Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “Nikahsız bir evdə qalmağa icazə yoxdur” – İsmayıllıda qəribə qadağa

“Nikahsız bir evdə qalmağa icazə yoxdur” – İsmayıllıda qəribə qadağa

“ – Turizm Nazirliyininin kitabında yazılıb ki, nikah kağızı olmayan heç kimə ev verilməsin.
– Nazirliyin kitabı da var?
– İcra başçısı da elə tapşırıb”.

Əfsuslar olsun ki, həftəsonu istirahətə getdiyimiz İsmayıllı rayonununda qalmaq üçün yer axtardığımız zaman ilk bu dialoqla qarşılaşdıq. Özünü “makler” kimi təqdim edən Ülvi adlı şəxslə ümumi söhbətdən belə nəticəyə gəlmək olar ki, son illlər turizm sektorunun inkişafına xüsusi diqqət ayıran Azərbaycanda gənclərin regionlarda istirahət etməsi bir az müşkül məsələyə çevrilib. Ölkədə tətil planlaşdıranların 2 seçimi var: Ya valideynlərlə, ya da ki, nikah bağladıqdan sonra getmək. Təbii olaraq həm ölkə sakinləri, həm də turistlər bu seçimlərin ikisini də kənara qoyub tətil üçün daha rahat yerə-Tiflisə üz tuturlar.

Qanunla heç bir əsası olmayan nikah şəhadətnaməsinin tələb olunması sadəcə turizmə mane olmur, insanların istirahətini də çətinləşdirir. Qabaqcadan sifariş etdiyimiz mənzil istədiyimiz tələblərə uyğun olmadığı üçün əvvəlcə İsmayıllı rayonunda, daha sonra isə kəndlərində evlərlə maraqlandıq. Mərkəzdə, demək olar ki, bütün evlər üçün nikah şəhadətnaməsi tələb olunsa da, kəndlərdə bu cəhətdən vəziyyət nisbətən yaxşıdır. Ancaq gəl gör ki, bu dəfə də qiymətlərdə fərq özünü göstərir.

Rayonun Buynuz, Talıstan, İvanovka, Zərnava kimi turistik baxımdan əlverişli kəndlərində bir gecəlik qonaqlama qiyməti 50-90 manat arasında dəyişir. Əgər ev sahibi ilə birlikdə qalmağı seçərsinizsə, bu qiymət bir az aşağı ola bilər. Bu səbəbdən də, maşını olan istirahətçilər 20-30 manata rayonda ev tutub gəzmək üçün kəndlərə getməyə üstünlük verir.

Biz istəklərimizə cavab verdiyi, mənzərəsi qəşəng olduğu üçün Talıstan kəndindəki istirahət mərkəzində gecələmək qərarına gəldik. Mərkəz haqqında qısa olaraq onu deyə bilərik ki, dağın ətəyində salınmış bu yerin füsunkar mənzərəsi var. Hazırda 17 taxta ev fəaliyyət göstərir. Əvvəllər müxtəlif şirkətlərə “pityofka”lar təşkil olunsa da, bu ildən turistlər üçün istifadəyə verilib. Bir gecəlik qonaqlama qiyməti 60 manatdır. Bundan başqa, istirahət mərkəzinin spesifik müştəriləri də var ki, bunlar daha çox dövlət işçiləri və məmurlardır. Sakit, gözdən uzaq yerdə olduğu üçün məmurlar burada dincəlməyə üstünlük verir. Mərkəzin işçiləri ilə söhbətləşdiyimiz zaman hətta nazirlərin belə buraya tez-tez üz tutduğunu öyrəndik. Gündə 3 dəfə yemək xərci isə təqribən paytaxt qiymətləri ilə eynidir. Sadəcə olaraq onu tövsiyə edə bilərik ki, sonradan yaranacaq hər hansı bir problemləri aradan qaldırmaq üçün istirahət mərəzlərində menyu tələb etməyi unutmayın.

Əgər bazarlığınızı özününüz etmək istəyirsinizsə, rayon bazarında və ətrafdakı mağazalarda qiymətlər xeyli uyğundur. Yay aylarında daha çox istifadə olunan bostan meyvələrindən yemişin kiloqramı 70, qarpızın isə 20 qəpikdir. Bu qiymətlər digər məhsullarda da münasib olaraq davam edir. Sadaladığımız kəndlərə daha çox paytaxt və digər bölgələrdən olan vətəndaşlar üz tutsa da, Lahıc və Zərnəva kəndinin əsas qonaqları xarici turistlərdir.

Zərnava kəndinə yol Girdiman çayının üzərindəki asma körpüdən başlayır. Bu körpü turistlərin marağını cəlb etdiyi üçün körpüdən keçmək, orada şəkil çəkdirmək 1 manatdır. Yığılan pul isə Zərnəva kəndi üçün xərclənir.Ərazidə olduğumuz zaman da xeyli insanın şəkil çəkdirmək üçün növbə gözlədiyini gördük. Asma körpü təhlükəli olduğundan 2 nəfərdən çox insanın keçməsi qadağandır. Körpünün təhlükəli, kəndə gedən yolun uzun və çətin olması turistlərin marağını cəlb edir.

İsmayıllı turumuzda son dayanacağımız isə 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıc oldu. Hazırda ölkənin ən məşhur turistik məkanlarından olan bu qəsəbəyə gedən yol sıldırım qayalıqlarla əhatələnib. Lahıcın girişində bizi qarşılayan Nizami adlı şəxs makler olduğunu, qəsəbəyə gələn maşınlara nəzarət etdiyini bildirdi. Onun sözlərinə görə, hazırda qəsəbədə 41 ailə kirayə qalır:

“Axşam saat 7-dən sonra gələn maşınları saya bilmədim. Avtobusları heç demirəm, bu gün düz 1873 maşın gəlib. Hələ indi nəfəs almağa vaxt tapmışam. Hazırda 41 ailə kirayə qalır. 3 otaqlı, şüşəbəndi olan evim var, 35 manata verirəm. Ancaq belə ailə ilə 1 otaq da istəyənlər var. O da 20-25 manata başa gəlir”.

Lahıcın girəcəyindən başlayaraq müxtəlif çərəz, milli aksessuar və geyim mağazalara düzülür. Əl işi aksesuarlar 20-25 manat, geyimlərlə şəkil çəkdirmək isə 1 manatdır. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan misgərlik sənəti Lahıcda öz populyarlığlını hələ də qoruyur. Etnik cəhətdən də maraqlı olan qəsəbənin əsas sakinləri tatlardır. Öz dillərində danışan, gülərüz bu insanları ilə Lahıc turizm sektorunda öndə sıralarda yer tuta bilib.

Bu arada qeyd edək ki, bir neçə ay əvvəl Mədəniyyət və Turizm Nazirliyi mehmanxana rəhbərlərinə və turistlərə elə nikah şəhadətnaməsi ilə bağlı müraciət etmişdi. Müraciətdə qeyd olunurdu ki, mövcud qanunvericilikdə mehmanxanada qeydiyyatdan keçən zaman nikah haqqında şəhadətnamə tələb olunmur.

Günel Hacı

“Nikahsız bir evdə qalmağa icazə yoxdur” -  İsmayıllıda qəribə qadağa
“Nikahsız bir evdə qalmağa icazə yoxdur” -  İsmayıllıda qəribə qadağa
“Nikahsız bir evdə qalmağa icazə yoxdur” -  İsmayıllıda qəribə qadağa
“Nikahsız bir evdə qalmağa icazə yoxdur” -  İsmayıllıda qəribə qadağa
“Nikahsız bir evdə qalmağa icazə yoxdur” -  İsmayıllıda qəribə qadağa
“Nikahsız bir evdə qalmağa icazə yoxdur” -  İsmayıllıda qəribə qadağa
“Nikahsız bir evdə qalmağa icazə yoxdur” -  İsmayıllıda qəribə qadağa
“Nikahsız bir evdə qalmağa icazə yoxdur” -  İsmayıllıda qəribə qadağa

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın