Şənbə , Yanvar 29 2022
Ana səhifə / Gündəm / Nərgiz Babayeva: “Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı”

Nərgiz Babayeva: “Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı”

Azərbaycan, bütün sahələrdə olduğu kimi, genderlə bağlı məsələlərdə də ortaya nümunə sayılaca biləcək mövqe qoyur. Təəssüflər olsun ki, xaricdən istiqamətləndirilən bəzi radikal cərəyanlar feminizm adı ilə güya Azərbaycanda qadınlara qarşı ayrıseçkiliyin olduğunu qabartmağa çalışırlar. Ancaq həyata keçirilən dövlət siyasətinə nəzər saldıqda biz tam fərqli mənzərənin şahidi oluruq. Konkret faktlara nəzər salaq.

Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin olunub. Onlardan biri İndira Hacıyeva, digəri isə Marina Vasilevadır. Yeni təyinatlardan sonra Azərbaycanda qadın nazir müavinlərinin sayı 6-ya yüksəlib.

Qadın nazir müavinləri haqqında məlumatları təqdim edirik:

  • Məmmədəliyeva Sevda Yusif qızı

1967-ci il təvəllüdlü Sevda Məmmədəliyeva uzun müddətdir ki, nazir müavini postundadır. O, 1999-cu ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin müavini təyin olunub. 2006-cı ildə isə Mədəniyyət Nazirliyi ləğv edildikdən və onun əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamla mədəniyyət və turizm nazirinin müavini vəzifəsinə gətirilib. 20 aprel 2018-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyi ləğv edilib və onun əsasında Mədəniyyət Nazirliyi yaradılıb. Sevda Məmmədəliyeva isə fəaliyyətinə mədəniyyət nazirinin müavini kimi davam edib.

  • İlhamə Qədimova

İlhamə Qədimova 1975-ci ildə anadan olub. Türkiyədə təhsil alan İlhamə Qədimova 11 il özəl sektorda hüquqşünas və konsultant olaraq çalışıb.

Hazırda çalışdığı nazirliyə gəlişi 2018-ci ilə təsadüf edir. O, həmin ilin may-sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci il sentyabrın 24-də isə Prezident İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

  • Həsənova Sevinc Telman qızı

1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.

1993-2006-cı illərdə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb. Prezident İlham Əliyevin 6 iyul 2006-cı il tarixli sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. 2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin müavini kimi çalışıb. 2016-cı ildə isə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

  • Əliyeva Nigar Ramiz qızı

2009-cu ildən bugünə kimi səhiyyə nazirinin müavini vəzifəsində çalışır.1969-cu ildə Bakıda anadan olan Nigar Əliyeva nazir müavini təyin olunmazdan öncə qurumda Ümumi şöbənin müdiri olub.

ATU-nun 1992-ci il məzunu olan N.Əliyeva nazirlikdə çalışanadək Respublika Diaqnostika Mərkəzində (1993-2006-cı illər) həkim kimi fəaliyyət göstərib.

eyd edək ki, Azərbaycanda qadın nazir müavinlərindən biri də təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyeva olub. O, 2020-ci ilin dekabrında tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova da vaxtilə nazir müavini kimi çalışıb. O, daha əvvəl mədəniyyət və turizm nazirinin müavini olub. N.Qədimova 2015-ci ildə Naxçıvanın mədəniyyət və turizm naziri, 2018-ci ildə Muxtar Respublikanın mədəniyyət naziri təyin edilib.

Onu da bildirək ki, Azərbaycanda 67 nazir müavini var.

  • Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı

Azərbaycanda genderlə bağlı vəziyyət necədir? Bu suala daha dolğun cavab almaq üçün gənc xanım siyasətçi, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayevanın mövqeyini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,

Azərbaycan tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak edirlər: “Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib. Sovet hakimiyyətinin 70 ili ərzində Azərbaycanın iqtisadi-siyasi, elmi-mədəni və ictimai həyatında qadınların yüksək intellektual zümrəsi formalaşıb. Ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ulu Öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin edir. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurulub, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. Tariximizin həssas məqamlarında Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz iradə, əvəzsiz fədakarlıq, sonsuz vətənpərvərlik bugünkü dövlət quruculuğumuzda, cəmiyyətimizin siyasi-iqtisadi, mənəvi-sosial inkişafında yorulmadan çalışan Azərbaycan qadını üçün ilham və enerji mənbəyidir. Bu yaradıcı enerjini xalq və dövlət üçün, bugünkü və gələcək nəsillərin rifahı üçün hərtərəfli real fəaliyyət proqramına çevirmək missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş XXI əsrin ən görkəmli Azərbaycan xanımı isə Mehriban Əliyevadır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çoxşaxəli fəaliyyətində ölkə səhiyyəsinin inkişafı və təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi də xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. “Yeniləşən Azərbaycana yeni məktəb”, Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi, Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin, Talassemiya Mərkəzinin tikilməsi, 10 minlərlə adamın  sağlamlığına qovuşması üçün zəruri dəstəyin göstərilməsi kimi vacib tədbirlər Mehriban Əliyevanın ölkəmizdə fiziki və əqli cəhətdən sağlam nəslin yetişməsinə verdiyi əhəmiyyətin parlaq təzahürüdür. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edir.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir. VI çağırış Milli Məclisdə 22 qadın mandat əldə edib. Qalib gəlmiş qadınlardan 1 nəfər Naxçıvan Muxtar Respublikasından, 7 nəfər Bakıdan, 13 nəfər isə bölgələrdən seçilib. Bütün bunlarla yanaşı, bu yaxınlarda mənim də çalışdığım gənclər sahəsinə məsul olan nazirliyə cənab Prezident iki xanımı müavin təyin etdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı heç bir problem yaşanmır”.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Həmçinin oxuyun

Deputat Mahir Abbaszadənin ev və maşın qiymətinə olan saatları – FOTOLAR

Mili Məclisin deputatı Mahir Abbaszadə bu dəfə bahalı saat kolleksiyası ilə diqqət çəkib. Deputat  bahalı …