Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Gündəm / Professorun müdhiş saxta sənədi üzə çıxdı

Professorun müdhiş saxta sənədi üzə çıxdı

“Dərəçiçək” MTK ilə Gəncə Aqrar Akademiyasının müəllimi vətəndaşın mənzilinə göz dikib

Fevralın 3-də Bakı Apelyasiya Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə Gəncə Aqrar Akademiyasının müəllimi Məhərrəm Hüseynovun “Dərəçiçək” MTK-ya qarşı iddiasına baxılacaq. M.Hüseynov tələb edir ki, MTK-nın Nərimanov rayonu, Təbriz küçəsi 21, mənzil 64 boşaldılaraq ona təhvil verilsin. İşə 3-cü şəxs qismində 2011-ci ildən həmin mənzili MTK-dan 83 min ABŞ dollarına almış və mənzildə yaşayan Esmeralda Bağırlı, onun həyat yoldaşı Şakir Rzazadə qoşulublar.
Ş.Rzazadə deyir ki, 2011-ci ilin yanvarında Nərimanov Rayon Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə iddiaçı M.Hüseynovun MTK-ya qarşı iddiasına baxılıb: “Həmin məhkəmənin keçirilməsindən bizim məlumatımız olmayıb. İşə bizsiz baxılıb və iddia qismən təmin olunub. MTK-ya həvalə olunub ki, mənzili boşaldıb ona təhvil versinlər. 29 oktyabr 2013-cü ildə biz bu məsələ haqda xəbər aldıq. Həmin vaxt biz artıq mənzildə yaşayırdıq. Mənzili 2011-ci ilin iyununda pulunu ”Dərəçiçək” MTK-ya tam şəkildə ödəməklə almışdıq. Və təmir etdirdikdən sonra elə həmin ilin dekabrında ora köçmüşdük. Ona görə də Nərimanov Rayon Məhkəmə icraçıları bizim qapıya gəlib mənzili  boşaltmağımızı tələb edəndə təəccübləndik. Əlimizdə “Dərəçiçək” MTK ilə müqavilə və mənzilin dəyərinin tam ödənilməsi haqda qəbz də var. Bizi mənzildən kim və hansı əsasla çıxara bilərdi?”
 
Ş.Rzazadə deyir ki, məhkəmənin qətnaməsi haqda məlumatlı alandan sonra Bakı Apelyasiya Məhkəməsinə üz tutub: “Nərimanov Rayon Məhkəməsi bizim iştirakımız olmadan iddia əsasında qətnaməni 2011-ci ilin yanvarında çıxarıb. Qətnamədən irəli gələn tələbin – yəni bizim mənzildən 1 ay ərzində çıxarılmağımız MTK-ya tapşırılıb. Amma Məhərrəm Hüseynov 10 ay gözləyib və sonradan Nərimanov Məhkəmə İcraçıları Şöbəsinin əməkdaşlarının əhatəsində mənzilimin qapısına gələrək qışqır-bağır saldılar ki, təcili mənzili boşaldın. 10 aylıq müddəti ona görə gözləmişdilər ki, bizim 3-cü şəxs kimi şikayət vermək üçün qanunda nəzərdə tutulan müddət ötsün. Bu istəkləri baş tutmadı. Vəsatətlə məhkəməyə müraciət edib müddətin bərpa olunmasını xahiş etdik. Müddət bərpa ediləndən sonra isə apelyasiya şikayəti verdik. Məhərrəm Hüseynov məhkəməyə bir müqavilə təqdim etdi. Məlum oldu ki, bu sənəd 2005-ci ildə Məhərrəm Hüseynovla ”Dərəçiçək” MTK arasında bağlanan müqavilədir. Məhkəmədə müqavilə araşdırılarkən məlum oldu ki, müqavilə saxtadır. Deməli, müqavilənin 2005-ci ildə tərəflər arasında bağlandığı göstərilsə də, həmin müqavilədə Məhərrəm Hüseynova 11 iyun 2011-ci ildə Gəncə şəhəri, Nizami Rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin – AZE 08547065 seriyası qeyd olunub. Məhərrəm Hüseynov 2005-ci ildə ona 6 il sonra – 2011-ci ildə veriləcək şəxsiyyət vəsiqəsinin seriyasını haradan bilə bilərdi?
Həmin vəsiqənin surətini necə təqdim edə bilərdi? Bunu həmin şəxsiyyət vəsiqəsini verən orqanın özündə də bilməzdilər. Belə bir uyğunsuzluq ortaya çıxandan sonra hakim Namiq Cəfərov Nərimanov Rayon Məhkəməsinin qətnaməsini ləğv etdi”.
 
Ş.Rzazadə deyir ki, bundan sonra qarşı tərəf Ali Məhkəməyə üz tutub: “Ali Məhkəmədə şikayətə hakim Qəhrəman Allahverdiyev baxdı və apelyasiya instansiyasının qərarının ədalətli olduğunu nəzərə alıb qüvvəsində saxladı. Bundan sonra biz Nizami Rayon Məhkəməsinə müraciət edib ”Dərəçiçək” MTK ilə Məhərrəm Hüseynov arasında bağlandığı iddia edilən müqavilənin ləğv olunması iddiası ilə çıxış etdik. Hakim Elnur Nuriyev qərar çıxardı ki, müqavilə qanunsuzdur və ləğv olunmalıdır. Lakin Məhərrəm Hüseynov apelyasiya şikayəti verdi. Bakı Apelyasiya Məhkəməsinin hakimi Vüqar Həsənov 2015-ci il fevralın 3-nə məhkəmə iclası təyin etdi. Lakin məlum oldu ki, işə Konstitusiya Məhkəməsində baxılır?! Bunu hansı əsasla etdiklərini bu gün də tərəf olaraq bizə izah etməyiblər. Sadəcə, elan etdilər ki, işin Bakı Apelyasiya Məhkəməsində baxılması dayandırılır”.
 
Şakir Rzazadənin sözlərindən belə aydın olur ki, M.Hüseynov məhkəmələrdə uduzduğunu gördükdən sonra Konstitusiya Məhkəməsində hansı yollasa işin ilkin instansiya məhkəməsinə qaytarılmasına nail ola bilib: “2015-ci il martın 4-də Konstitusiya Məhkəməsində hakimi Kamran Şəfiyev Məhərrəm Hüseynovun iddiasını təmin edib. İş hazırda Bakı Apelyasiya Məhkəməsindədir və sabah (bu gün-red.) baxılacaq”.
 
Şakir Rzazadə deyir ki, iş üzrə keçirilən əvvəlki məhkəmələr zamanı üzə çıxan böyük saxtakarlıqların da araşdırılmasını tələb edəcəklər: “Biz əvvəlki məhkəmə instansiyalarında Məhərrəm Hüseynovun məhkəməyə təqdim etdiyi sənədlərdəki saxtakarlıqlarla bağlı xüsusi qərardad çıxarılmasını tələb etmirdik. Düşünürdük ki, Gəncə Aqrar Akademiyasının əvvəllər dekanı olmuş, hazırda müəllimi olan professor Məhərrəm Hüseynovun saxtakarlığa görə istintaqa cəlb olunmasında vasitəçi olmayaq. Amma belə görünür ki, bu məsələ də çox ciddi şəkildə araşdırılmalıdır. Çünki bir saxtakarlıqla bağlı məhkəmədə araşdırma bitməmiş biz daha biri ilə üz-üzə qalırıq. Müəyyən olunmalıdır ki, bir vətəndaş olaraq bizim məhkəmələrə çəkilməyimiz üçün əsas verən müqavilədə saxtakarlığı kim edib”.
Mövzuya qayıdacağıq.
Musavat.com

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın