Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Gündəm / Partiya sədri ərəblərlə bağlı tirajlanan yazıları iqtisadi sabotaj adlandırdı

Partiya sədri ərəblərlə bağlı tirajlanan yazıları iqtisadi sabotaj adlandırdı

Kəşfiyyat xarakterli məlumatların böyük bir hissəsinin gündəlik dövri mətbuatdan götürüldüyü barədə məlumatdan yəqin çox az adamın xəbəri var. Bəli. Bu məhz belədir. Bu, reallıqdır. Ölkə daxilində çıxan gündəlik mətbuat nümunələrini götürüb, xüsusi qayda ilə təhlil edirsən və sənə lazım olan xəbərləri işləyib, müxtəlif sahəlrdə vəziyyətin necə olması barədə məlumat alırsan. Bu məlumatlar da digər xidmətlərdən daxil olan materiallarla bərabər öyrənilir və ümumi mənzərə yaranır. Amma xarici kəşfiyyat orqanlarının Azərbaycana qarşı bu metoddan istifadəsi bu günkü günümüzdə qeyri – mümkündür. Niyəsini başa salım. Filan siyasətçi dənizdə suya kəllə vurarkən, tumanı əynindən çıxdı. Filan müğənni səhnədən sürüşüb kiminsə qucağına düşdü. Filankəsin maşınının nömrəsindən aydın oldu ki, o, kimin adamıdır və s. bu kimi “xəbərlərdən” , daha doğrusu, bulvar qəzetləri, sarı mətbuatdan kəşfiyyat nə məlumat ala bilər ki? Bu tip xəbərləri yayan mətbuat orqanları, bu tip xəbərləri toplayan insanları jurnalist adlandırıb onların yaydıqları xəbərlərə ciddi yanaşmaq olarmı?

Amma mənimlə mübahisə edib bu tip xəbərlərin də maraq doğurduğunu və onların da öz oxucusunun olduğunu sübut etməyə çalışmayın. Bəli, mən sizinlə razıyam. Bu tip xəbərlərin , dedi – qoduların da öz oxucu auditoriyası var. Lakin razılaşın ki, dar bir çərçivədə. Bugünkü günümüzdə çox az ,  barmaqla sayılası mətbuat orqanı tapmaq olar ki, nəsə ciddi bir şey ortalığa qoymaq iddiasında olsun. Əksər mətbuat orqanları bir – birindən köçürmə, tərəfkeşlik, kiminsə mənafeyinin qorunması və s. prinsiplər üzərindən fəaliyyət göstərir. Xarici kəşfiyyat buradan yalnız bir nəticəyə gələ bilər – hansı qəzet ruspərəstdir, hansı qəzet kim tərəfindən maliyyələşdirilir, hansı qəzet hansı oliqarxındır və o bundan necə istifadə edir. Artıq bu sirr deyil. Vaxtı ilə mən, əks cəbhədə oturub tam rəsmi şəkildə gündəlik mətbuatı, müxtəlif yazarların yazılarını izləyərək onların yazılarına gündəlik rəy vermiş birisi olmuşam.

O illərlə müqayisədə, Azərbaycan jurnalistikasının indiki durumu çox acınacaqlı surətdə bir – birindən fərqlənir. Azərbaycan jurnalistikası sözün əsl mənasında məhvə doğru gedir. Sözün həqiqi mənasında jurnalist deyə biləcək yazarlarımızın sayı kəskin surətdə azalıb və bu tendensiya artmaqda davam edir. Analitik yazılar yox dərəcəsindədir. Senzuradan kənar – daxili senzoru nəzərdə tuturam – məsuliyyətsiz yazılar baş alıb gedir. Məsuliyyətsizlik hissi o dərəcədə artıb ki, hətta bəzən az qala bu ölkəmizə hərbi, siyasi və iqtisadi zərbələrin vurulması dərəcəsinə gəlib çatır. Bundan savayı, mətbuat vasitələrinin bir hissəsi maraqlı olan tərəfin – hansısa bir oliqarxın maliyyə dəstəyi ilə fəaliyyət göstərir ki, bu da yolverilməzdir. Hansısa bir subyektin hədəfə götürülməsi haqq və ədalət uğrunda mübarizədən daha çox, maraqlı tərəflər arasında gedən müharibədə məqsədli yazı təsiri bağışlayır. Mən, turizmin dövlət siyasətinin bir hissəsi olduğu məsəlsini də nəzərinizə çatdırmaq istərdim. Pullu ərəb turistlərinin Azərbaycanda bəlkə də etmədikləri əməlləri xəbər olaraq tirajlamaqda məqsədiniz nədir? Bu ölkəmizə qarşı iqtisadi sabotaj deyilmi? Bu sizin siyasi savadınızın olmamasının göstəricisi deyilmi? Və ümumiyyətlə nəticə çıxarmağın zamanı deyilmi?

Elşən Həsənov, Azərbaycan Sosialist Partiyasının sədri.

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycanda porno təbliğatı aparan gənci kim himayə edir? – Gecə klubunda intim görüntülər (VİDEO 18+)

Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” – “Twenty six” adlı kafenin yerində “Hot Room …