Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Gündəm / Oliqarxların dəbdəbəli həyat tərzi hansı pullar hesabına olub? – Vəkil

Oliqarxların dəbdəbəli həyat tərzi hansı pullar hesabına olub? – Vəkil

“Beynəlxalq Bankdakı 6 milyard manatın aqibəti hələ ki, bəlli deyil. Həbs edilən iş adamları da məhz bu məsələyə görə saxlanılıblar. Əslində 6 milyard manat Azərbaycanın illik dövlət büdcəsinin 1/3-i deməkdir. Bu, böyük bir fəlakətdir”.

Bu sözləri tanınmış hüquq müdafiəçisi, vəkil Aslan İsmayılov son günlər yüksək çinli məmurların və oliqarxların həbsi ilə bağlı baş verən hadisələrə münasibət bildirərkən qeyd edib.

Aslan bəyin sözlərinə görə, oliqarxların həbsinə qeyri-adi bir şey kimi baxmaq lazım deyil: “Bəs, həmin oliqarxların bu günə qədər yaşadıqları dəbdəbəli həyat tərzi hansı pullar hesabına olub? Əslində Azərbaycanda həmin adamlara “iş adamı” deyilməsinə belə, razı deyiləm. Çünki iş adamları adətən hansısa işi bilən, ideya yaradan, vergi verən, qanuna riayət edən insanlardır. Bu insanların işi isə, ancaq pul xərcləməkdən, dəbdəbəli geyməkdən, yaxtalarda gəzməkdən başqa bir şey olmayıb. Hətta böyük əksəriyyətinin fərli-başlı təhsili belə yoxdur. Sadəcə dövlətin pulunu yeyib kef etməklə yanaşı, hansısa məmurla əlbir olublar. İşləri-gücləri xalqın pulunu talamaqdan ibarət olub. Azərbaycanda axırıncı iş adamları 2004-2005-ci ildə fəaliyyət göstərən Zülfüqarlı qardaşları kimi şəxslər idi ki, hazırda belə bir adamlar yoxdur”.

Azərbaycanda hakimiyyətin qohumluq prinsipləri çərçivəsində idarə edildiyini söyləyən Aslan bəy, “qanunlarla idarə edilsəydi, həbs edilən bir oliqarxın banka 800 milyon borcu olmazdı. Azərbaycanda 800 milyon manat borcun olması üçün gərək bir neçə milyard manat əmlaka sahib olasan. Halbuki yerli iş adamlarından bir nəfər də olsun belə, dünyanın milyarderlər siyahısına düşməyib”, – deyə bildirdi:

“Mən şəxsən hansısa Qarabağ əlilinə 3-5 min kredit almaq üçün bank rəhbərlərinə gecə-gündüz yalvarırdım. Nə qədər ki, neft pulları milyardlarla axıb gəlirdi, bu cür yeyintilər hiss olunmurdu. Bunlar da öz növbəsində yeyib kef edirdilər. İndi milyardlar qurtarıb deyə, başlayıblar pul axtarmağa”.

Mərəkənin hələ bundan sonra başlayacağını söyləyən Aslan İsmayılov bildirdi ki, əsas məsələlər hələ qabaqdadır: “Nəticə çox acınacaqlı olacaq. 18 milyard illik dövlət büdcəsinə malik bir ölkənin Beynəlxalq Bankında 6 milyard dollar naməlum şəkildə yoxa çıxması sadəcə fəlakətdir. Bizlər də fəlakətin uçurumundayıq. Məsələ budur ki, bu uçuruma təkcə biz yox, ümumilikdə bütün cəmiyyət yuvarlanacaq”. (FaktXeber.com).

Həmçinin oxuyun

Əli Əsədov Baş Nazir oldu – Yenilənib

Milli Məclisin növbəti plenar iclası başlayıb. “Qafqazinfo” xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin təqdimatına əsasən …

Bir cavab yazın