Ana səhifə / Gündəm / Nazir Yavər Camalovun istintaqda dindirildiyi xəbərləri yayıldı

Nazir Yavər Camalovun istintaqda dindirildiyi xəbərləri yayıldı

Hərbi zavoddakı partlayışla əlaqəli Bakıda toplantı keçirildi; müdafiə sənayesi naziri və onun icra başçısı olan qardaşı Mərdan Camalov istintaqçılar üçün nə kimi ipucları verə bilər…

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan və Şirvanda yerləşən hərbi təyinatlı “Araz” zavodundakı partlayışın nəticələri tam aradan qaldırılmayıb. 2 nəfərin ölməsi, 26 nəfərin yaralanması ilə nəticələnən partlayışdan sonra zavodun fəaliyyəti iflic olub.
 
Şahidlərin sözlərinə görə, “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzi döyüş baş vermiş ərazini xatırladır. Mərkəzin inzibati binalarının bir çoxu dağılıb, dağılmayan binaların fasadları partlayışdan sonra qəlpə “yağışı”nın təsiri altında dağınıq vəziyyətə gəlib, pəncərələr çərçivəsindən qopub.

ANAMA partlayışdan sonra mərmi başlıqları yığır

Hazırda mərkəzin ərazisi də daxil olmaqla zavodda və təxminən 2 kilometrlik ərazidə ANAMA mütəxəssisləri dəhşətli partlayışdan sonra ətrafa səpələnən döyüş sursatlarının başlıqlarını, siqnal raketlərinin patronlarını toplamaqla məşğuldurlar. Aldığımız məlumata görə, təmizləmə prosesi bir neçə ay sürə bilər. Bu da təsadüfi deyil. Partlayış zamanı 20-25 kiloqram ağırlığında olan mərmi başlıqları bir neçə yüz metr hündürlüyə qalxaraq yüksək sürətlə yerə çırpılıb. Bir çox mərmi başlıqları 1 metrə qədər torpağın dərinliyinə girib. Mütəxəssislər minaxtaranlarla həmin mərmi başlıqlarını axtarıb tapır, qazıyıb çıxarır və təhlükəsiz ərazilərə aparırlar.
 

Partlayışı araşdıran Dövlət Komissiyası növbəti dəfə toplaşdı

Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyası yaradılıb. Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun sədrlik etdiyi həmin komissiya avqustun 1-də növbəti dəfə toplaşıb. Şirvan İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun da qatıldığı komissiya hadisənin baş verməsi səbəblərini və şəraitini araşdırmalı, onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirib həyata keçirməlidir.
Komissiyanın iclasında hansı qərarlar qəbul edilməsini öyrənmək üçün Nazirlər Kabineti ilə əlaqə saxladıq. Qurumdan suallarımızı Y.Eyyubovun köməkçisinə yönəltsələr də, suallarımıza cavab ala bilmədik. Şirvan İcra Hakimiyyəti ilə əlaqə saxlayıb  komissiya üzvü olan Mərdan Camalova partlayışdan sonra yaranan sualları ünvanlamaq istədik. İcra başçısı Bakıda Dövlət Komissiyasının iclasında olduğundan 1-ci müavini Samid Abıyevlə əlaqə yarada bildik.  S.Abıyev bildirdi ki, Dövlət Komissiyası iclası keçirilsə də, hələ ki komissiyanın işi haqda heç bir məlumat verilməyib. S.Abıyev zavodun fəaliyyətinin bərpası ilə bağlı suala “bu haqda heç nə deyə bilmərəm, işlərin bərpası üçün tədbirlər görülür” cavabını verib. Əlavə edib ki, zavodun ətrafında hazırda ANAMA təmizləmə işləri aparır.

Partlayışda yanmış qadının iş yeri niyə dəyişdirilib? 

Bu arada redaksiyamıza partlayış zamanı faciəvi şəkildə dünyasını dəyişmiş 2 övlad anası İlhamə Əsgər qızı Nuriyeva haqda məlumat daxil olub. Həmin məlumata görə, İ.Nuriyeva partlamamış, vaxtı ötmüş sursatların utilizasiya mərkəzinin yerin altındakı bunkerində çalışırmış. Olay baş verən gün onun iş yeri mərkəzin yerin üzərində yerləşən sexinə dəyişdirilib. Günortadan sonra sexdə baş verən partlayışda İ.Nuriyeva və Ağamir Allahyar oğlu Məmmədov dünyalarını dəyişiblər.

Sex rəisi partlayışdan az əvvəl zavoddan qaçıb? 

Ötən sayımızda hərbi zavoddakı müəmmalı partlayışdan sonra xəstəxanaya gətirilən yaralı işçilərin oradakı sexin rəisi Salamat Hüseynovun adını çəkməklə baş verənlərdə onu günahlandırmaları haqda məlumatların olduğunu yazmışdıq. Qeyd etmişdik ki, bu məlumatları yoxlamaq, müvafiq qiymət vermək prokurorluq orqanının işidir. Redaksiyamıza daxil olan digər bir məlumatda S.Hüseynovun partlayışdan az əvvəl zavoddan qaçdığı bildirilir. Qeyd olunur ki, S.Hüseynov partlayışdan əvvəl zavodun qarşısındakı yolla qaçarkən zavodun mühafizəçiləri onu saxlayıb hara getdiyini, niyə qaçdığını xəbər alıblar. Həmçinin qeyd olunur ki, partlayışdan sonra bu məqam istintaqçılar tərəfindən araşdırılır. S.Hüseynovun istintaqçılara partlayışa görə şokda olduğu səbəbindən zavoddan qaçdığını söyləməsi də gələn məlumatlar sırasındadır. Onun partlayışdan az əvvəl partlayışın baş verəcəyindən xəbər tutaraq qaçması da maraq doğurur. Belə nəticəyə gəlmək olar ki, sex rəisi partlayışın baş verəcəyini bilib və işçilərdən əvvəl qaçıb. Hər halda, istintaq bu məqamlara aydınlıq gətirməlidir.


Müdafiə Sənayesi Nazirliyinin “qaynar xətti” partlayışdan sonra “donub”

Şirvan şəhərində bir il fərqlə 2 hərbi zavodda baş verən partlayışların baş vermə səbəbləri nədənsə ölkə ictimaiyyətinin diqqətinə çatdırılmır. Müdafiə Sənayesi Nazirliyi (MSN) də öz tabeliyindəki zavodlarda baş vermiş bu dəhşətli olayların araşdırılmasında maraqlı görünmür. 2015-ci il iyulun 6-da Şirvandakı hərbi təyinatlı “Telemexanika” zavodunda baş verən, 1 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən güclü partlayışdan sonra tezliklə olayın hansı səbəbdən meydana gəlməsinin açıqlanacağı gözlənilirdi. Şirvan Şəhər Prokurorluğunda başlanan cinayət işi 1 il 20 gün ərzində partlayışdan sonra yaranan suallara cavab vermədi. “Telemexanika” zavodunda 2015-ci ilin iyulunda baş verən olayın səbəbi gizli qaldığı bir vaxtda miqyasına və ölənlərin sayına görə daha dəhşətli partlayış oldu. 26 iyul 2016-cı ildə “Araz” zavodunda 2 nəfərin ölümü, 26 nəfərin yaralanması ilə bağlı nəticələnən olay meydana gəldi. Bu olaydan 1 həftə ötməsinə baxmayaraq MSN rəsmiləri bilavasitə partlayışın səbəbləri haqda məlumat verməyə tələsmirlər. Ötən gün MSN-in 012 539 24 53 nömrəli telefonuna, 012 510 63 47 qaynar xətt nömrəsinə bir neçə dəfə zəng etsək də, dəstəyi qaldıran olmadı. “Araz” zavodunun 012 418 96 75 nömrəli telefonuna isə cavab verən olmadı.


Partlayış “Araz” zavodundakı yeyintinin ört-basdır edilməsi cəhdidir? 

 
“Araz” zavodundakı partlayışda iki versiya var, təhlükəsizlik və ya yeyintinin ört-basdır edilməsi cəhdi”.
Bunu Azərbaycan müdafiə nazirinin keçmiş müavini, polkovnik İsa Sadıqov AzadlıqRadiosu-na deyib.
Onun fikrincə, zavodda bu, ikinci partlayış olduğundan yeyinti məsələsi ilə bağlı versiyaya daha çox inanır: “Yeyintini partlayışla silmək olar. Nəzərə alsaq ki, bu, artıq ikinci partlayışdır, deməli, ikinci versiyanın yaşama hüququ daha güclüdür. Ötənilki partlayışın səbəbləri barədə heç bir məlumat verilmədi. Bilinmədi, nədən olub, niyə olub? Kimi tutdular, kimi işdən azad elədilər, məsuliyyət kimin üzərində qaldı? Bu dəfə də komissiya yaradılsa belə, həqiqət barədə ictimaiyyətə məlumat veriləcəyinə inanmıram”.
Özəl mənbələrdən musavat.com-a daxil olmuş məlumata görə, “Araz” zavodunda baş vermiş partlayışla bağlı istintaq tədbirlərinin miqyası genişləndirilib. Belə ki, mənbəmiz deyir ki, müdafiə sənayesi naziri Yavər Camalov istintaqda dindirilib. Həmçinin onun hakimiyyətin siyasi rəhbərliyi tərəfinfən ciddi danlandığı barədə məlumatlar yayılıb.
İstintaqa cəlb olunanlar sırasında adı keçən bir başqa məmur isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur. Son 1 ildə onun rəhbərlik etdiyi rayonda iki hərbi zavodda partlayışın baş vermə səbəbləri araşdırılarkən, başçının ifadəsinin alınması istintaqçılar üçün müəyyən ipucları verə bilər…
Xatırladaq ki, Yavər və Mərdan Camalovlar qardaşdırlar. Onların hər ikisi Şirvan (keçmiş Əli Bayramlı) rayonunda anadan olub. Camalov qardaşlarının ciddi biznes imperiyasının olduğu barədə dəfələrlə yazılıb. Yavər Camalov iqtidarda ən varlı, imkanlı nazirlərdən sayılır. 
İyulun 26-da baş vermiş partlayışdan sonra MSN-in yaydığı rəsmi məlumatlardan birində bildirilirdi ki, utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən zavoda təhvil verilən 1500 ton məmulatdan qalan 146 ton sursatda hələlik naməlum səbəbdən partlayış əmələ gəlib.
Hazırda iş üzrə araşdırmalar davam etdirilir. “Araz” zavodundakı partlayış faktına görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Ötən il iyulun 6-da Şirvanda “Telemexanika” zavodunda baş verən partlayışla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdı.
Zavodundakı sexlərin birində baş vermiş partlayış nəticəsində 1959-cu il təvəllüdlü Raziyyə Süleymanova aldığı yanıq xəsarətlərindən hadisə yerində ölmüş, sexdə işləyən digər 19 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilmişdi. Bu cinayət işinin başlanması haqda məlumat verilsə də, nəticəsi haqda xəbərlər gizli saxlanılır.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın