Ana səhifə / Gündəm / “”Qaçqınkom”un sədr müavini Gəray kişi Ədliyyə Nazirliyini aldadır..

“”Qaçqınkom”un sədr müavini Gəray kişi Ədliyyə Nazirliyini aldadır..

9 il gözlənilən cavab da saxta çıxdı…

Fərdlərin yalan danışması başa düşüləndir. Bu, ya bilərəkdən, qəsdlə, ya da səhvən, yanılmadan ola bilər.
Bəs dövlət orqanı yalan danışa bilərmi? Əlimizdəki fakt göstərir ki, bəli, danışa bilər. Bunu Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi edib.
Bu komitənin adını “Yalankom” qoysaydılar daha yaxşı olardı. Niyəsini bilmək istərsinizmi?
Komitə uzun müddətdir ki, məhkəmə qərarlarının icrasına  şəriklik edir. Şəxsən mənim özümün iştirak etdiyim bir çox proseslərdə qaçqınları vəhşicəsinə, bəzən hətta fiziki güc işlədərək, tutduqları mənzillərdən bayıra atıblar.
Ancaq bir işdə nə sirdisə, “Qaçkınkom” məhkəmə qətnaməsinin icrasına mane olmaq üçün məhkəmə icraçılarına, dövlət orqanı olan Ədliyyə Nazirliyinə saxta arayışlar belə verməkdən çəkinmir.
Quliyev Ənvər-Paşa Məlikoviçin iddiası ilə Abşeron rayon məhkəməsinin 2007-ci il tarixli qətnaməsinə əsasən,  Cəfərova Ofelya Rəhbər qızı, Cəfərov Seymur Fətiş oğlu və başqalarının  Abşeron rayonu, Goradil kəndindəki Ə.Quliyevə məxsus evdən və torpaq sahəsindən çıxarılmaları qət edilib.
Düz 9 ildir ki, qətnamə icra edilmir ki, edilmir. Buna səbəb məhkəmə qətnaməsinin kimlərinsə marağına uyğun olaraq  təftiş edilməsi və faktik olaraq qüvvədən salınmasıdır.
Qətnamə Azərbaycan dövlətinin adından çıxarılır və icrası hamı üçün məcburidir. Həmin qətnaməni də o vaxt Abşeron rayon məhkəməsinin sədri olan hörmətli Çingiz Bəşirov qəbul etmişdi. Ç.Bəşirovu tanıyanlar yaxşı bilirlər ki, baxdığı işi, sözün yaxşı mənasında  ən vasvası formada, ən kiçik və çoxlarına əhəmiyyətsiz görünən detalları da araşdırmayınca qərar verən deyil. Bu qətnamə də qəbul ediləndə, cavabdehlərin qaçqın olub-olmamaları, həmin evə qaçqın kimi yerləşdirilib-yerləşdirilməmələri araşdırılmışdı.
Qətnamə qəti və aydın idi: cavabdehlər Ə. Quliyevin evindən çıxarılsınlar.
Ancaq hansısa sehrli bir əl qətnaməni icra etməyə imkana vermədi. Bu məqsədlə, yəni qətnaməni faktik olaraq təftiş edərək qüvvədən salmaq məqsədilə “Qaçkınkom”a cavabdehlərin mənzillə təmin edilmələri barədə  məktub  göndərildi. Bu “ağıllı” addım Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin keçmiş rəisi general Xanlar Zeynalovun vaxtında atıldı. Yeni rəis Nurəddin Mustafayevin vaxtında bir daha təkrarlandı.
Halbuki, məhkəmə qətnaməsində cavabdehlərin “başqa mənzillə təmin edilməklə həmin evdən çıxarılmaları” haqqında heç nə yox idi. Çıxarılsınlar, vəssalam. Çünki məhkəmə hələ 2007-ci ildə  müəyyən etmişdi ki, cavabdehlər Ə.Quliyevin xüsusi mülkiyyətində olan evə 1997-ci ildə, yəni atəşkəs müqaviləsindən 3 il sonra qaçqın kimi yerləşdirilməyiblər. Tam əksinə, saxta olduğu onlara da məlum olan etibarnamədən istifadə edərək 3 min (???) ABŞ dollarına  alıblar.  Elə həmin 2007-ci ildə o da müəyyən edilmişdi ki, cavabdehlər 2006-cı ildə qaçqın kimi 4 otaqlı mənzillə təmin ediliblərmiş.
Ancaq sən saydığını say,  gör “Qaçkınkom” nə sayır?
Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin sorğularına “Qaçkınkom”un şanlı məktublarında bildirildi ki,  “Cəfərov Fətiş Əjdər oğlunun və ailə üzvlərinin yaşayış sahəsi ilə təmin edilməsi hələlik imkan xaricindədir”. Bu məktubları bəhanə edərək Ədliyyə Nazirliyi  Azərbaycan dövlətinin adından çıxarılan qətnamənin icrasını dayandırdı. Qanunu çeynədilər, ayaqlar altında əsgiyə çevirdilər. Aydın oldu ki, önəmli olan məhkəmənin yox, “Qaçkınkom”un saxta məktublarıdır.
Hara yazdıq, hansı dövlət orqanına şikayət etdik, xeyri olmadı. Məhkəmələr də “Qaçkınkom” məktublarına istinad edərək  icraçıların hərəkətlərindən verdiyimiz şikayətləri  təmin etmədilər.
Ə.Quliyev görmə qabiliyyətini 98 faiz itirmiş birinci qrup əlildir, şəxsi mülkiyyətində evi ola-ola bu günədək kirayələrdə yaşayır.
Dəfələrlə vəzifəli şəxslərin qəbulunda oldum. Dinlədilər, başlarını yellədilər, vəd verdilər, ancaq yenə də dönüb bu dövlətin qətnaməsinə – sifətinə tüpürdülər.
Nəhayət, mən “Qaçkınkom”a sorğu verdim. Çünki Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin məktublarında  göstərilir ki, onlar sorğu göndəriblər, “Qaçkınkom” isə hələ də cavab vermədiyindən qətnamənin icrası mümkün olmur.  9 ildir cavab gözləyirlər.
Mənə verilən 19 iyul 2016-cı il tarixli 021706 saylı məktubda  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Məskunlaşma Miqrasiya Məşğulluq və Status şöbəsinin müdir müavini” Telman Mürsəlov bildirir:
“ … Cəfərova Ofelya Rəhbər qızı,  Cəfərov Seymur Fətiş oğlu və başqaları Ağdam rayonundan məcburi köçkündürlər və Azərbaycan Respublikası Prezidentinin  müvafiq Fərman və Sərəncamları əsasında təsdiq edilmiş Dövlət Proqramlarına uyğun olaraq 2006-cı ildə Ağdam rayonu, birinci Baharlı qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədə 400 nömrəli, 4 otaqlı yaşayış sahəsi ilə təmin olunmuşlar… ”
Bu məktubu aldıqdan sonra mən növbəti dəfə Ədliyyə Nazirinin müavini hörmətli VİLAYƏT HƏSƏN OĞLU ZAHİROVun qəbulunda oldum. Nazir müavini bizi diqqətlə dinlədi, sənədləri nəzərdən keçirdi və qətnamənin icrasını təmin etməklə bağlı əlaqədar vəzifəli şəxslərə tapşırıqlar verdi.
Biz dövlətimizə ümidləndik.
Ancaq  fələk nə sayır saysın, görün “Qaçkınkom” nə sayır?
Ədliyyə Nazirinin müavininin  göstərişlərindən sonra da Abşeron rayon icra şöbəsinin icraçısı Rasim Əliyev yenə də eyni məzmunlu məktubla “Qaçkınkom”a müraciət edir. Bu dəfə Komitənin sədr müavini Gəray Fərhadov özünün 25 avqust 2016-cı il tarixli 02/833 saylı SAXTA məktubu ilə belə bir cavab verir və Azərbaycan dövlətinin məhkəməsinə də, onun qətnaməsinə də, elə sifətinə də tüpürür, həm də Prezidentin Fərmanıyla öz məktubunu bəzəməklə: “  … İnşa edilən mənzillər Dövlət Proqramında köçürülməsi nəzərdə tutulan ailələrin sayına uyğun  layihələndirilərək tikildiyindən və Komitənin Bakı şəhəri və Bakı ətrafı ərazilərdə məcburi köçkünlər üçün salınmış qəsəbələrdə boş mənzil fondu olmadığından məcburi köçkün Cəfərov Fətiş Əjdər oğlu və ailə üzvlərinin yaşayış sahəsi ilə təmin  edilməsi hələlik imkan xaricindədir. Qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidentinin  2011-ci il 21 fevral taixli 1346 nömrəli Sərəncamı ilə …. ”.
Bu iki məktubun arasında zaman baxımından 36 gün var. Müəlliflərin arasındakı məsafə baxımından 5 addım. Hər ikisi bir binada oturur. Komitənin sədr müavini Gəray kişi Ədliyyə Nazirliyini aldadır, bir dövlət orqanı o biri dövlət orqanına saxta məktub göndərir, məhkəmənin qətnaməsinin icrasına qəsdlə və bilə-bilə mane olur, dövləti hörmətdən salır, milləti də dövlətindən narazı salır. Təbii ki, o bütün bunları xoş niyyətlə etmir, çirkin niyyətlə etdiyi ortada.  Bu məktubdan sonra icra yerində olan icraçı Rasim Əliyevə cavabdehlər özləri də, həqiqətən, 2006-cı ildən mənzillə təmin edildiklərini etiraf edirlər. Qaçqınkom bilə-bilə ki, bu faktın çuvalda cigzlədilməsi onsuz da mümkün olmayacaq,  yenə də dövlət orqanına yalan məzmunlu saxta məktub göndərirlər.
İndi söz səlahiyyətli orqanlarındır.
Cənablar, indi başa düşdünüzmü Azərbaycan vətəndaşları niyə referendumda iştirak etmir, sizə etibar etmir, sizə səs vermir və sizi seçkinin, refendumun nəticələrini saxtalaşdırmağa məcbur etməklə gələcəkdə müttəhimlər kürsüsündə oturmağa məhkum edir.
Buyurun ya dövlət olduğunuzu sübut edin, ya da gərayların  sizə tərəf tuşlanan tüpürcəklərini qəbul edin..
Hüquqşünas  Qurban Məmmədov.
 
13 oktyabr 2016-cı il
moderator.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın