Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Gündəm / Qızının maaşını ala bilməyən ata ilə market rəhbərinin münaqişəsi böyüyür – Video

Qızının maaşını ala bilməyən ata ilə market rəhbərinin münaqişəsi böyüyür – Video

Bir neçə gün bundan əvvəl  Azinforum.az olaraq, vətəndaş Rüstəmov Kamil Tərlan oğlunun  rastlaşdığı qanunsuzluqla bağlı bizə ünvanladığı videomüraciəti vermişdik.  Vətandaşın redaksiyamıza təqdim etdiyi videomüraciətdə deyilir ki, onun qızı Rüstəmova Aylin Kamil qızı son bir il müddətində Bakı-Sumqayıt şosesinin kənarındakı , Xırdalan qəbirstanlığı ilə üzbəüz olan “Azer City” adlı supermaketdə kassir işləyib.
Şikayətçi bildirir ki, həmin marketin sahibi əslən Laçın rayonundan olan Əliyev Azər adlı şəxs onun qızının 2 ay yarımlıq əmək haqqını vermir:

“Səbəbini belə izah edir ki, mənim qızım nə vaxtsa 15 dəqiqə işə keçikib. Buna görə onun əmək haqqından 50 manat kəsmək istəyib. Qızım buna etiraz edəndə, onunla kobud danışıb. Nəticədə qızım çox ağır, stresli vəziyyətdə ağlıya-ağlıya evə gəlib. Mən dəfələrlə həmin marketin rəhbərliyinə müraciət etsəm də, qızımın halal maaşını ala bilmirəm. Sonuncu dəfə marketin müdiri Azər müəllimin yanında 16 may tarixində oldum. O, mənimlə çox kobud davrandı və bildirdi ki, qızım 15 dəqiqə işə keçikməklə ona min manat ziyan vurub. Mən bilirəm ki, bunların hamısı bəhanədir. O, sadəcə mənim qızımın alın zəhməti ilə qazandığı pulu mənimsəmək istəyir. Siz təsəvvür edin ki, mənim qızım əvvəl işə səhər saat 7-də gedib, axşam 11-də çıxırdı. Bu 16 saat edir. Belə iş rejimi harda var? Bu, birbaşa Əmək Məcəlləsinin tələblərinin pozulması anlamına gəlir. 16 saatlıq gərgin işə görə, ona 400 manat əmək haqqı verirdilər. Mən gedib etiraz etdim, bundan sonra qızım 200 manat maaş müqabilində səhər saat 7-dən günorta saat 2-yə kimi işləməyə başladı. Mən Azər Əliyevin bu özbaşınalığına görəndən sonra, rəsmi qurumlara şikayət etmək qərarına gəldim. Həmin zaman qızım mənə dedi ki, onunla market arasında heç bir əmək müqaviləsi bağlanmayıb. Demək ki, mənim qızım bir il müddətində orada rəsmiləşdirilmədən çalışıb”.

Şikayətçi bildirir ki, Azər Əliyev son söz olaraq ona deyib ki, hara istəyirsə şikayət etsin, bir qəpik də olsun pul verən deyil:
“Biz hüquqi dövlətdə yaşayırıq. Bu adam nəyə arxayındır ki, belə dərəbəylik edir? Mən bütün Kütləvi İnformasiya Vasitələrindən xahiş editrəm ki, bu məsələni ictimailəşdirsinlər. Üzümü rəsmi dövlət qurumlarına tutub, xahiş edirəm ki, bu adamın fəaliyyətini araşdırsınlar. Necə ola billir ki, həmin marketdə işçilər əmək müqaviləsi olmadan çalışırlar. Azər Əliyev mənə deyir ki, o, 15 dəqiqəyə min manat qazanır. Maraqlıdır, həmin marketdə nə satılır ki, belə yüksək qazanc əldə olunur? Mən öz hüquqlarımı bütün qanuni vasitələrdən istifadə edərək qoruyacam və əminəm ki, haqq-ədalət öz yerini tapacaq”.
Sözügedən marketin rəhbərliyi barələrində səslənən iddialara aydınlıq gətirib. Marketin rəhbərliyində təmsil olunan  Habil adlı şəxs  Criminal.az saytına bildirib  ki, həmin işçi öz istəyi ilə işdən çıxıb. Onun sözlərinə görə, Aylin Rüstəmova işə dəfələrlə gecikirdi və buna görə ona xəbərdarlıq edildi:
”İradımızı bildirən günün səhərisi o işə gəlmədi. Onu işdən biz çıxarmamışıq. Həmin adamın işdəki yeməkdən zəhərlənməsi də boş söhbətdir. Biz hər gün işçiyə yaxşı yemək bişirməsi üçün aşbazla dava edirik. Çünki işçilərin çox vaxtı burda olur və gün ərzində iki dəfə yemək yeməli olurlar. Bu sözləri deməklə nə məqsəd daşıdıqlarını deyə bilmərəm”.
Biz Kamil Rüstəmovla  əlaqə saxlayıb vəziyyətin nə yerdə olduğu ilə maraqlandıq. O, bildirdi ki, hadisənin üstündən bir həftə keçməsinə baxmayaraq, Azər adlı market rəhbəri onun qızının halal maaşını vermək istəmir: “Mən onların mediaya verdiyi açıqlama ilə tanış oldum. Bəli, mənim qızım oradakı dözülməz rəftar və şəraitə etiraz əlaməti olaraq, işdən könüllü  çıxıb.  Bunun səbəbləri araşdırılmalıdır. Niyə market rəhbərliyi işçinin maaşını vermədikləri ilə bağlı bir kəlmə də olsun danışmır? Görün dərəbəylik nə həddə çatıb ki, onlar insanları işlədib  2 ay yarımlıq maaşını belə vermirlər. Üstəlik də deyirlər ki, gedin kimə istəyirsiniz şikayət edin. Artıq bu vəziyət  mənim üçün yalnız  bir maaş tələbini anlamını daşımır. Biz bu cür adamlara qanunun gücünü göstərməliyik ki, sonrakı davranışlarına diqqət etsinlər. Bu gün Azər adlı şəxsin əmələri ilə bağlı vergi orqanlarına, əmək müfətişliyinə, polisə və prokurorluğa rəsmi şikayət ünvanlamışam. Əminəm ki, onun özbaşınalığına lazımi hüquqi qiymət veriləcək”.
Çinarə Seyidova, Azinforum.az 

Həmçinin oxuyun

Əli Kərimli saxlanıldı

AXCP lideri Əli Kərimli evindən çıxandan dərhal sonra saxlanılıb. “Qafqazinfo”nun məlumatına görə, xəbəri “Azadlıq” radiosu …