Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / “Oba” MTK-nın komendantı sakinlərə “köpəkoğlunun milləti” deyir? – ARAŞDIRMA 

“Oba” MTK-nın komendantı sakinlərə “köpəkoğlunun milləti” deyir? – ARAŞDIRMA 

Noyabrın 21-də “Döyülən jurnalist Zakir Qaralovdan kömək istədi – “Burda korrupsiya da var”” başlıqlı məqalə dərc etmişdik. Həmin məqalədə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Seymur Quliyev tərəfindən döyülən jurnalist, 365info.az saytının təsisçisi və baş redaktoru Anar Asim oğlu Qasımovun Baş prokuror Zakir Qaralova müracəti oxuculara təqdim olunmuşdu. Həmin müraciətdə bildirilirdi:

“Qeyd edim ki, bizim binalara qaz çəkilib, sayğaclar da quraşdırılıb, lakin “Oba” MTK-nın komendantı Rahim Məmmədov sakinlərə qaz kartını 600 manata “satır”.

Rahim Məmmədovun kartı vətəndaşlara pulla satmasını sübut edən, mənimlə telefon söhbətinin səs yazıları da var və bu faktları prokurorluq orqanlarına təqdim etməyə hazıram. Mən dəfələrlə ona bildirmişəm ki, mənim bu qədər pulum yoxdur, kart isə pulsuz verilməlidir. R.Məmmədov da mənə əvəzində deyib ki, “bu sayğac və kartlar üçün mən də “yuxarılara” rüşvət vermişəm”.

Eyni zamanda, son günlərdə evlərdəki istilik sistemləri işləmir. Məqsəd isə ondan ibarətdir ki, hər şeyə görə elektrik enerjisi sərf etməli olan, soyuqdan donan sakinlər sonda məcbur qalaraq “Hacı Rahim” kimi tanınan komendanta 600 manat versinlər və qaz kartı alsınlar. Bu ay mənə 328 manat işıqpulu çeki gəlib. Mənim o qədər pulum yoxdur, amma nə qaz, nə də istilik sistemi var deyə, məcburuq evi də elektrik enerjisiylə qızdıraq, xörəyi də elektrik peçində bişirək. Komendantlıqdan deyirlər ki, guya istilik sisteminin işləməməsi “Azəristilik”lə bağlıdır. “Mən getdim “Azəristilik”in Binəqədidəki idarəsinə və müəyyən etdim ki, problem onlarda deyil, “Oba” MTK komendantlığı özü qəsdən istilik sistemini qoşmur. Ordan Elman adlı əməkdaşı götürərək, Hacı Rahimin ofisinə gəldim.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Seymur Quliyev də onun yanındaydı. “Azəristilik” nümayəndəsi Elman da bildirdi ki, idarə istilik sistemini tam təmin edir. Mən Hacı Rahim Məmmədovdan xahiş etdim ki, evlərin isidilməsinə əngəl törətməsin. Həmçinin, qaz kartı ilə bağlı bizi daha süründürməməsini xahiş etdim… O isə bildirdi ki, get” Şərq Bazar”da adamlarım var, onlara 110 manat ver, ayda da 90 manat verəcəksən, evinə kombi qoşacaqlar.bc671a93e520257423cedfd308778e01_16

Həmçinin, Rahim Məmmədov bildirdi ki, “600 manat verənə qədər, sənə qaz kartı yoxdur”. Ofisdən çıxanda ona “Sən necə hacısan, insanlar soyuqdan qırılır, sənin vecinə deyil” deyə narazılığımı bildirdim. Elə bu an DİN Baş NMİ-nin əməliyyat müvəkkili Seymur Quliyev məni qaraj olan zirzəmiyə çəkərək, yumruq və təpik vurmağa başladı, müxtəlif nahiyələrdən mənə xəsarət yetirdi. Hazırda sağ qulağım və gicgahım, eləcə də sol dizim şişib. Bir tərəfdən, yeriməkdə çətinlik çəkirəm, digər tərəfdən də, yaşadığım şəhərcikdə döyülmüşəm deyə, istər-istəməz narahatlıq keçirirəm.

Seymur Quliyev bizim şəhərcikdə yaşayır və komendant Rahim Məmmədovla dostluq münasibətləri var. Onun tərəfindən hər an yeni zorakılıq, təzyiq və təxribata məruz qala bilərəm.Qeyd edim ki, Rahim Məmmədov mən döyüldüyüm yerdə olan kameranı da söküb, guya burda heç vaxt kamera olmayıb. Əgər bu məsələnin qısa müddətdə araşdırılması və tibbi ekspertiza təyin edilməsi barədə göstəriş versəniz, mənə Seymur Quliyev tərəfindən törədiləcək növbəti təxribatların qarşısını almış olarsınız. Çünki Seymur Quliyev bu məsələni ictimailəşdirəcəyim halda cibimə narkotik atıb tutduracağı ilə təhdid edib. Vurğulamaq istərdim ki, sabah-birigün mənim və ya ailə üzvlərimin başına bir iş gəlsə, ilk şübhəli şəxslər kimi, məhz Rahim Məmmədov və Seymur Quliyevi görürəm”.

Sayt Rahim Məmmədovla əlaqə saxlayıb, lakin o, sakinlərə pulla kart satıldığını inkar edib: “Qazın təchizatını dövlət pulsuz təmin edir. Kartları da “Azəriqaz” verir. Qoy Anar Qasımov gedib dövlətlə müqavilə bağlasın”. Anar Qasımov Qafqaz Xəbər Agentliyinə Rahim Məmmədovla telefon söhbətinin səs yazısını təqdim edib.

R.Məmmədov telefon danışığında təsdiq edir ki, Seymur Quliyev Anar Qasımovun gödəkçəsindən dartıştıraraq, onu qaraj tərəfə çəkib. Həmçinin, Anar Qasımov karta görə 600 manat verməyə imkanı olmadığını dedikdə, Rahim Məmmədov çox qəribə cavab verir. “Bu belə camaat verir də, köpəkoğlunun milləti verir də. Sən də o vaxta qədər tədbir görəydin. Gətirib ayda 50 manat versəydin, çoxdan o pul yığılmışdı. Get sən də qazan da…”, – deyə “Oba” MTK komendantı digər sakinləri də təqir etməkdən çəkinmədi.

Biz səs yazısında bu sözləri eşitdikdən sonra, dərhal “Oba” MTK komendantı Rahim Məmmədovun özüylə əlaqə saxladıq. “Siz sakinlərin haqqında bilərəkdən belə danışmısınız, ya bilməyərəkdən belə olub?”, – deyə soruşduq. “Siz kimsiniz? Müstəntiqsiniz, nəsiniz… Dünəndən bəri mənə zəng edirsiniz”, – deyə R.Məmmədov bizim sualımıza reaksiya verdi. Hətta o, bizi şantajda da ittiham etdi.

Rahim Məmmədova bu “şantaj”la bağlı polisə məlumat verməyi tövsiyə etdi. Biz bir daha Rahim Məmmədovdan soruşduq ki, görəsən, sakinlər haqqında danışarkən, hər zaman belə ifadələrə yol verir? “Mən sakinlərlə necə danışıram, özüm yaxşı bilirəm. Xahiş edirəm, məni daha narahat etməyin”, – deyə Rahim Məmmədov cavab verdi.

Biz adıkeçən DİN Baş NMİ-nin əməliyyat müvəkkili Seymur Quliyevlə də əlaqə saxladıq. S.Quliyev bildirdi ki, Rahim Məmmədovu tanıyır, amma Anar Qasımovu tanımır. “Rahim Məmmədov səs yazısında etiraf edir ki, siz Anar Qasımovun gödəkçəsindən dartışdırıb qaraja aparırsınız… Anar Qasımovu niyə döymüsünüz? O sizə nə edib?”, – deyə soruşduq. “Mən indi Gəncədə xidməti tədbirdəyəm. Bakıya gələndə sizinlə əlaqə saxlayacağam”, – deyə S.Quliyev dəstəyi asdı.

Sözardı: Ola bilər ki, Seymur Quliyev hadisə baş verən gün kimlərdənsə onu Gəncəyə ezamiyyətə göndərməyi xahiş edib, lakin biz Azərbaycanda qanunların işlək olmasına inanırıq. Həmçinin, yetərincə texnologiyalar da var ki, Seymur Quliyevə aid nömrələrlə (055***8020, 050***2009) onun noyabrın 20-də saat 22:00 radələrində harda olduğu müəyyən edilsin. (Qafqaznews.az)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın