Çərşənbə , Noyabr 20 2019
Ana səhifə / Gündəm / Oliqarxlar tərəfindən zəbt edilən çimərliklər – Vətəndaşın əlini yandıran qiymətlər – REPORTAJ (FOTOLAR)

Oliqarxlar tərəfindən zəbt edilən çimərliklər – Vətəndaşın əlini yandıran qiymətlər – REPORTAJ (FOTOLAR)

Yay gəlib, çimərlik mövsümü başlayıb. Xaricdə dincəlməyə imkanı olmayan sadə insanların üz tutduğu çimərliklərə də artıq pulsuz girmək mümkün deyil. 
Çünki, dənizin çimmək üçün əlverişli olan əraziləri dəniz kənarındakı otel və restoranlar tərəfindən zəbt edilib. Açıq ərazilərdə isə dənizə girmək təhlükəli olduğundan insanlar otellərin “ərazisi”nə pulla daxil olmalı və onların təklif etdiyi xidmətlərdən istifadə etməlidirlər.
Musavat.com-un müxbiri paytaxt ərazisindəki çimərliklərə baş çəkərkən bu durumun şahidi olub.
Əvvəlcə,  yolumuzu paytaxt əhalisinin ən çox üz tutduğu “Şıxov” çimərliyindən salırıq. Burada dəniz kənarına çıxmaq istəsək də, restoran və otellər tərəfindən özəlləşdirildiyinin şahidi oluruq. Yəni, “Şıxov”da çimərliyə getmək üçün hansısa otelin və ya kafenin həyətindən keçməyə məcbursan. Çimərliklərin ən gözəl yerləri hasarlanaraq, özəlləşdirilib. Yoldan keçən istənilən vətəndaşın çimərliyə daxil olub, dənizə belə baxmasına icazə verilmir.
Bir sözlə, ümumi  çimərliklər, ən gözəl dənizkənarı yerlər hansısa oliqarx tərəfindən özəlləşdirilib və gəlir mənbəyinə çevrilib.
İstirahət etmək istəyən sadə vətəndaş kimi bu obyektlərin bir neçəsinə baş çəkib qiymətlərlə maraqlandıq. “Şıxov” çimərliyində dənizin kənarı boyunca onlarla restoran və kafelər var. Əvvəlcə,  “Dostluq” restoranına daxil olduq. Burada yay mövsümünə hazırlıq gedir. Müasir üslubda  dizaynla masalar  düzülüb, dekorativ işlər aparılıb. Sanki ətrafda olan otellər müştəriləri cəlb etmək üçün bir-biriləri ilə rəqabətə giriblər.
Yol kənarlarındakı reklam lövhələri təzələnir, təmizlik işləri aparılır. Sıradan çimərliklərlə müqayisədə, bura istirahət üçün daha üstündür.
Bu yay  qiymətlər müştərilərin  büdcəsinə uyğun olacaqmı? 
Eksperiment üçün restoranın həyətindən keçib dənizin kənarına getdik. Yenicə çatıb, Xəzərə baxırdıq ki, adminstrator yaxınlaşıb, “ buyurun, necə kömək edə bilərəm” deyə, buranın sahibsiz olmadığını xatırlatdı.
Bu cümlənin mənası odur ki, əgər oturub restoranın xidmətlərindən sitifadə etməyəcəksənsə, onun ərazisində girib dənizə baxmağa belə icazə verməyəcəklər. Dənizə baxmaq istəsən belə ən azı bir qəfədan çay içməlisən, ən yaxşı halda isə  nəsə yeməlisən.
Bu səbəbdən söhbəti dəyişib, bir neçə gün sonra burada piknik edəcəyimiz deyib qiymətlərlə maraqlandıq. Öyrəndik ki,bu restoranın çimərliyinə 1 nəfərin girişi 5 manatdır. Bu məbləğə isə yalnız  uzanmaq üçün “lejanka” daxildir. Çay dəstgahla təklif edilir, qiyməti isə 30 manatdır.  İsti və soyuq yeməklər isə şəhər qiymətindən ən azı iki dəfə bahalıdır. Restoranın həyətindəki süni hovuzda çimmək üçün isə 10 manat tələb olunur.
Növbəti ünvan olaraq, dənizin bir addımlığında yerləşən  “Ramada” otelinə baş çəkdik. Burada isə həm  çimərlik , həm də otel qiymətləri çox bahadır. Çimərlikdən istifadə etmək üçün giriş 30 manatdır. Bu qiymətə yalnız, dəniz kənarında uzanmaq üçün bir “lejanka” və dəsmal daxildir.
Otelin bir gecəlik qiyməti isə  200 manatdan başlayır. Bir nəfərlik yemək qiymətləri 12 manatdan başlayır, 40 manata kimi  davam edir. Menyudakı qiymətlər əl yandırır. Bir nəfərin sadəcə çimərliyə gəlməsi 30 manata,  bir şiş kabab yeyib, bir qəfədan çay içsə ən az 50 manat ödəyəcək.
Bakıda daha ucuz girişi 3-5 manata olan çimərliklər də var. Lakin həmin çimərliklər ailəvi istirahət baxımından əlverişli deyil.
Rahat çimərliklərin qiyməti isə əl çatmazdır. 
Yəni, bu yay xalq  dənizdən, çimərliklərdən  rahat şəkildə istifadə edə bilməyəcək.
Məsələyə, turistlərin gözü ilə baxdıqda isə əminliklə demək olar ki, bu qiymətləri görən xarici qonaqlar bir daha Bakıya gəlmək haqqında düşünməyəcək. Belə olan halda bu otellərin sahiblərinin də qaz vurub, qazan doldurmaq niyyətləri baş tutmayacaq.
Məğrur Mərd
Fotolar müəllifndir














Həmçinin oxuyun

Mübariz Mənsimov məhkəmə qərarını icra etmir – 70 min dollarlıq borc

“Xəzər-Lənkəran” futbol klubunun sahibi Mübariz Mənsimov Ali İdman Arbitraj Məhkəməsinin qərarlarını icra etmir. O, əcnəbi …

Bir cavab yazın