Şənbə , May 25 2019
Ana səhifə / Gündəm / “Parabank”dakı 40 milyon “qara para”

“Parabank”dakı 40 milyon “qara para”

 

İddia: ““Nəsimi” filialına faktiki rəhbərlik edən Əşrəf Səfərov xoşu gəlməyən adamlarla özünün qoçu dəstəsi ilə haqq-hesab çəkməyi xoşlayır”

Ötən saylarımızdan birində “Parabank”dakı intihar və həbslə bağlı sensasion məktub” sərlövhəli yazı dərc etmişdik. Sumqayıt sakini Vəzihə Cəbrayılovanın məktubuna əsasən hazırlanan yazıda “Parabank”da “Kia Motors Az” MMC-nin hesabatlarda yer almayan vəsaitlərinin saxlanıldığı haqda xəbərlər yer alırdı. Məktub müəllifi prezidentə müraciətlə bildirirdi ki, nəvəsi Ülvi Kazımov 2010-cu ilin sentyabrından 2012-ci ilin oktyabrınadək “Parabank” ASC-nin “Nəsimi” filialında xəzinədar vəzifəsində işləyib.

 
Filialda işə başladığı gündən filialın xəzinəsinin bunkerində banka məxsus qanuni pul vəsaitləri ilə yanaşı, “Kia Motors Az” MMC-yə məxsus bankın mühasibat uçotuna daxil edilməyən, dövlətdən gizlədilmiş 35-40 milyon manat  gizli yolla saxlanılıb. V.Cəbrayılova gizli pul saxlanılmasında MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun olduğunu, onun etibarlı şəxsi Fərhad Abbasovun həmin məbləğin 1 milyon manata yaxınını gizli yolla götürərək xərclədiyini iddia edirdi. 
Qeyd edirdi ki, məsələnin üstü açılandan sonra F.Abbasov intihar edib və onun əvəzinə nəvəsini həbs ediblər. “Kia Motors Az” bu məlumatları təkzib edən rəsmi açıqlama yaysa da, məsələ səngiməyib. Aznews.az saytı yazır ki, “Kia Motors Az” dövlətdən 40 milyona yaxın pul  gizlədib və pullar “Parabank”ın “Nəsimi” filialında qeyri-qanuni şəkildə saxlanılıb.
“Bir neçə il davam edən bu proses pulun 1 milyona yaxın hissəsinin yoxa çıxmasından və ”Kia Motors AZ” MMC-nin rəhbəri Səxavət Səfərovun “Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı – Fərhad Abbasovun 2012-ci ilin yayında müəmmalı şəkildə ölümündən sonra ifşa olunub. Fərhad Abbasovun ölümü ilə bağlı Binəqədi rayonunda 2012-ci ildə başladılan və sonradan bağlanan cinayət işi olub. Hazırda Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emin Nəsibov tərəfindən yenidən araşdırılan bu cinayət işinin materiallarında bir çox məqamlar ortaya çıxıb. İlk növbədə Fərhad Abbasovun guya özünə 8 bıçaq zərbəsi vurması versiyasının kifayət qədər şübhəli olduğu, çox güman ki, onun özünə qəsd etmədiyi, kim və ya kimlərsə tərəfindən qətlə yetirildiyi məsələsi gündəmə gəlib.
Elə kifayət qədər əsaslı şübhələr olduğundandır ki, 2012-ci ildə xitam verilən iş Bakı Şəhər Prokurorluğu tərəfindən yenidən araşdırılmağa başlanıb. Və elə iş materiallarına baxış zamanı çox ciddi şübhəli məqamlar ortaya çıxıb. Müstəntiqin diqqətini çəkən əsas məsələlərdən biri Fərhad Abbasovun özünə 8 bıçaq vurmasıdır. Təcrübəyə əsasən, intihar edən şəxs özünə 3 bıçaq zərbəsindən artıq vura bilmir. Bu isə özünə 8 bıçaq zərbəsi vurub(?) Eyni zamanda müstəntiq ekspert rəyinə baxarkən daha bir maraqlı məqamda “ilişib”. Məlum olub ki, bıçağın birincisi mərhumun köynəyinin üstündən, digərləri isə köynək yuxarı qaldırıldıqdan sonra vurulub. Bu “səliqəli” hərəkət, əlbəttə, intihar edən adamın öz “əli işi” ola bilməz.  Maraqlıdır ki, bu və onlarla belə şübhəli məqamlar Binəqədi Prokurorluğunun diqqətini çəkməyib, tez-bazar işi xətm ediblər…” deyə, saytın yazısında qeyd olunur.
Sayt ölüm işi ilə bağlı şahid ifadələrinə istinadən yazır ki,  olay daha çox qətlə bənzəyib: “Məsələ ilə bağlı dindirilən şahidlərin ifadələri isə Fərhad Abbasovun öldürülməsi şübhəsini qətiləşdirir. Belə ki, bankda yoxa çıxan 1 milyona yaxın pula görə həbsə alınan ”Parabank”ın “Nəsimi” filialının xəzinədarı olmuş Ülvi Elçin oğlu Kazımovun məsələ ilə bağlı ifadəsi maraqlıdır. O bildirir ki, Fərhad Abbasov ölümündən əvvəl Səxavət Səfərovun onu hədələdiyini, öldürəcəyini deyirmiş. 
Eyni zamanda S.Səfərovun oğlu Əşrəf Səfərov tərəfindən təhdidlərə məruz qaldığını bildirirmiş. Ülvinin ifadəsinə görə, mərhum hadisədən bir neçə gün əvvəl S.Səfərov tərəfindən harasa çağırılıb və ona son dəfə xəbərdarlıq edildiyini bildirib. Bundan başqa, məlum olub ki, S.Səfərovun oğlu Əşrəf Səfərov 10 yaxın idmançı görkəmli şəxslə onu “söhbətə” çağırıb və döyüblər. Yeri gəlmişkən, “Parabank”ın “Nəsimi” filialına faktiki rəhbərlik edən Ə.Səfərov kriminala yaxın şəxs hesab edilir. O, xoşu gəlməyən adamlarla özünün qoçu dəstəsi ilə haqq-hesab çəkməyi xoşlayır.
Bu fikirlər hazırda həbsdə olan Ülvinin anası Maya Kazımovanın prezident İlham Əliyevə və ölkənin birinci xanımına ünvanlandığı məktubda da yer alır. Müraciətdə bildirilir ki, o, qoçu dəstəsinə böyük oğlu Ehtiram Kazımovu döydürüb və ümumi dəyəri 130 min manat olan əmlaklarını (Xırdalanda iki otaqlı mənzil, avtomobil və.s.) əllərindən aldırıb. Bu faktların aşkarlanması ilə kimlərin cəzalanacağı bəlli olmasa da, “Parabank”ın “Nəsimi” filialında “Kia Motors AZ” MMC-nin müştərək fırıldağı ilə dövlətdən gizlədilən pulun təftişinə artıq başlanılıb.
Məsələ ictimailəşəndən sonra hər iki qurumda Vergilər Nazirliyi böyük yoxlamalara başlayıb və doğrudan da milyonlarla vəsaitin vergidən yayındırılması, daxil olmalarla bağlı sənədlərin saxtlaşdırılması və başqa cinayət əməlləri aşkarlanıb”.
 
Sayt “KİA”dan verilən təkzibdə şübhəli, sual doğuran məqamlara diqqət çəkərək yazır: ““KİA” və “Parabank”  informasiyaları təkzib eləməyə çalışır. Qurumlardan mətbuata göndərilən məktublarda bildirilir ki, “KİA”-nın “Parabank”da 40 milyon manat deyil, 2 milyon 140 min manatı olub və bankın saxlanc anbarında bu pulun 689 min 132 manatı əskik gəlib.
1. Oğurlanan 689 min manat 2 milyonun təxminən üçdə bir hissəsidir. Necə ola bilər ki, qoyulan pulların üçdə biri yoxa çıxsın və uzun müddət bundan heç kimin xəbəri olmasın? Həbsə salınan Ülvi Kazımovun ifadələrindən görünür ki, banka qoyulan 40 milyon pullar adi qutulara yığılıbmış və uzun müddət sayılmayıb. 40 milyon civarında pulun 689 min manatı oğurlananda gözə görünməyə bilər. Amma əmanətin doğrudan da üçdə biri yoxdursa, yəqin o, dərhal diqqət çəkərdi. Görünür, “KİA”-nın açıqladığı 2 milyon bankda rəsmiləşdirdiyi puldur.
2. Amma bir məqam da var ki, vergi yoxlamaları zamanı məlum olub ki, bankın “Nəsimi” filialı 200 mindən artıq pul saxlaya və ya dövriyyəyə buraxa bilməz. Yəni bankda hətta 2 milyon 140 min manatın saxlanılması da qanunsuzdur. Bunun üçün bank filialında nə bunker, nə də inkassasiya maşını var.
Elə isə bank bu milyonları necə saxlayıb? Təkcə bu faktın özü deyir ki, bank filialının rəhbəri istəsə belə həmin pulları rəsmiləşdirə bilməz.
Amma nəzərə alsaq ki, filiala oğul Səfərov rəhbərlik edir, onda ata Səfərovun pullarının necə yerləşdirilməsi, onun dövlətdən necə gizlədilməsi və qeyri-qanuni yolla dövriyyəyə buraxılması kimi halların necə baş verməsi o qədər də təəccüblü deyil.
 
Təəccüblü olanı isə bu milyonların dövriyyəsi, Mərkəzi Bankın, Vergilər Nazirliyinin və digər qurumların gözündən necə yayınmasıdır…”
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
E.HÜSEYNOV

 

Həmçinin oxuyun

“Prostoy vətəndaş” Orduxana bu dəfəki sərt cavabı Şəhidlər Xiyabanından verdi-VİDEO

“Prostoy vətəndaş” ləqəbi ilə tanınan ictimai fəal, diaspor nümayəndəsi, xeyriyyəçi Akif Məmmədov öz “Feysbuk” səhifəsində …

Bir cavab yazın