Şənbə , Dekabr 10 2022
Ana səhifə / Gündəm / “O həmin Ramiz Rövşəndir ki, mənim aftafamı daşıyırdı…” – Əkrəm Əylisli

“O həmin Ramiz Rövşəndir ki, mənim aftafamı daşıyırdı…” – Əkrəm Əylisli

“Yazıçılar Birliyinin qurultayı qurultay deyildi, həyasızlığın və simasızlığın, riyakarlığın, saxtakarlığın yeni bir nümayişi, təntənəsi, atəşfəşanlığı idi. O qurultay gündə bir sifət dəyişənlərin, dünən dediyi sözün bu gün əksini deyənlərin, dahilik iddiasında olan mənəviyyat və ədəbiyyat dəllallarının böyük bayramı idi…”

Bu sözləri Yenisabah.az-a yazıçı Əkrəm Əylisli Yazıçılar Birliyinin böyük müzakirələrə səbəb olan qurultayı barədə danışarkən deyib. O, sözügedən qurultayın başdan-ayağa saxtakarlıqdan ibarət olduğunu bildirib:

“Həmin  qurultay gözdən pərdə asmaq, gözə kül üfürmək sahəsində böyük təcrübə sahibi olanların növbəti səlib yürüşü idi. Mən elə bilirdim ki, bu mütrüfanə revanşdan sonra Anar nə etdiyini düşünüb heç olmasa, bir müddət susacaq. Amma Anar susmur, daha da cürətlənib özünəməxsus üslubda, hər sətrindən naftalin iyi gələn, üstü bəzək, altı təzək müsahibələr verir. Hər vəchlə sübut etməyə çalışır ki, onun yer üzündə tayı-bərabəri yoxdur və buna şübhə edənlərin hamısı bu xalqın düşmənləridir.

Mən təxminən 2 il bundan əvvəl Anar haqqında çox kəskin bir yazı yazmışdım. Yazmışdım ki, sən saxtasan, vəzifə xəstəsisən, sifətinə mələk maskası taxıb iblisanə əməllər törətmisən. Sonralar keçmiş münasibətlərimizi, gəzdiyimiz yerləri, kəsdiyimiz çörəkləri yada salıb o yazıya görə bir qədər narahatlıq keçirmişdim. Ancaq indi – Anarın qurultaydan sonrakı müsahibələrini oxuduqdan sonra o narahatlıq həmişəlik canımdan çıxdı. İndi həmin yazının altından bir daha imza çəkməyə hazıram!”

Ə. Əylisli birliyin sədri olan Anarı əvəzedilməz hesab edənləri tənqid atəşinə tutub:  

“Anar getdikdən sonra kimsə onu əvəz edə biləcək ya yox sualı çox gülüncdür. Bir millət ki, 35 ildə  ikinci bir adam yetirə bilməyibsə, buna millət demək olarmı? Bəs onlar bu 35 ildə niyə işləyiblər? Onda belə çıxır ki, Yazıçılar Birliyində 35 ildə çalışıblar ki, Anar əvəz olunmaz qalsın, yəni işləməyiblər. Əvəzolunmaz nə deməkdir?! Baxın, Anara “əvəzolunmaz” deyənlər kimlərdir…Yazıçılar Birliyində elə bir mühit var ki, orada söz demək, kiməsə həqiqəti sübut etmək mümkün deyil.  Məsələn, Ramiz Rövşən. O, Anarı möhkəm müdafiə edənlərdən biridir. O həmin Ramiz Rövşəndir ki, bir vaxt mənim aftafamı daşıyırdı sonra Anarın dostu, qardaşı oldu. Həmin Ramiz Rövşəndir ki, bir vaxt Müsavatla, Xalq Cəbhəsi hakimiyyətdə olanda Əbülfəz Elçibəyə, İsa Qəmbərə mədhiyyələr, Heydər Əliyevə həcv yazırdı. İndi həmin adamdan əsər yoxdur, elə bil yeni Ramiz peyda olub. Bu adamın bir dünya şairliyi var, amma bir zərrə … yoxdur!”

Yazıçı Anarın vəzifəyə gəldikdən sonra çox dəyişdiyini qeyd edib:

“Bu adamlar birləşib Azərbaycan ədəbiyyatını gülünc vəziyyətə salacaqlarsa, mən onlarla necə razılaşa bilərəm?! Bu adamlar dünən bir sifətdə, bu günsə başqa sifətdə olurlar. Bunu başa düşə bilmirəm. Mən Anarı başqa cür tanımışam, vəzifəyə gələndən sonra isə tamamilə başqa Anarla qarşılaşmışam. O qədər dəyişdi ki, mən artıq onu tanıya bilmədim. Bir müddət dözdüm, sonra gördüm artıq dözə bilmirəm və çıxıb getdim. Və mən sözümü deyib getdim. Onda gördüm ki, Anar vəzifə üçün ölürmüş. O qədər yanlış şeylər deyir və camaatı inandırmaq istəyir ki, oxuduqca dəhşətə gəlirəm”.

Həmçinin oxuyun

Naxçıvanda nə baş verir? – Dəhşətli faktlar, milyonlarla yeyinti

Milyonlarla qaçaqmalçılıq və büdcə yeyintisi…Bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük …