Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / “MTN işi”ndə susqunluq və müəmma…

“MTN işi”ndə susqunluq və müəmma…

Ötən ilin ən qalmaqallı cinayət işi ilə bağlı yenilik varmı? Sabiq nazir Eldar Mahmudovun bir il zamanı qalır…

Eldar Mahmudovun 10 ildən artıq bir müddətdə artıq ləğv olunmuş Milli Təhülkəsizlik Nazirliyinə rəhbərlik etməsi Azərbaycan cəmiyətində xof-qorxu mühitini daha da qatılaşdırdı. Sahibkarlar, bankirlər, dindarlar, cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən vətəndaşlar haqq-nahaq Mahmudovun çetesinin qanlı caynağına keçib, pulları, mal-mülkləri əllərindən alınaraq azad olunurdular. 
Ədalət axtaranlar, “mahmudovçu”lar tərəfindən həbsini bir anlaşılmazlıq hesab edib hüquqi müstəviyə baş vuranlara isə türmələrə gedən yol açıq olurdu. Bu yolun üstündəki məhkəmə qapısı da heç nəyi dəyişmirdi. Çünki Eldar Mahmudovun bütün məhkəmələrdə öz hakimləri olub. Həmin hakimlər ittiham aktlarını hökmə köçürüb “mahmudovçu”ların istəyinə uyğun cəzalar təyin ediblər. Bu gün Azərbaycan türmələrində Eldar Mahmudovun  yolunu gözləyən xeyli dustaq var.
 
Onu isə həbs etməyə tələsmirlər. İşdən qovulandan sonra statusu da bəlli deyil. Onun ev dustağı olması haqda məlumatlar var. Amma sabiq nazirin üzünə ev dustaqlığı haqda qərarı oxuyan hakimin kimliyi, hansı məhkəmədə bu işin baş tutduğu bilinmir. 
Azərbaycan qanunlarında həbs qətimkan tədbirlərindən biri də istintaq müddətində girov qarşılığında həbs edilməməkdir. Lakin qətimkan tədbirləri haqda qanun qüvvəyə minəndən bu tədbirin seçilməsi praktikası, demək olar ki, yox dərəcəsindədir.
Tamamilə mümkündür ki, Eldar Mahmudova münasibətdə qətimkan tədbirinin məhz bu növü tətbiq olunub. Pul-para baxımından “Forbes” jurnalının tərtib etdiyi siyahılara düşməyə layiq sabiq nazirin 5-10 milyon qarşılığında azadlıqda qalması realdır.
Azərbaycan məhkəmələri bir qayda olaraq istintaqın həbs qətimkan tədbiri haqda vəsatətini təmin edirlər. Alternativ tədbirin seçilməsi məhkəmə hakimlərinin marağında deyil. Mümkündür ki, Eldar Mahmudovla bağlı bu məsələ istisna təşkil edib. Görünür, istintaq sabiq nazirin barəsindəki vəsatətində məhz həbs qətimkan tədbirinin seçilməsində israr etməyib. Odur ki, Eldar Mahmudov “zəlzələdən və ya vəlvələdən” müəmmalı şəkildə azadlıqda qalıb.
Ona görə də hazırda tez-tez səslənən “Eldar Mahmudov niyə həbs olunmur” sualına birmənalı cavab vermək çətindir. Ötən il oktyabrın 17-də tutduğu postdan uzaqlaşdırılandan sonra onun tezliklə həbsə alınacağı gözlənilirdi. Bu gözləntilər bu günə qədər aktualdır. Eldar Mahmudovun MTN-ə 10 ildən artıq rəhbərliyi qurumun ümumiyyətlə ləğvi ilə sonuclandı. Bu gün MTN-çi olaraq həbsə alınan 20-yə yaxın şəxs Bakı İstintaq Təcridxanasında istintaq altındadır. Onların arasında generallar, idarə və şöbə rəisləri, müstəntiqlər də var.
E.Mahmudovun özünün isə istintaqa belə cəlb olunması haqda isə rəsmi məlumat yoxdur.
MTN-dəki əməliyyatdan az sonra Baş Prokurorluğun yaydığı rəsmi məlumatdan aydın oldu ki, “MTN işi” üzrə hələlik 57 nəfər zərərçəkən müəyyən edilib. 57 nəfərin bəzilərinin kimliyi haqda məlumatlar var. Əsasən sahibkarlardan ibarət olan zərərçəkənlərin hədə-qorxu yolu ilə qanunsuz olaraq MTN təcridxanasında saxlamaqla əmlakları əllərindən alınıb. Aydındır ki, sahibkarların pulları, əmlakları geri qaytarılmalıdır. Onlara verilən işgəncələrə görə mənəvi təzminat ödənməlidir. Azərbaycan qanunları buna imkan verir. Bu gün günahsız olaraq həbsxanada yatan, Eldar Mahmudovun komandasının qanunsuz əməlləri nəticəsində ora düşən sahibkarların, dindarların, bankirlərin yenidən məhkəməsi keçirilməli, onlara da bəraət verilməlidir.
Ətrafındakı generallar, idarə rəisləri, müstəntiqlər 57 nəfər sahibkarı MTN-ə aparıb incidərkən, qanunsuz həbsdə saxlayarkən Eldar Mahmudov hara baxıb? Həmin qanunsuz əməllərə görə Eldar Mahmudov cavabdeh deyil? Cavabdehdirsə, niyə 6 aydır ki, sərbəstdir? 
 
Tutaq ki, Eldar Mahmudovun əleyhinə ifadə verən yoxdur. O, 10 ildən artıq böyük bir nazirliyə rəhbərlik edib və ətrafında baş verən cinayətləri görməyibsə, deməli, vəzifə səlahiyyətlərinə səhlənkar yanaşıb. Elə buna görə də məsuliyyətə cəlb olunmasına Azərbaycan qanunları əsas verir. Gec-tez bu məsələlərə aydınlıq gətirilməlidir. Digər tərəfdən, bu baş verməyəcəksə, “MTN işi” üzrə istintaqın obyektivliyinə böyük şübhələrin yaranacağı da indidən bəllidir.

Eldar Mahmudovun müavinləri də sərbəst gəzib-dolaşırlar

Bu gün Eldar Mahmudovdan savayı onun müavinləri Əli Şəfiyevlə Hilal Əsədovun da statusları bəlli deyil. MTN-dəki məlum əməliyatlardan sonra Hilal Əsədovun saxlanılması haqda xəbərlər dolaşsa da, sonradan bu məlumatlar təsdiqini tapmadı. Əli Şəfiyevin barəsində isə bir növ məlumat kasadlığı var. Bilinən odur ki, MTN ləğv olunandan sonra bazasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətində fəaliyyətini davam etdirib.
Ə.Şəfiyev E.Mahmudovun dövründə milli təhlükəsizlik nazirinin müavini olub. Ə.Şəfiyev Eldar Mahmudovun əmisi qızının həyat yoldaşıdır. Eldar Mahmudovun nazirliyi dövründə polkovnik-leytenantdan general leytenant rütbəsinə qalxıb, müavin təyin olunub. Mahmudov onun yaxasından 1 orden, 2 medal asıb.
DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb. Eldar Mahmudovun digər müavini Hilal Əsədov MTN ləğv olunana qədər vəzifəsində saxlanılmışdı. DTX yaradılandan isə yeni qurumda təmsil olunmadı. 
Ötən müddət ərzində də hər hansı bir vəzifəyə təyinat almayıb. İstintaqa cəlb edilməsi haqda da rəsmi məlumat yoxdur. Onun hərəkət azadlığı var. O, günün bir neçə saatını şəhərin mərkəzindəki mənzilində keçirir. Gələn məlumatlara görə, dövlət nömrə nişanlı xidməti avtomobili gözə dəymir. Sabiq nazirin keçmiş müavini şəxsi avtomobilindən istifadə edir. Onu əvvəlkitək 3 maşın müşayiət etmir. 20 MTN-çi həbsdəykən Hilal Əsədov da azadlıqdadır. Eldar Mahmudov kimi onun da MTN-də baş verənlərdən xəbərsiz olması inandırıcı görünmür.
 
“MTN işi” üzrə istintaq davam edir. Mövcud qanunlara görə, istintaq 1 il 6 aya qədər uzana bilər. Bu müddət istintaqçılara ittiham bazasını fakt və dəlillərlə zənginləşdirmək üçün kifayət etməlidir. Bu müddət 1 il sonra, 2017-ci ilin aprelində bitir. Eldar Mahmudovun və müavinlərinin azı 1 il azadlqda qalma şansları var. Bundan sonra isə onların aqibətlərinin necə olacağı konkretləşməlidir. 
musavat.com

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın