Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Gündəm / Nemət Pənahlı Türkiyəyə niyə gedib?

Nemət Pənahlı Türkiyəyə niyə gedib?

O, üzləşdiyi həyati problemləri yoluna qoymağa çalışdığını dedi

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, milli azadlıq hərəkatının öncül isimlərindən olan Nemət Pənahlının maddi problemlər yaşadığı barədə xəbər vermişdik. Keçmiş siyasi məhbus övladlarının təhsil haqlarını ödəyə bilmir. Bu səbəbdən partiya sədrinin övladları təhsillərini yarımçıq dayandırmaq təhlükəsi ilə  üz-üzə qalıblar.
 
Bu barədə ilk dəfə N.Pənahlının özü “Yeni Müsavat”ın 24 sentyabr sayında gedən müsahibəsində məlumat verib. O, həbsdən çıxdıqdan sonra yaşadığı maddi problemlərlə bağlı bunları deyib: “6 övladım var. Böyük övladım magistraturaya qəbul olub, onun ödənişini keçirməliyəm, amma keçirə bilmirəm. Oğlum Orxanın iki illik ödənişi qalıb. İndi universitetin axırıncı kursunda oxuyur, amma ödəniş edə bilmirəm. Üç övladım Atatürk Liseyində oxuyur. Bu həftə qərar çıxıb ki, lisey pulluya keçib. Hər şagird üçün 1700 manat ödəniş olmalıdır. Bugünkü ailəmin durumu ilə bunu ödəmək qeyri-mümkündür. Uşaqlarımı oradan çıxarmağa məcburam. Həm şəxsi, həm də səhhətimlə bağlı problemlər həddindən artıq çoxdur”.
N.Pənahlı qəzetimizə açıqlamasında problemlərinin hələ davam etdiyini söylədi: “Azadlığa çıxdıqdan sonra dost-tanışların nə problemləri varsa mənə üz tuturlar. Onları yaxşı anlayıram. Bizim ad-sanımıza görə düşünürlər ki, bütün problemləri həll edə bilərik. Yaxınlarda yaxın bir adamın Türkiyədə problemi yarandı. Təsəvvür edin ki, məcbur qalıb ora getdim. Təzə ölkəyə qayıtmışam. Orada siyasi yöndə görüşlərim olmadı. Amma unutmaq olmaz ki, bizim  aldığımız nəfəs də siyasətlə bağlıdır. Çünki yaşadığımız həyat siyasətsiz mümkün deyil. Türkiyə siyasətinə heç vaxt qarışmamışam. Hansı qurumun üzvü olmasından asılı olmayaraq, hər kəsə türk vətəndaşı kimi baxırıq.
Ora da siyasət məqsədilə getməmişdim. Övladlarımın problemləri ilə bağlı nəticə nə olacaq bilmirəm. Bəzi yerlərdən söz veriblər ki, problemlər həll olunacaq. Açığı, dostların çətinlikləri bizə öz problemlərimizi unutdurub. Oğlum Orxanın iki illik təhsil haqqını ödəyə bilməsəm də, hələ ki imtahanlara buraxılıb. Ödəniş olmayanda universitetdən çıxarılır. Qızım Xatirə magistraturaya qəbul olub. Bilirsiniz ki, ödəniş olmadan təhsilə başlamaq olmur. Amma sağ olsunlar, yüz manat ödəməklə hələ ki, bu problemi bir qədər dayandıra bildik. Cəmiyyət arasında çox şükür ki, hörmətimiz hələ itməyib. Şəxsi nüfuzuma görə cəmiyyət hörmət etməyə çalışır. İmkan daxilində problemlərimi yoluna qoymağa çalışıram. Orta məktəbdə oxuyan Güney, Ərtoğrul və Oğuzxanın məsələsi ilə bağlı hələ ora getməmişəm.
Onların oxuduqları Atatürk Liseyi Türk Dünyası Araşdırmaları Vəqfinin  məktəbidir. Turan Yazgan ona rəhbərlik edirdi. Onun Əbülfəz bəylə çox yaxın münasibətləri olub. Əbülfəz bəy hakimiyyətdən gedəndən sonra o məktəb bağlanmışdı. O zaman Turan Yazgan məni tapdı Onunla 90-cı illərdən münasibətlərimiz var idi. Türk dünyası üçün çalışan bir şəxs idi. O vaxt imkanlarımdan istifadə edib, həmin məktəbin bağlanmasına imkan vermədim.
Heydər Əliyevlə danışığımdan sonra onu inandıra bildim ki, Turan Yazgan türk dünyası üçün çalışır. Bildirdim ki, kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Türkiyə-Azərbaycan münasibətləri pozula bilməz. Türkiyədə hazırda çoxsaylı millətçi dostlarımız var. Övladlarımın orta məktəbdə üzləşdikləri problemləri onlara da dedim. Əminəm ki, onlar məsələni həll edəcəklər. İnanmıram ki, övladlarımı məktəbdən çıxarsınlar. Bunun həm siyasi, həm də mənəvi nəticələri ola bilər. Allahın köməkliyi ilə problemlərimi həll edəcəm. Həyatım boyu heç vaxt problemlərimi ictimailəşdirməmişəm. Sadəcə mətbuat çox gündəmdə saxladı. Həbsdə olduğum vaxt Şamaxının Avaxıl kəndində olan 9 hektar torpaq sahəmi bələdiyyə sədri satıb. Bütün bunların hamısını həll edəcəm”.

Həmçinin oxuyun

Sabir Nağıyevə general-leytenant rütbəsi verildi – Sərəncam

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.  “Qafqazinfo” xəbər …

Bir cavab yazın