Ana səhifə / Gündəm / Qobustan qoruğunda turistlər nədən narazı qaldı? – Cavabdeh kimdir?

Qobustan qoruğunda turistlər nədən narazı qaldı? – Cavabdeh kimdir?

Ölkəmizə səfər edən turistlərin ən çox bəyəndiyi məkanlardan olan Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun yaxınlığında yerləşən restoranda natəmizlik baş alıb gedir.
Bu barədə Axar.az-a bazar günü xarici turistləri onların istəyi ilə Qobustan qoruğuna aparan adının açıqlanmasını istəməyən şəxs deyib. Onun sözlərinə görə, muzeyi ziyarət edən italyan tursitlər məkanın ecazkarlığına, qədimiliyinə heyran qalsalar da, həmin restorandakı natəmizlikdən, antisanitariyadan şikayətləniblər.
İtalyan turistləri qoruğa aparan həmyerlimizin sözlərinə görə, sözügedən restoranda digər bir problem də qiymətlərin həddindən artıq baha olmasıdır. Burada 1 ədədi 40 qəpiyə olan qoğal 4 manata, 30 qəpiklik sular isə 3 manata satılır.
Mədəniyyət və Turizm Nazirliyi baş verən olayla bağlı saytımıza açıqlamasında ərazinin onların nəzarətində olmadığını, cavabdeh qurumun Qobustan Dövlət Tarixi-Bədii Qoruğu olduğunu bildirib.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğundan da həmin restoranın qoruğa heç bir aidiyyəti olmadığı iddia edilib:
“Qorğun yanında kiçik bir restoran var, o da müqavilə əsasında fəaliyyət göstərir. Həmin yerdə yemək yox, ancaq meyvə şirəsi, dondurma və çay satılır. Biz burada 60 qəpiyə olan meyvə şirəsini 1 manata, 80 qəpiklik dondurmanı 1,20 manata, çayı isə 3 manata satırıq. Yemək xidməti göstərən restoranlar var, amma onlar bizə aid deyil”.
Belə görünür ki, qoruq ərazisində, daha dəqiq desək, muzeyin bir neçə addımlığında fəaliyyət göstərən restoranın heç kimə aidiyyəti yoxdur, müqavilə bağlayıblarsa (? – red.), o restoran sahibləri həmin ərazidə bildiklərini edə bilərlər.
Qeyd edək ki, ölkəmizə turist cəlbi Azərbaycan Prezidenti İlham Əliyevin prioritet sahə olaraq müəyyənləşdirdiyi istiqamətdir. Təsadüfü deyil ki, təkcə bu il ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı faiz deyil, 30 dəfəyə yaxın (!) artıb.
Ölkənin prioritet sahəsinə çevrilən turizm sektorunda xüsusi həssaslığın tələb edildiyi bir məqamda bu cür narazılığın yaranması isə arzuedilməzdir.

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın