paket alırdım”

O deyib ki, şirkətləri təsis edərək Beytulla Hüseynova işləmək istədiyini deyib: “Gömrükdə işdən təzə çıxmışdım, işsiz idim. Bundan sonra mən rəsmi olaraq rəhbər qalsam da, faktiki olaraq Beytulla Hüseynov rəhbərlik edirdi. O, tenderlərdə həmin şirkətlərin qalib olmasını təmin edirdi. Mən Beytulla Hüseynovun əmrlərini yerinə yetirmişəm, 1000 manat maaş, 1500 manat isə paket alırdım. Tender və kodirovka sənədləri ilə məşğul olmurdum, özləri həll edirdi, sadəcə, qol çəkirdim”.
Image result for Vidadi Zeynalov
Vidadi Zeynalov isə ittiham aktını almadığını deyib. Hakim aktın ona veriləcəyini bildirib.
Ötən prosesdə ifadə verən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru olmuş Beytulla Hüseynov budəfəki prosesdə sualları cavablandırıb.
O, Vidadi Zeynalovun vəkillərinin suallarına cavabında istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, əlavə suallara cavab vermək istəmədiyini deyib.
B.Hüseynov bütün işləri rəhbərliyin göstərişi ilə yerinə yetirdiyini desə də, vəkillərin israrına baxmayaraq ad çəkmək istəmədiyini bildirib.
Bu səbəbdən də məhkəmədə onun istintaqa ifadəsi elan olunub. Beytulla Hüseynov bir daha onu təsdiqləyib. 
 
Məhkəmə prosesi dekabrın 2-də davam etdiriləcək.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın