Şənbə , Avqust 24 2019
Ana səhifə / Gündəm / Qadın generalın həbs edilməməsinin səbəbi açıqlandı

Qadın generalın həbs edilməməsinin səbəbi açıqlandı

Natəvan Mürvətovanın ev dustaqlığının səbəbi zərif cinsin nümayəndəsi olmasıdır, yoxsa başqa mətləblər var?
Mətbuat nümayəndələri ilə sərt davranışı səbəbindən cəmiyyətin diqqəti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat Texniki İdarəsinin sabiq rəisi Natəvan Mürvətova üzərində cəmləşdi. Onunla çiyin-çiyinə işləmiş general Sübahir Qurbanov, general Teymur Quliyev, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun həbsdə olduğu bir halda, N.Mürvətovanın niyə həbs edilmədiyi hər kəsi düşündürür. Xatırladaq ki, Natəvan Mirvətova istisna olmaqla, MTN işi üzrə saxlananların hamısı haqda həbs-qətimkan tədbiri seçilib. Xanım generaldan isə başqa yerə getməmək barədə iltizam alınıb. O, bu səbəbdən məhkəməyə evindən gedib-gəlir.
Onun həbs edilməməsində zərif cinsin nümayəndəsi olması rol oynayıb, yoxsa başqa mətləblər var?
İstefada olan təhlükəsizlik polkovnik-leytenantı İlham İsmayıl deyir ki, N.Mürvətova ona verilmiş göstərişlərin icraçısı olub:

“Natəvan Mürvətovanı qanunsuz dinləmələrdə günahlandırırlar. Onun vəzifəsi elə olub ki, dinləmə hərəkətlərini nazir və onun müavininin göstərişi ilə həyata keçirib. O, bəzi göstərişlərin qanunsuz olduğunu yəqin ki, bilib. Məsələnin bu tərəfi var ki, qanunla verilən göstərişlərə əməl etməlidir. Elə göstərişlər verilib ki, məhkəmə qərarları olmayıb. Bu mənada onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Ortada cinayət varsa, şəxsin qadın və ya kişi cinsinə aidliyi rol oynanmır”.

Image result for İlham İsmayıl
İ.İsmayıl qeyri-qanuni göstərişləri icra etmiş N.Mürvətovanın istintaqa cəlb edildiyi halda, həmin göstərişləri vermiş şəxslərin – Eldar Mahmudovun, Hilal Əsədovun istintaqdan kənar qalmasına da münasibətini açıqladı: “Qayda belədir ki, bu və ya digər şəxsin dinlənilməsi haqda göstəriş yazılı şəkildə verilir. Belə göstərişləri vermək səlahiyyəti nazir və onun müavinində olub. Əməliyyat-Texniki İdarənin rəisi kimi Natəvan Mürvətova belə bir göstəriş alandan sonra tələb olunan şəxslərin dinlənilməsini təmin etməli olub. Əgər şərait şəxsin təcili olaraq dinlənilməsini tələb edirsə, bu halda şifahi göstəriş verilə bilərdi. Amma maksimum 24 saat ərzində həmin şifahi göstəriş yazılı şəkildə təqdim edilməlidir”.
“Şifahi verilmiş göstəriş icra ediləndən sonra yazılı göstəriş təqdim edilmədiyi halda Natəvan Mürvətova hansı addımlar ata bilərdi” sualına İ.İsmayıl belə cavab verdi: “Natəvan Mürvətova hüquq şöbəsinə yazılı müraciət edib həmin dinləmə haqda yazılı göstərişin təqdim olunmasını istəyə bilərdi. Natəvan Mürvətova vaxtında raport yazıb şifahi dinləmə göstərişlərinin rəsmiləşdirilməsini tələb etsəydi, bu gün istintaqa cəlb edilib təqsirləndirilən şəxs olmazdı”.
N.Mürvətovanın çalışdığı nazirlikdə nazirə qarşı söz deyənlərin aqibətini görüb də, belə bir tələblə çıxış etməsi nə dərəcədə doğru olardı?
İ.İsmayıl icraçı N.Mürvətovanın istintaqa cəlb edildiyi halda, göstərişi verənlərin istintaqdan kənar qalmalarının başadüşülən olmadığını vurğuladı: “Natəvan Mürvətova ona verilən göstərişlərin qanunsuz olduğunu bilə-bilə həmin göstərişlərin icraçısına çevrilib. Hazırda iş üzrə istintaqda bəzi məsələlər hüquq çərçivəsindən kənardır. Bu səbəbdən də Eldar Mahmudovun yaxın ətrafı istintaqdan kənarda qala bilər. Bu gün Akif Çovdarovun etirazları da bu baxımdan haradasa başadüşüləndir. Çünki Akif Çovdarov bilir ki, onu suçlayanlar da ondan o qədər fərqli durumda deyillər. O, demək istəyir ki, mən bu əməlləri eləmişəm. Məgər sizlər məndən təmizsiz?”
Yada salaq ki, N.Mürvətova istintaqa cəlb edildiyi ilk günlərdə sabiq MTN əməkdaşı Ərəstun Oruclu qadın general haqda öz facebook divarında status yazmışdı. Ə.Oruclu istintaqa cəlb olunanların arasında adı keçən general-mayor Natəvan Mirvətovanı yaxşı tanıdığını açıqlamışdı.
“Vaxtilə onunla iş üzrə xeyli ünsiyyətdə olmuşdum. Bütün bu generallar arasında həmin rütbəyə yeganə layiq olan və Azərbaycanın tək general-xanımı idi. Amma çox təəssüf ki, Natavan xanımın işi ”çirkli” iş olmaqla yanaşı, həm də onu son 30 ilin ən miqyaslı informasiya daşıyıcısına çevirmişdi. O, həm də öz işinin yüksək səviyyəli peşəkarı idi. Bu isə həm onun özü, həm də bir çox başqaları üçün təhlükəli idi. Belə də oldu. Əminəm ki, Natəvan xanım dəfələrlə mənim də telefon danışıqlarımın dinlənilməsinə tapşırıqlar verib, amma yenə də deyirəm ki, bu, onun işi idi. Heç nəyə baxmayaraq, arzu edirəm ki, bu xanım həbsxanaya düşməsin. Allah yardımçısı olsun və günahlarını bağışlasın” -deyə Ə.Oruclu qeyd etmişdi.
Qeyd edək ki, Natəvan Mirvətova Azərbaycanın milli təhlükəsizlik orqanlarının 90 illiyi ilə əlaqədar 2009-cu ilin martında general rütbəsinə yüksəlib. 2013-cü ildə Natəvan Mirvətova “Vətən uğrunda” medalı ilə təltif olunub.
Azərbaycan tarixində ilk dəfə olaraq qadın general-mayor hərbi rütbəsi ilə təltif olunan Natəvan Mirvətova o vaxt Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat-texniki İdarəsinin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, məhkəmə önünə çıxarılan şəxslər mütəşəkkil dəstə yaradıb, 2004-2015-ci illərdə, özəlliklə iş adamlarından həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, onları qanunsuz olaraq, günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını qanunsuz dinləməkdə və başqa əməllərdə suçlanırlar. “MTN işi” üzrə ümumilikdə 162 nəfər zərərçəkmiş kimi tanınıb. Onların toplam 18 milyon 437 min manatlıq pul və daşınmaz əmlakının ələ keçirildiyi bildirilir.

musavat.com

Həmçinin oxuyun

Sabir Nağıyevə general-leytenant rütbəsi verildi – Sərəncam

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.  “Qafqazinfo” xəbər …

Bir cavab yazın