Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Nəqliyyat nazirinin qohumu korrupsiyada ittiham olundu

Nəqliyyat nazirinin qohumu korrupsiyada ittiham olundu

“Vüsal Eminov Ziya Məmmədovun yaxın adamlarındandır, ona görə də cinayət faktlarının üstü açılmır”
“Elə belə də yazın, Vüsal nazirin yaxın qohumlarından qız alıb. Ona görə də şikayətlərimizin qarşısı alınır. Yazdıqlarım Ziya Məmmədova görə çəpərlənir. Mən hansı nazirlə qohum olum ki, şikayətimə baxılsın?”- bu sözləri deyən Əliağa Qaraca oğlu Hüseynovdur.

Deyir ki, 2011-ci il dekabrın 1-dən 2014-cü ilə kimi “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük Daşımaları Departamenti, Xırdalan Stansiyasında Yük kontorunun rəisi vəzifəsində işləyib. 26 noyabr 2014-cü il stansiyaya nazirlə qohum olduğunu deyən Vüsal Eminov rəis təyin olunub. Növbəti gün isə Ə.Hüseynov işdən çıxarılıb. “Onlardan soruşdum ki, mənim işdən çıxmağım üçün ərizəni kim istəyir, nə üçün işdən çıxmalıyam? Dedilər ki, cənab nazir Ziya Məmmədovun tapşırığıdır”, deyə o bildirib.

Ə.Hüseynov deyir ki, nazirin adı çəkiləndən sonra akta imza atıb, işdən çıxmağı haqda ərizə yazıb: “İşdən çıxmağım üçün ərizə verəndən 2 gün sonra əvvəlki ərizəni etibarsız sayıb işimdə qalmağım üçün ərizə ilə stansiya rəisi Vüsal Eminova müraciət etdim və dedim ki, əvvəlki ərizəni etibarsız sayıram. O, ərizəni aldı və dedi ki, get işində davam elə.
Ondan sonra mən dekabr ayının 15-nə qədər öz işimdə işlədim və işlədiyim müddətdə 122 ədəd xidmətlərə görə yığım qəbzi (Qu-57) yazıb 28 min 859 manat 37 qəpik pul qəbul etmişəm.

Bütün bunlardan sonra 2015-ci ilin yanvar ayının 10-na kimi stansiya rəisi Vüsal Eminovun göstərişi ilə işlədim və dedi ki, kassada başqa iş verəcəyəm. Ancaq vermədi.

Əgər 1 dekabr 2014-cü il tarixdən işdən azad olunmuşdursa 1-15 dekabr 2014-cü il tarixə kimi kassaya aid olan bütün sənədləri, kassa mədaxil orderləri, həmin dövrün yaddaş vərəqələrinin hesablanmasını, yük alan – yük göndərən təşkilatlarla hesablaşmaların aparılmasını mənə hansı səlahiyyətlərlə etibar ediblər? Mən qəzetimiz vasitəsi ilə hörmətli cənab prezident İlham Əliyevə müraciət edirəm. Xırdalan stansiyasının rəisi Vüsal Eminov Yük Daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyevə o qədər arxayındır ki, işlədiyi 5 ay ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nə vurulan ziyan 100 min manatla ölçülür.

Fevralın 12-dən bu günə kimi 4 dəfə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova, 3 dəfə nazir Ziya Məmmədova, 2 dəfə QSC-nin müavini Əlirza Süleymanova, 1 dəfə əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümova, İnsan hüquqları müdafiəsi üzrə müvəkkil Elmira Süleymanovaya ərizə ilə müraciətlər etmişəm. Lakin heç bir cavab almamışam. Çünki həmin müraciətlərim araşdırılması üçün Yük Daşımalar Departamentinin rəisi Əşrəf Məmmədəliyevə göndərilib. Onlar isə həmin ərizələri bu günə kimi gizlədirlər”.

Ə.Hüseynov deyir ki, şikayət ərizəsində cinayət xarakterli faktlar olduğu halda Yükdaşıma Departamenti tərəfindən ona yazılmış cavab məktubunda ərizə yazıb işdən çıxdığını göstərirlər: “Azərbaycan Dəmir Yolları” QSC-də ərizələrimə baxılan zaman Vüsal Eminovla bir qrup adamların külli miqdarda pul mənimsədikləri faktlarına toxunulmur.

Bütün ünvanlara, o cümlədən Baş Prokurorluğa göndərdiyim şikayət ərizəsi araşdırılması üçün “Azərbaycan Dəmir Yolları” QSC-dədir. Hər 4 aydan bir Xırdalan stansiyasında QSC-də Daxili audit şöbəsi tərəfindən növbəti yoxlama aparılır. Ancaq yoxlama aparan audit işçilərinin tərkibi dəyişdirilmir. Eyni yoxlayıcılar hər 4 aydan bir növbəti yoxlamaya cəlb edilirlər. Vüsal Eminov nazir Ziya Məmmədovun yaxın adamlarındandır. Ona görə də cinayət faktlarının üstü açılmır. 8 aydır bütün ünvanlara, nazirliklərə, aidiyyəti orqanlara ünvanladığım ərizələrimin cavabsız qalmasına səbəb Ziya Məmmədovun Vüsal Eminova arxa durmasıdır. Ona görə də Vüsal Eminovun törətdiyi cinayətlərin üstünü açmağa heç kimin cəsarəti çatmır”.

E.MƏMMƏDƏLİYEV
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın