Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Gündəm / Qəlbimizdə yaşayan gün…

Qəlbimizdə yaşayan gün…

O gün bütün şəhərə qəribə sükut çökmüşdü, üzlərdə o zamana kimi müşahidə etmədiyim sevinc qarışıq qüssə vardı. O gün hamı həyəcanlı idi, uşaqlar da həmçinin.
O gündən yazmaq istəyirəm – 27 sentyabrdan. Xalqımızın həyatını dəyişən o müqəddəs gündən, torpaqlarımızın azadlıq mücadiləsinin başlandığı o əziz tarixdən yazmaq istəyirəm. Sizin gözləriniz önündə üç il bundan əvvəlki günə canlandırmaq niyyətindəyəm. Uşaqdan böyüyə hamının gözlədiyi o gün unudulmazdır. Biz torpaqlarımızın azad olacağı günü həmişə gözləmişik. Valideynlərimin doğulduğu Ağdamı hər zaman xəyal edirdim, onun azad ediləcəyi günü həsrətlə gözləyirdim. Nəhayət o gün gəlib yetişmişdi.
Bəli, Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000-ə yaxın hərbi qulluqçusu həlak olmuş,min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan yalnız sülh, dinc yanaşı yaşamaq istəyir. Ermənistan isə hələ də təcavüzkar əməllərini davam etdirir, üçtərəfli bəyanatın şərtlərini pozmağa çalışır, biz isə buna imkan vermirik. Azərbaycan işğaldan azad etdiyi doğma torpaqlarımızda cənnət Qarabağın, Şərqi Zəngəzurun möhkəm təməlini atıb. Bu təməli sərhəd təxribatları əsla heç kim sarsıda bilməz.
Ermənistanın davranışları nə olur-olsun, şəhidlərimizin qanı ilə qazandığı böyük zəfərini qoruyub saxlamaq üçün Azərbaycanın mükəmməl planı həmişə var və olacaqda. Azərbaycan bu gün qalib dövlət kimi yaşayır, bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. 27 sentyabr dövlətimizin tarixinə Anım günü kimi yazıldı.
Biz bu gün üçün qazilərimizə və şəhidlərimizə borcluyuq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Natavan Bağırova
Nəsimi rayonu 14 saylı tam orta məktəbin 8 a sinif şagirdi

Həmçinin oxuyun

Ermənistan Azərbaycandan qaz almağa hazır olduğunu bildirdi

Ermənistan Azərbaycandan qaz almağa hazır olduğunu açıqlayıb.Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan bu …