Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Gündəm / “Quska işi” – məmurlara və xaricdəki söyüş dəstəsinə çıxan sirlər açıla bilər…

“Quska işi” – məmurlara və xaricdəki söyüş dəstəsinə çıxan sirlər açıla bilər…

Son günlərin ən sensasion hadisələrindən biri də “Quska” ləqəbli Hüseyn Abdullayevin həbs edilərək Azərbaycana gətirilməsi oldu. “Quska”nı son illərin ən odioz fiqurlarından saymaq olar. Onu yaxından tanıyanlar deyirlər ki, əslən Naxçıvan MR-in Culfa rayonundan olan bu adamın varlanmasının maraqlı tarixçəsi var.

Hələ SSRİ dövründən Culfada gömrük-keçid məntəqəsi olub. Sərhədlər açılandan sonra isə həmin gömrük daha funksional şəkildə fəaliyyətə başlayıb. “Quska” həmin vaxt yaranmış şəraitdən istifadə edərək, blokada şəraitində olan Naxçıvandakı metalları İrana satmağa başlayıb. Kifayət qədər əlinə pul keçirəndən sonra Bakıya gəlib və böyük biznes adamına çevrilib. Ancaq keçdiyi həyat yolu göstərir ki, “Quska” yalnız bir işin qulpundan yapışmaqla kifayətlənməyib. Pul qazanmaqla yanaşı, mahnı bəstələməyə meyl edib. Onun hobbisi bununla da bitməyib. O, siyasətə də maraq göstərməyə çalışıb. Vaxtilə ətrafında saxladığı qoçu dəstələrinə göstəriş verməklə mitinqləri dağıdıb, tanınmış partiya funksionerlərini döydürüb. Təbii ki, bu cür özfəaliyyətilə iqtidarın gözünə girməyə cəhdlər edib. Sonra deputat seçilib. Qoluzorluluqdan irəli gələn, küçə uşaqlarına xas olan davranışlara adət edən bu adam parlamenti başqa yerlərlə səhv salaraq, orada da özünəməxsus davranış nümayiş etdirib. Millət vəkili Fəzail Ağamalının üstünə parlamentdə etdiyi hücumdan sonra mandatdan məhrum edilib və həbsxanaya düşüb. Ancaq etdiyi yalvar-yapışları nəzərə alan Azərbaycan hakimiyyəti ona qarşı humanist davranış nümayiş etdirərək “Quska”nın tez bir zamanda azadlığa çıxmasına maneçilik etməyib.

Sakit şəkildə ölkəni tərk edən “Quska” Almaniyaya köçüb. Daha doğrusu, müxtəlif yollarla qazandığı pulları xaricə daşımağa başlayıb. Xaricdə işini qurduqdan sonra yenə öz ampluasına qayıdan “Quska” özünü əzabkeş bir dona salaraq, virtual “qəhrəmana” çevrilməyə cəhd edib. Köhnə “manıslıq” sənətini işə salaraq, guya mitinqlərdə incidilən Azərbaycan vətəndaşlarına mahnı həsr edib, ona klip çəkib. Maraqlı paradoks üzə çıxırdı. Bir vaxtlar mitinqə çıxanlara divan tutan adam, indi həmin kontingentə canıyananlıq edirdi. Elə burdan da görünürdü ki, “Quska” hansı addımı atdığının və nə etdiyinin fərqində deyil. Bizim radikal müxalifət isə “Quska”ya əməlli-başlı qucaq açdı. Kənardan aydın görünürdü ki, “Quska” bizim pulsuz-parasız qalan müxalifətimiz üçün yeni “əmziyə” çevrilmişdi. Belə olmasaydı, “Quska” ilə onun vaxtilə təpiyin altına salaraq döydürdüyü adamları hansı başqa tellər bir-birinə bağlaya bilərdi? Azərbaycanda onunla bağlı aparılan araşdırmalardan sonra Hüseyn Abdullayev barəsində 6 il əvvəl, 2012-ci ildə Cinayət Məcəlləsinin 213-cü – külli miqdarda vergidən yayınma maddəsi ilə cinayət işi başlandı. Həmin vaxt sabiq deputat ölkədən qaçdığı üçün barəsində həbsli axtarış elan olunmuşdu. Onu bir müddət beynəlxalq polis təşkilatı – İnterpol xətti ilə də bütün dünyada axtarırdılar. Sonradan H.Abdullayevin adı beynəlxalq polis təşkilatının axtarış siyahılarından çıxarıldı.

Azərbaycandan qaçaq düşəndən sonra Almaniyada məskunlaşan H.Abdullayev vəsaitlərinin böyük qismini bu ölkəyə transfer edərək, bizneslə məşğul olmağa başlayıb. H.Abdullayevi əldə etdiyi mühacir statusu o qədər arxayın edib ki, o hətta tez-tez Türkiyəyə belə gəlib-getməyə, orada doğmaları ilə görüşməyə başlayıb. Hətta deyilənə görə, o, ötən ilin yay tətilini anası və digər yaxınları ilə bərabər Ağdəniz sahillərindəki otellərdən birində keçirib. Bütün bunlar barədə biz jurnalistlərin xəbəri olursa, demək, Azərbaycanın əlaqədar qurumlarının da bilgisi olmamış deyil. Görünür, onun məhz Türkiyədə həbs edilməsi əvvəlcə zəruri olmayıb. Ancaq bu il ərzində aktivləşən virtual söyüş kampaniyasının məhz onun tərəfindən maliyyələşdirildiyi ortaya çıxandan sonra “Quska”nın, necə olursa-olsun, həbs edilməsi və ölkəyə gətirilərək qanun qarşısında cavab verməsi zərurəti yaranıb. Çünki deyilən fəaliyyət birbaşa Azərbaycanın dövlət quruluşunun dəyişməsinə yönəldiyi üçün, bu açar adam vasitəsilə bir çox detallara aydınlıq gətirilə bilər. Azərbaycanın əlaqədar qurumları bunun fərqinə vardıqları üçün belə risqli əməliyyatı gerçəkləşdiriblər. “Quska”nın “söyüş müxalifəti” ilə yanaşı, bir sıra radikal müxalifət dairələri ilə də sıx işbirliyində olması şübhə doğurmur. Hətta iddialara görə, xaricdən Azərbaycan hakimiyyəti əleyhinə fəaliyyət göstərən bəzi media layihələrinin onun tərəfindən maliyyələşdirildiyinə də şübhə yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, H.Abdullayev canını yalnız vergi ittihamına cavab verməklə qurtara bilməyəcək.

H.Abdulayevlə onun birinci həbsdə olduğu dönəmdə həbsxanada rastlaşan mənbəmiz qeyd edir ki, onun cəza çəkməyə, çətin şəraitdə yaşamağa qəti dözümü yoxdur. Mənbəmizin dediyinə görə, bir neçə günlük həbsdə qaldığı müddət ərzində “Quska” tez-tez ağlayırmış və peşman olaraq, öz başına qapaz vurduğunu deyirmiş. Nəzərə alsaq ki, indi tam fərqli bir zamandır, onda “Quska” ağlayıb, yalvarmaqla canını qurtara bilməyəcək. Artıq “Quska” hakimiyyətlə olan bütün körpüləri yandırıb. Onun yeganə çıxış yolu istintaqla səmimi əməkdaşlıq etməkdir. “Quska”nın bunu edəcəyinə isə qətiyyən şübhə yoxdur. Demək ki, onunla bağlı aparılan cinayət işinin sərhədi daha da genişlənəcək və heç də şübhə yoxdur ki, hakimiyyət dəhlizlərinə qədər gedib çıxacaq. Çox güman ki, yaxın vaxtlarda biz müxalifət və hakimiyyətin içlərinə kimi gedib çıxmış mütəşəkkil bir dəstənin ifşa edildiyinin şahidi olacağıq. Çünki hakimiyyətin daxilindən də bəzi adamların “Quska” ilə sıx işbirliyində olmasına dair fikirlər səslənməkdədir. Hələlik sözü istintaqa veririk…

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi… – NARAZILIQ…

Dünən Suqovuşan su anbarından normadan artıq su buraxılması nəticəsində Bərdə rayonu ərazisində fəaliyyət göstərən regionun …