Şənbə , Yanvar 23 2021
Ana səhifə / Gündəm / “Qəbələdən ən ucuz bilet” kampaniyasının pərdəarxası – Reportaj (Fotolar – Video)

“Qəbələdən ən ucuz bilet” kampaniyasının pərdəarxası – Reportaj (Fotolar – Video)

Martın 19-dan etibarən Türkiyənin aşağı büdcəli aviaşirkəti – “Pegasus”un Azərbaycandan uçuşlara başlayacağı anons edilmişdi. İlk reysin martın 19-da Qəbələ beynəlxalq aroportundan İstanbulun Sabiha Gökçen hava limanına gerçəkləşəcəyi, uçuşların həftədə 3 dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri olmaqla, Qəbələdən, həftənin çərşənbə axşamı, cümə və bazar günləri İstanbuldan həyata keçiriləcəyi də verilən məlumatlar sırasında idi. 
 
“ƏN UCUZ BİLET”…. NƏ DEMƏKDİR?
Amma bu uçuşların xüsusilə diqqətçəkən olması isə onun qiymətləri ilə bağlı idi. Belə ki, aviabiletlərin qiyməti bir istiqamət üzrə bütün vergi və yığımlar daxil olmaqla 48 avrodur. Təxminən o qədər də geriyə dönüşün qiymətidir. Yəni Azərbaycan vətəndaşının 100 avro (170 manat) məsrəflə İstanbula gedib-gələ biləcəyi xoş xəbərlərdən sayılırdı. Amma açılan səfər şansı təkcə İstanbulla bağlı olmadı. Avropa səfərləri üçün də yetərincə maraqlı təkliflər vardı.  Xatırlayaq:
 
 Qiymətlər belədir (tək tərəfli): 
Qəbələ – İstanbul 38 avro
Qəbələ – Bodrum 54 avro
Qəbələ – Barselona 75 avro
Qəbələ – Berlin 74 avro
Qəbələ – Amsterdam 75 avro
Qəbələ – Sürix 80 avro
Qəbələ – Kopenhagen 79 avro
Qəbələ – Milan 79 avro
Qəbələ – Praqa 79 avro
Qəbələ – Roma 79 avro
Qəbələ – Paris 80 avro
Qəbələ – Təl-Əviv 80 avro
Qəbələ – Moskva 87 avro
Bura qədər yazdıqlarımız barədə fevralın əvvəlindən etibarən məlumatlısınız. “Avropaya ən ucuz bilet…” anonsu hər gün radio və telekanallardan evimizə gədər yayılmırmı? “Yeni Müsavat”ın reportyor qrupu daha öncədən mart ayına planlaşdırdığı Avropa səfərini elə bu qrafiklə gerçəkləşdirmək istədi.
Qəbələ-İstanbul…. Sonrası Allah kərim…. Ən ucuz reyslə Türkiyəyə, Avropaya getmək istəyən vətəndaşlarımızı bu yolda nələr gözləyir, səfərin incə detalları, nəzərə alınmalı məqamlar. Sizdən əvvəl bu yolu biz keçdik və azərbaycanlıların “ilk ucuz bilet” macərasında nələr yaşadıqlarını sizlər üçün öyrəndik.

O AVTOBUS, O DA SƏN, MİN GET…! 

Bilənlər bilir, bilməyənlərə də biz xatırladaq ki, şirkətin ucuz reyslərinin birincisi martın 19-da İstanbulla başlanır. Səhərə yaxın, 04.20 radələrində. Odur ki, həmin saatda aeroportda olmaq üçün ayın 18-də yola düşdük. Gəlmişkən, Qəbələni də bir qədər gəzək, görək, gördüklərimizi sizinlə paylaşaq deyə. (Bu barədə növbəti yazılarımızda)
Biz Qəbələyə dostların yardımı ilə, şəxsi maşınla getdik. Amma şəxsi maşını olmayan və ya səfərə ictimai nəqliyyatla çıxmaq istəyənlər üçün seçimlər aşağıdakı kimidir: Əgər hava gəmisinin potensial sərnişini Bakıda yaşayırsa, Bakı avtovağzalından 5.10 AZN məbləğində bilet alması kifayətdir. Günün istənilən saatında, 30-45 dəqiqəlik intervallarla avtobus avtovağzaldan yola düşür. Avtobus əvəzinə taksi xidmətindən istifadə etmək istəyənlərin isə bunun üçün 10 AZN ödəmələri yetərlidir.
Amma daha bir yenilik isə “Pegasus” aviaşirkətinin Bakıda avtobus xidmətinə başlamasıdır. Belə ki, artıq yeni açılan marşrutla Bakı-Qəbələ və Qəbələ-Bakı istiqamətində hərəkət etmək mümkündür. Qeyd edilən istiqamət üçün Bakıda iki dayanacaq “28 May” və “20 Yanvar” metro stansiyaları müəyyən edilib.
Xidmət günləri Bakı-Qəbələ tərəfə çərşənbə, cümə və bazar günləri, Qəbələ-Bakı- istiqamətində isə bazar ertəsi, cümə axşamı və şənbə günləri seçilib.
 
“28 May” metrostansiyasından çıxış 21:30, “20 Yanvar” metrostansiyasından çıxış 22:00, habelə “Qəbələ” hava limanından Bakıya çıxış 04:30-da və “Qəbələ” hava limanına çatma vaxtı saat 02:30-da yerinə yetiriləcək. 
Qeyd edək ki, bu istiqamətə qiymət agentliklərdən alınarkən 15 AZN (tək gediş),  19 AZN (gediş-gəliş), onlayn bilet alınarkən isə 19 AZN təşkil edir (tək gediş).

BİLET UCUZ OLMASINA UCUZDUR, ƏMMA…. 

Qiymət məsələsində də bəzi nüanslara diqqət yetirmək lazımdır. Yuxarıda yazdığımız bilet qiymətləri minimaldır. Belə ki, bu qiymətə ancaq əl baqajı daxildir. Əlavə baqaj, eləcə də səfər zamanı yemək üçün xüsusi məbləğ ödənməlidir. Məsələn, biz bileti martın 7-də aldıq. Bileti aldığımız gün məlum oldu ki, son iki bilet qaldığına görə şanslı sayılırıq. Məlum, son biletlər də hər zaman bahalı olduğu üçün Qəbələdən İstanbula getmək üçün adambaşına təktərəfli biletin qiyməti 155 avroya başa gəldi. Təbii ki, baqajsız. Baqajlı bilet isə 160 avro məbləğində idi.
Bundan başqa, əgər bileti onlayn alırsınızsa, ordakı əlavə məsrəfli seçimləri də nəzərə almalısınız.  Detallara diqqət: Təyyarədə oturacağınız yer də qiymətə təsir edir. Belə ki, ön sırada oturmaq üçün – 35 TL, sıradan oturacaq üçün 14 TL, pəncərə qırağındakı yer 38 TL-dir. Üstəgəl, bu qiymətə yemək, su, çay daxil deyil. Bunun üçün öncədən ya onlayn qaydada yemək sifariş etməli, ya da yerindəcə ödəmə etməklə acqarına uçmaqdan xilas olmalısınız…

AEROPORTUN BİNASI KİÇİK, VİFİ SİSTEMİ MÜKƏMMƏL… 

Jurnalistlər alman dəqiqliyi ilə seçilirlər. Biz bu dəfə “barıt”ını lap çox elədik. Uçuşa 7 saat qalmışdan aeroportun qarşısındayıq. Təbii ki, içəridə işçilərdən və bizdən başqa heç kim yoxdur.  Təmiz və kompakt aeroport ilk baxışda ərazisinin kiçikliyinə görə təəccübləndirir. Cəmi iki mərtəbədən ibarətdir, birinci mərtəbədəki kiçik zalda isə həm gözləmə salonu, həm də qeydiyyat bölməsi yerləşir. Hər şeyə tənqidi yanaşmağı sevənlərin “obıvatel” sualları isə bitib tükənmir: Avropanın böyük şəhərlərinə uçuş bu kiçik aeroportdan olacaq? Uçuş meydançası niyə bu qədər kiçikdir? Niyə içəri keçən kimi yoxlama aparatı ilə yoxlama aparılmır? Dediyim kimi, ilkin ağla gələn suallar. Mənzil başına sağ-salamat çatanda isə bu suallar öz əhəmiyyətini itirir.
İşçilər sayca çoxluq təşkil edir. Üstəgəl, ilk reys bu gün gerçəkləşəcəyi üçün xüsusi təlaş var. Daha böyük instansiyadakılar öz tabeliyindəkilərə göstəriş verir, sonuncular ortada var-gəl edir. 
Aeroportdakı vifi sisteminə isə söz ola bilməz, saat kimi işləyir. Doğmalarla internet üzərindən bol-bol danışır, fotolar yollayır, xəbərləri izləyirik. Əfv fərmanı ilə azadlığa çıxan siyasi məhbusların verdikləri videomüsahibələri belə saytlardan rahat dinləyir, uzaqdan-uzağa sevinirik. Kimlərəsə adi görünə bilər, amma bir dayanacaq sonra- İstanbulun Sabiha Gökçen hava limanında internetsizlikdən inləyəndə özümüzü “Hardasan, ay Qəbələ” deyən yerdə yaxalayırıq….

BİR SAAT GECİKƏN UÇUŞ, ÇƏKİLİŞ ÜÇÜN GƏLƏN RƏSMİ QADAĞA… 

Saatlar gecə 12 radələrini göstərməyə başlayınca isə sərnişinlər iki bir-üç bir aeroportun binasına gəlməyə başlayır. Onların arasında taksidən düşənlər də var, dostunun, qohumunun şəxsi maşını ilə aeroporta gələnlər də, firmanın avtobusundan istifadə edənlər də.
STOP: Bu arada gördüklərimizi, aeroportun ucuz reyslərindən vətəndaşların necə yararlandığını foto və videoaparatların yaddaşına köçürmək istəsək də, buna imkan verilmir. Aeroportun rəhbərliyində təmsil olunan şəxs bunun üçün daha öncədən AZAL-dan rəsmi icazə almaq lazım gəldiyini söyləyir. Son anda AZAL-ın mətbuat xidməti ilə əlaqə saxlanılır, çifayda… Bildirilir ki, icazə üçün daha öncədən rəsmi ərizə ilə müraciət etmək lazım imiş. Odur ki, məcburən partizan üsullarla çəkilişə baş vururuq. Belə bir əlamətdar hadisəyə görə  Qəbələyə gəlib, o barədə heç nə yazmamaq da ədalətsizlikdir. Ən azı bizə münasibətdə… 
Sərnişinlər arasında yaz tətilini İstanbulda keçirmək istəyənlər də var, bizim kimi İstanbuldan Avropaya keçid edəcək sərnişinlər də. İş adamları üstünlük təşkil edir. İstanbulda yarışa qatılacaq kiçik idmançılar da var aeroportda. Bu arada xəbər gəlir ki, İstanbuldan Qəbələyə gələn təyyarə bir saat gecikir, bu səbəbdən də İstanbula uçacaq təyyarə də avtomatik olaraq 1 saat gec uçuş gerçəkləşdirəcək. Dedikləri  kimi də olur. Saat 04.20-də baş tutmalı olan səfər üçün qeydiyyat 05.20-də başlanır. Uçuş isə səhər saat 6-ya yaxın baş tutur. Diqqət cəlb edən cəhət yerli işçilərin bir qədər təcrübəsizliyidir. Qeydiyyat prosesində texniki detalları bilməmələri bəzən bir sərnişinin qeydiyyat prosesini dəqiqələrcə uzadır. Bu arada yerli işçilərə daha çox “Pegasus” firmasının əməkdaşları yardım edir. Az qala hər qeydiyyat xidmətçisinin yanında türkdilli firma əməkdaşı var, onlara təlimatlar verir, çətinlik çəkdikləri məqamda yardım edirlər və sair.

BAKILI SƏRNİŞİN: “SON ANA QƏDƏR UÇUŞ TƏXİRƏ SALINACAQ DEYƏ QORXURDUM”

 

 
Sərnişinlərlə söhbət də az maraqlı keçmir. Məlum, gözləmək üçün vaxt 6 saat olunca söhbət də uzanır. Hər sərnişinin bir səfər hekayəsi var. Həkimə gedən də var, gəzməyə gedən də, Türkiyədə oxuyan uşağına baş çəkən də. Söhbət etdiyimiz sərnişinlərdən biri isə türkiyəli iş adamıdır. O, ucuz bilet elanı verilən vaxt bilet alıb – gediş-dönüş 100 avro.
 
Amma müsahibimiz şikayətlənir ki, aeroportda hələ də Qəbələyə aid, onu əks etdirən hər hansı simvolik hədiyyə yoxdur: “Hətta soyuducunun üstünə vurmaq üçün hazırlanan Qəbələ maqniti belə hazırlanmayıb. Bu şəhərə aid özəl suvenirlər olmalıdır. Aeroportun yaxşı kafesi, restoranı olmalıdır. Bura gələnlər qəlyanaltı edə bilməlidir”.
 
Bakılı sərnişinlər isə bu reyslərin uzunömürlü olmasını arzulayırlar. Həyat yoldaşı ilə İstanbula gedən Mahmud adlı sərnişin deyir ki, hətta son günə qədər uçuşun təxirə düşəcəyindən narahat olub: “Yoldaşımın xəstəliyinə görə İstanbula tez-tez gedib-gəlirik. Biletin ucuz olması bizimçün ikiqat dərmandır. Allah eləsin, davamlı olsun. Bakıdan Qəbələyə 3 saatlıq yoldu, minirik taksiyə, gəlirik. Uzaqbaşı 20-25 manat xərcimiz çıxır. Amma iki nəfərə hesablayanda görün nə qədər qənaət etmiş oluruq”.
Beləcə, saat 6-nı göstərir, Qəbələdən İstanbula ilk ucuz reysə start verilir. Sağ-salamat İstanbula çatırıq. Səfərin bundan sonrakı hissəsini isə başqa təyyarələrdə, başqa şəhərlərdən davam edəcəyik. Bizi izləyin…. 
 

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın