Ana səhifə / Gündəm / Qaçqın jurnalistlər Qaçqınlar Gününü necə “qeyd edirlər”? – Sorğu

Qaçqın jurnalistlər Qaçqınlar Gününü necə “qeyd edirlər”? – Sorğu

2000-ci ildən bəri 20 iyun tarixi Ümumdünya Qaçqınlar Günü kimi dünyanın bir çox dövlətlərində qeyd edilir. Təəssüflər olsun ki, həmin dövlətlərin sırasında Azərbaycan da var. Belə ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırıma məruz qalıb, tarixi torpaqlarını itirib, minlərlə soydaşımızın taleyinə qaçqınlıq həyatı yazılıb.

Bu gün Azərbaycan mediasında öz imzası olan kifayət sayda  jurnalistlərimiz var ki, onlar da qaçqınlıq həyatı yaşamağa məcbur ediliblər.

Moderator.az olaraq həmin jurnalistlərdən bir neçəsinin Qaçqınlar Günü ilə bağlı fikirlərini öyrəndik. Görəsən, bu günü qeyd etmək onlar üçün nə qədər ağırdır?

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə: “Qaçqın adından xəcalət çəkirəm”

“Ümumdünya Qaçqınlar Gününün mövcudluğu barədə heç vaxt məlumatım olmayıb. Bu da ondan irəli gəlir ki, qaçqın sözünü bir titul, imtiyaz kimi sinəmə taxıb, hansısa güzəştlərdən istifadə etməyi özümə rəva bilməmişəm. Ümumiyyətlə qaçqın və köçkün ifadələrinin imtiyaz vasitəsinə çevrilməsinin əleyhinə olmuşam. Hətta bir çox məqamlarda qaçqın və məcburi köçkün olduğumu danmağa çalışmışam. Mən bu gün qaçqınamsa, kökçünəmsə, bununla fəxr edə bilmərəm, əksinə bundan xəcalət hissi çəkirəm. Hesab edirəm ki, bizim birinci vəzifəmiz alnımızdakı bu ləkəni təmizləmək olmalıdır. Bu damğa təkcə bir bölgənin insanlarının alnında deyil, bütövlükdə Azərbaycan xalqının alnındadır. Nə qədər acı da olsa bunu etiraf etməliyik və xalq olaraq bu damğadan xilas olmalıyıq. İndi hər birimizin vəzifəsi, qəyəsi  qaçqın adını üzərimizdən götürmək olmalıdır. Bu istiqamətdə fəaliyyət göstərməliyik.

Onu da qeyd edim ki, 20 ildən çoxdur öz yurd-yuvamızdan didərgin düşsək də biz qaçqın deyilik. Sadəcə olaraq Azərbaycanın bir bölgəsindən başqa bölgəsinə üz tutmuşuq, pənah gətirmişik. Arzu edərdim ki, həm şifahi, həm də jurnalistikamızın söz ehtiyatlarında qaçqın və köçkün sözlərini işlətməyə ehtiyac qalmasın. Bu sözlər köhnəlmiş sözlər olaraq tarixin arxivində qalsın”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal: “Mənim üçün ikiqat ağır gündür”

“Belə bir günün varlığını yalnız ildə bir dəfə –  bu barədə xəbər xatırlatmalarından bilirəm. Yəni, qaçqınlar gününü qeyd etmək kimi bir qaydamız yoxdur. Təqvimimizdə rayonlarımızın işğal günləri və bu işğalın nəticəsində vətəndaşlarımızın məcburi köçkün taleyi yaşamasına səbəb olan tarixçələr var.  Bunların içərisində, mənim doğulub boya-başa çatdığım Kəlbəcər rayonunun işğal günü – 2 aprel mənim üçün təbii ki, ikiqat ağır gündür. Bu işğalın nəticəsində hazır da mən də rəsmi olaraq məcburi köçkün sayılıram. Bu yaşımda vətəndaş və ictimai fəal olaraq adımın qarşısında bir sıra statuslar qeyd olunur. Bunlar içərisində bir an öncə üzərimdən götürülməsini istədiyim məhz məcburi köçkün statusudur. Bunun üçünsə işğal faktı aradan qalxmalıdır.

Onu da qeyd edim ki, dövlətin məcburi köçkünlər üçün tətbiq etdiyi sosial imtiyazların heç birindən hazırda istifadə etmirəm”.

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı: “Qaçqın üçün çatışmayan ancaq Vətənidir”

“BMT-nin Ümumdünya Qaçqınlar Gününü təsis etməkdə məqsədi təxmini olaraq belədir ki, qaçqınları da var və onları yada salaq. Ancaq qaçqınları iyunun təkcə 20-i yox, hər gün yada salmaq lazımdır. Çünki onlar adından da bəlli olduğu kimi qaçqınlıq, köçkünlük həyatı yaşayırlar, ev-eşiklərindən didərgin düşüblər, Vətən həsrəti çəkirlər. Nə edək ki, bizim də taleyimizə belə alın yazısı düşüb. Hesab edirəm ki, beynəlxalq təşkilatlar bunu sadəcə bir gün kimi qeyd etməkdənsə, bu problemin həlli yollarını tapmalıdırlar. BMT-yə üzv dövlətlər il ərzində nə qədər vəsait xərcləyirlər, nə qədər dəstək göstərilər. BMT-nin əlində bu qədər imkan və səlahiyyət varkən, qaçqınların taleyi ilə bağlı sadəcə kağız üzərində bir qətnamə qəbul etməklə, bəyanat verməklə işlərini bitmiş hesab edirlər. Zatən qətnamələri qəbul etdikdən sonra onların icrası ilə maraqlanmırlar. Bu gün elə bir əsrdə yaşayırıq ki, artıq qaçqını, köçkünü bir qutu ərzaqla aldatmaq, təsəlli etmək mümkün deyil. Qaçqın onsuz da bir qarın ac, bir qarın tox dolanır, yaşayır. Onun üçün çatışmayan Vətənidir, öz elidir, obasıdır, ev-eşiyidir, doğulduğu yerdir və bunu təmin etmək lazımdır. Qaçqınların könlünü xoş etmək üçün problemin kökü həll olunmalıdır, qaçqın məsələsinə son qoyulmalıdır. Biz qaçqınlar üçün ən böyük gün öz torpaqlarımıza qayıdacağımız, öz elimizdə, obamızda olacağımız gündür.

Beynəlxalq təşkilatlar hər zaman açıqlama verirlər ki, işin mexanizmlərini düşünürük. Nə oldu, bu 30 ildə mexanizmi düşünüb qurtara bilmirlər?! Getdikcə də problem daha çoxalır və təəssüflər olsun ki, bu problemi ən çox yaşayan da müsəlman ölkələridir”.

Report.az saytının redaktoru İmdad Əlizadə: “Hələ də nəmiş otaqlarda yaşayırıq”

“Qaçqınlıq və məcburi köçkünlük elə ağır və dözülməz dərddir ki, bunu yaşayan insanlar bu ağrını daimi hiss edirlər, hər addımda bunun əziyyətini çəkirlər. Biz 24 ildir məcburi köçkünük. Ömrümüzün 24 ilini uşaq bağçasında, nəmiş otaqlarda yaşamışıq və hələ də orada yaşayırıq. Bu günü xüsusi qeyd etmirik, amma hər addımda bunun ağrı-acısını yaşayırıq”.

Modern.az saytının redaktoru Əfqan Qafarlı: “Qaçqınlıq ildə bir dəfə deyil, hər gün xatırlanır”

“BMT səviyyəsində qeyd olunan Ümumdünya Qaçqınlar Gününün məqsədi evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaqdır. Amma görülən tədbirlər dünyada qaçqın-köçkünlərin sayının artmasına mane ola bilmir…

Azərbaycan da erməni təcavüzü nəticəsində ən çox qaçqın və məcburi köçkünü olan ölkələrdən biridir. 1 milyondan çox qaçqın-kömkünümüz var. Nə qədər ağır olsa da, o milyondan biri də mənəm. Biz köçkünlük problemini 23 ildir yaşayırıq, yəni bu məsələni ildə bir dəfə yada salmırıq. Köçkünlük bizim yaşamağa məhkum olduğumuz həm də məişət məsələsidir. Doğma torpağın həsrətilə yaşamaq, köçkünlük müddətində həyatını itirən yaxınlarını o yerlərdən çox uzaqlarda dəfn etmək, sənə əziz olan kəndini, rayonunu evində böyütdüyün uşaqlarına göstərə bilməmək, 23 il öncə şəhid olmuş əzizlərinin qəbrini ziyarət edə bilməmək… Bunlar hamısı çox ağır dərddir və ildə bir dəfə deyil, hər gün xatırlanır…

Ümumdünya Qaçqınlar Gününə bir jurnalist olaraq çalışdığım media qurumunda hansısa yazımla toxunmağa çalışıram. Fərd olaraq bunu ayrıca necə qeyd etməyə ehtiyac duymuram.”

Moderator.az saytının redaktoru Seymur Əliyev: “Bu günün ağırlığını izah etmək mümkün deyil”

“20 iyunu məxsusi olaraq qeyd etmirəm və əslində buna lüzum da yoxdur. Çünki qaçqın statusunun özü ilə gətirdiyi bütün ağrı-acını, mənəvi məhrumiyyətləri bütün il boyu yaşayırıq. Bu statusunun ağırlığını bir günə sığdırmaq, bir və ya bir neçə kəlmə ilə izah etmək mümkün deyil. Sadəcə onu demək kifayətdir ki, bu, keçmişindən qoparılan, öz dünyasından ayrı salınan, öz içinə həbs edilən, başqa tale, başqa həyat yaşamağa məcbur edilən insanların həyatıdır və bu həyatın təsəlliverici tərəfi yoxdur. Lakin bununla belə ümid edirik ki, artıq mümkünlüyünə ümidimizin azaldığı möcüzə nə zamansa baş verəcək, işğaldakı torpaqlarımız azad ediləcək və biz uşaqlığımızın keçdiyi,  doğmalarımızın uyuduğu o torpaqları yenidən görə biləcək, yenidən bütövləşə biləcəyik. Doğrudur, bu bizim güllə səsləri, top mərmiləri ilə yarıda qırılan, başqa yönə, başqa məcraya istiqamətlənən uşaqlığımızı, o uzaq və firavan illərin sevincini bizə qaytarmayacaq. Fəqət bu, qaçqın həyatını nöqtələmək, onu məntiqi sonluğuna çatdırmaq baxımından önəmlidir. Və ümid etmək istərdik ki, bu sonluğa çox qalmayıb”.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın