Bazar , Yanvar 24 2021
Ana səhifə / Gündəm / Oliqarx klinikalarının «devalvasiya bəhanəsi» – Qiymətlər əl yandırır…

Oliqarx klinikalarının «devalvasiya bəhanəsi» – Qiymətlər əl yandırır…

Azərbaycanda manatın ucuzlaşmasını əsas gətirən əksər özəl tibb müəssisələri müayinə və müalicə qiymətlərini kəskin bahalaşdırıblar. Əvvəldən də xəstələrdən yüksək ödənişlər tələb edən özəl klinikaların devalvasiyadan sonrakı qiymətləri, obrazlı desək, «əl yandırır».

«Unikal»ın araşdırmasına görə, Mərkəzi Klinik Xəstəxanada devalvasiyadan sonra bir sıra qiymətlər artıb. Məsələn, daxili orqanların ultrasəs müayinəsinin qiyməti həkim seçimindən asılı olaraq 50-65 manat arasında dəyişir. Devalvasiyadan əvvəl isə bu, 40-50 manat idi.

“Diqnoz” klinikasında daxili orqanların müayinəsi 35 manatdır. Bura ginikoloji orqanların müayinəsi də daxil edildikdə qiymət 50 manat olur. Halbuki devalvasiyadan bir neçə ay əvvəl UZİ müayinəsinin ümumi qiyməti 35-40 manat arasında idi.

“City Hospital”da ən çox müraciət olunan “Check-Up” (ümumi müayinə) xidmətinin haqqı qaldırılıb.

“Avrasiya” klinikasında isə ən çox müraciət olunan – ailə qurmağa hazirlaşan cütlüklərə özəl “Check-Up” xidməti kişilər üçün 150, xanımlar üçün isə 90 manata təklif olunmaqdadır. Hələ ötən ilin oktyabr ayından ölkədə 2016-cı il üçün yaşayış minimumunun 136 manat məbləğində proqnozlaşdırıldığını nəzərə alsaq, gəlin razılaşaq ki, bu qiymətlər gənc ailələr üçün əlçatmazdır.

“Baku Medical Plaza”da ümumi qan analizi 14 manat, qanın tərkibindəki mikroblar üçün müayinə 18- 30 manat arasında dəyişir. Hamiləlik üçün qan analizlərinin qiyməti isə 300 manatdır. Adıçəkilən klinikada həkim qəbulu 40-60 manat təşkil edir.

Atlas” Tibb Mərkəzində də qiymətlər ucuz deyil. Ümumi qan analizi 17 manat, digər qan analizləri isə ayrı-ayrılıqda 20-30 manat civarındadır. Ümumilikdə isə 180 manatla bütün qan analizlərindən keçmək mümkündür. Həkimin qəbulu üçün 30 manat ödənməlidir.

Gəlin açıq danışaq: Azərbaycan reallığında göstərilən rəqəmlər vətəndaşın cibi ilə müqayisədə «fantastik» deyilsə, bəs nədir?

Xatırladaq ki, ötən ilin dekabrında – manatın ikinci dəfə və bu dəfə daha kəskin devalvasiyasından sonra Səhiyyə Nazirliyi faktiki olaraq özəl klinikaların qiymətləri artırmaq istəyinə «yaşıl işıq» yandırmışdı. “Manatın məzənnəsi ilə əlaqədar olaraq dövlət xəstəxanalarında heç bir problem yoxdur” deyən səhiyyə nazirinin müavini Elsevər Ağayev həmin vaxt jurnalistlərə açıqlamasında onu da bildirmişdi ki, “Dövlət səhiyyə müəssisələrində xidmət pulsuzdur, ancaq özəl müəssisələrdə belə deyil. Buna görə də onların gətirdikləri məhsulların qiymətində hər hansısa bir dəyişiklik olarsa, xidmət haqqının qiymətini dəyişə bilərlər”.

Nazir müavininin bu açıqlamasından sonra özəl klinikaların müayinə və müalicə qiymətlərini artırmasına təəccüblənməmək lazımdır.

Bununla belə, unutmaq olmaz ki, əhalinin sosial durumu heç də yaxşı deyil, iqtisadi böhran isə vətəndaşların maddi durumunu daha da ağırlaşdırıb. Belə olan halda özəl klinikaların da qyimət artımına getməsi ilk növbədə onların özlərinə ziyandır, çünki mövcud şəraitdə onlara üz tutanların sayı da kəskin azalacaq.

Təsadüfi deyil ki, bir çox ekspertlər belə yüksək qiymətlər müqabilində bir sıra özəl klinikaların bağlanmaq riskinin yüksək olduğunu söyləyirlər. Bu fikirlə razılaşmamaq mümkün deyil. Belə getsə, devalvasiyanı bəhanə edib qyimətlərini daha da qaldıran özəl tibb müəssisələrinin qapısını açan tapılmayacaq.

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın