Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Nazirlik işçisi keçmiş müdirinin əleyhinə ifadə verdi: Aralarında düşmənçilik də var imiş

Nazirlik işçisi keçmiş müdirinin əleyhinə ifadə verdi: Aralarında düşmənçilik də var imiş

Binəqədidə 15 nəfərin ölümünə səbəb olan yanğın hadisəsinə görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid Məlahət Ağasıyeva ifadə verib.
O, baş vermiş faciəyə görə Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru, bu iş üzrə təqsirləndirilən səkkiz nəfərdən biri olan Akif Əlibəyovu birbaşa günahkar bildiyini deyib. Qeyd edək ki, Akif Əlibəyov hazırda zamindədir.
Şahid M.Ağasıyeva deyib ki, o, binaya vurulmuş poliuretan üzlüklər barədə saxta müsbət rəy verib. Yanğının baş vermə səbəbi də budur: “Əgər həmib rəy verilməsəydi, bu qədər adam ölməzdi, yaralanmazdı”.
Ağasıyeva istintaq zamanı könüllü ifadə verdiyini də deyib. Məhkəməyə isə ərizə göndərib.
Hakim Əfqan Hacıyev onun ərizəsini elan edib. Ərizədə qeyd edilir ki,  Məlahət Ağasıyeva Akif Əlibəyovun işçisi olub, indi isə münasibətləri düşmənçilik səviyyəsindədir.  Şahid müraciətində yazır ki, keçmiş rəhbərinin əleyhinə səsləndirdiyi fikirlərin aralarındakı düşmənçiliyə dəxli yoxdur.
Məlahət Ağasıyevanın sözlərinə görə, o, mərkəzin Əməyin Mühafizəsi və Ətraf Mühitin Mühafizəsi bölməsinin həkimi olub. İşlədiyi dövrdə mərkəzdə müxtəlif məhsullarla bağlı ciddi yoxlama aparılmadan müsbət rəy verildiyinin şahidi olub.
“Akif Əlibəyov məhsullara müsbət rəy verilməsi üçün əməkdaşlara təzyiq göstərirdi. Onun iş prinsipini nəzərə alaraq, hesab edirəm ki, hadisənin səbəbi binaya vurulan üzlüklərlə bağlı Akif Əlibəyov tərəfindən saxta uyğunluq sertifikatının verilməsidir. O üzlüklərə saxta rəy verilməsəydi, bu qədər adam da ölməzdi” – deyə şahidin müraciətində qeyd edilir.
Təqdirləndirilən Akif Əlibəyov şahidin dediklərinə münasibət bildirib. A.Əlibəyov deyib ki, şahidin istintaqa ifadəsində söylədikləri və məhkəməyə göndərdiyi ərizədə yazılanlar əsassız, qərəzlidir.
O, Məlahət Ağasıyeva ilə aralarındakı düşmənçilin səbəbini belə izah edib: “İşlədiyi dövrdə ona üç dəfə töhmət vermişəm. 65 yaşı tamam olanda onunla müqavilə bağlamadıq və təqaüdə göndərildi. Bundan sonra bizdən şikayətlər eləməyə başladı. Məhkəməyə müraciət etdi. Hər üç məhkəmə instansiyası şikayəti rədd etdi. O, qeyri-adekvat adamdır. Dediklərinin heç bir əsası yoxdur. Özü də yazır ki, poliuretan məhsulu barədə məlumatı yoxdur, amma rəy verir ki, səbəb budur”.
A.Əlibəyovun vəkili Elxan Süleymanov da şahidin ifadəsinə və müraciətinə münasibət bildirib. Vəkil deyib ki, ümumiyyətlə, bu ifadə və ərizə sübutlar siyahısından çıxarılmalıdır: “Xanım özü də etiraf edir ki, aralarında düşmənçilik var. Belə olan halda, onun ifadəsi obyektiv sayıla bilməz”.
Təqsirləndirilən şəxslərdən binanı üzləmiş “Global Construction” və üzlükləri istehsal etmiş “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudovun vəkili İlhamə Həsənova məhkəməyə 21 nəfərlik siyahı təqdim edib və o adamların əlavə şahid kimi dindirilməsini istəyib: “Məsələn, “Global Construction” şirkətində baş direktorun müavini Arif Əliyev birbaşa təhlükəsizlik məsələlərinə məsul olub. Hadisədən bir müddət əvvəl MTN əməkdaşları məhz onun vasitəsilə şirkət rəhbərliyindən pul tələb edib, onunla telefon əlaqəsi yaradılıb. Bundan əlavə, poliuretan üzlük Azərbaycanda yeni sahə olduğu üçün şirkət rəhbərliyi Fövqəladə Hallar Nazirliyinin və digər qurumların əməkdaşlarını dəvət edib, mütəxəssis kimi onlardan məsləhətlər alıb. İşin obyektiv araşdırılması üçün bu adamların hamısı dindirilməlidir”.
Hakim bildirib ki, bu vəsatətə növbəti məhkəmə prosesində baxılacaq.
Növbəti məhləmə prosesi noyabrın 15-nə təyin olunub.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın