Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Gündəm / “Prezidentin quluyam” deyən sabiq məmurun oğlunun şirkətləri əlindən alındı

“Prezidentin quluyam” deyən sabiq məmurun oğlunun şirkətləri əlindən alındı

Gənclər və idman nazirinin sabiq müavini İsmayıl İsmayılovun biznes obyektləri əlindən alınıb.

Qaynarinfo-nun əldə məlumatına görə, İsmayıl İsmayılovun oğlu Elvin İsmayılov artıq “Gilan Holdinq”ə daxil olan “Gilan İnşaat” MMC-nin qanuni təmsilçisi hüququnu itirib. Bir aydır ki, MMC-nin qanuni təmsilçisi Emil Sultanov Rauf oğludur. 

Hazırda isə MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 12 min 543 manat 80 qəpik borcu var. 

Bundan başqa, İsmayıl İsmayılovun oğlu rəhbərlik etdiyi daha bir şirkətin – idman ləvazimatlarının, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşmış “Qəbələ Sport Store” MMC-nin qanuni təmsilçiliyindən çıxarılıb. “Qəbələ Sport Store” MMC-nin qanuni təmsilçilyinə Zaur İbrahimov Davud oğlu gətirilib. 

Hazırda İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi – təsisçisi olduğu şirkət “Core Construction”dur. Yeni hüquqi ünvana köçən Elvin İsmayılovun təsisçisi olduğu bu şirkətdən də yaxın vaxtlarda uzaqlaşdırılacağı istisna edilmir. 

 “Core Construction” Bakıda və bir sıra rayonlarda çox sayda müxtəlif istiqamətli tikinti, təmir və dizayn işləri həyata keçirir. 

Qeyd edək ki, ötən il 29 noyabr tarixində Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.

Sabiq nazir müavini işdən azad ediləndən sonra Qaynarinfo-ya verdiyi açıqlama ilə gündəmə gəlmişdi. İsmayıl İsmayılov bildirmişdi ki, işdən çıxarılması barədə sərəncam onun üçün gözlənilməz olub: “Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram”.

Xatırladaq ki, “Gilan Holdinq”in fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir.


Həmçinin oxuyun

2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edildi

Prezident İlham Əliyev sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam …