Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Gündəm / Mikrorayon tikintisindən kim qazanacaq?

Mikrorayon tikintisindən kim qazanacaq?

Ötən həftə fövqəladə hallar naziri Kəmaləddin Heydərov sahibkarlarla keçirdiyi görüşdə tikinti sektorunda canlanma yaratmaq üçün ciddi, əhatəli addımlar atılacağını bəyan etmişdi. Nazir bəyan edib ki, iş adamları heç bir məhdudiyyətlə üzləşməyəcək və neqativ hallar yaranarsa, dərhal aidiyyatı qurumlar vəziyyətə müdaxilə edəcək.

K.Heydərov daha sonra bildirib ki, Bakı şəhərində 9 mikrorayonda 5, 7 və 9 mərtəbəli binalar sökülərək yenidən tikiləcək. Bu sahədə sifariş alan şirkətlər üçün hər cür şərait yaradılacaq.

“Qafqazinfo” xəbər verir ki, “Value and Sources Konsaltinq” şirkətinin baş direktoru Rəşad Əliyev “Bizim yol” qəzetinə bildirib ki, nazirin açıqlaması tikinti şirkətlərindən məhdudiyyətsiz həcmdə söküntü və tikinti işləri haqda təkliflər qəbul ediləcəyini göstərir: “Təklifə əsasən, tikinti şirkəti öz vəsaiti hesabına binanı sökür və yerində yenisini tikir. Şirkət bu halda layihələndirməni elə aparmalıdır ki, həm orda yaşayan insanları evlə təmin etsin, həm bütün xərcləri çıxartsın, həm də sonda mənfəət əldə etsin. Bu isə mərtəbənin çox olması və torpaq sahəsindən optimal istifadəsi nəticəsində mümkün olacaq. Məsələn, 5 mərtəbəli binanın yerinə 16 mərtəbə tikiləcək, yaxud 2 ədəd 5 mərtəbə əvəzinə 3 ədəd 16 mərtəbə tikiləcək və s. Burda layihələr müxtəlif ola bilər. Sözsüz ki, bu layihələr son nəticədə nəzərdən keçirilib şəhərsalma və tikinti qaydalarına uyğunluğu yoxlanacaq. Çünki tikinti şirkətinə qalsa, orda boş yer saxlamaz”.

“Dövlətin öhdəliyi bəs nədən ibarət olacaq?” sualına ekspert belə cavab verdi: “Dövlət qurumları həmin yeni binaları lazımi infrastrukturla təmin edəcək. Misal üçün, “Azərişıq” zəruri elektrik xətləri, “Azərsu” su xətləri və kanalizasiya xətləri ilə. Digər tərəfdən çıxışdan başa düşmək olar ki, dövlət birbaşa olaraq tikinti prosesinin özünə heç bir qəpik də xərcləməyəcək. Dövlət ancaq infrastruktur təminatı və inzibati dəstəyi həyata keçirəcək”.

R.Əliyev bu təklifin iqtisadi faydaları haqqında da danışıb: “Bu, inşaat materialları istehsalı sektorunun inkişafı, yeni iş yerlərinin yaranması, vergi daxiolmalarının artması deməkdir. Eyni zamanda bunun sosial məqsədləri də var. Sovet dövründə tikilən binaların köhnəlməsi ilə yanaşı, onların rahatlığının aşağı olmasıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, həmin binalar köhnəldikdə risk qrupuna düşməyə başlayacaqlar.

İlk baxışdan bu layihələr sadə görünə bilər. Ancaq burda ən başlıca problem satmaq və qazanc əldə etmək olacaq. Bazarda mövcud olan durum bu layihələrin cəlbediciliyini azaldır. Çünki hazırda tikinti şirkətlərinin üzləşdiyi ən böyük problem elə satışdır. Satış yoxdursa, qazanc da sual altında qalır. Bu şəraitdə sözsüz ki, həmin mənzillərin satışının ipoteka kreditləşməsi vasitəsilə aparılması böyük yardım ola bilər. Bunun üçün isə maliyyə mənbələrinə ehtiyac var. Buna görə də bu istiqamətdə dövlətin dəstəyinə yenə ehtiyac olacaq.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, 5 mərtəbəli bina ilə 9 mərtəbəli binaların söküntüsü və yerində yeni binaların tikintisi maliyyə baxımından çox fərqli nəticələr verir. Yəni elə ərazilər və elə binalar olacaq ki, tikinti şirkəti üçün qazanc əldə etmək imkanları olmayacaq. Buna görə də həmin binalara maraq olmayacaq. Uzaq gələcəkdə dövlət də bu istiqamətdə bir sıra hallarda tikinti işlərinə pul xərcləməli olacaq. Qəzalı binalar üzrə addımlar atmağa məcbur olacaq. Ancaq nisbətən normal binaları yəqin, daha yaxşı vaxtlara saxlayacaq.

Hamını maraqlandıran sual isə bu işlərin əmlak bazarına təsiridir. Sözsüz ki, yeni sahələr yeni təklif deməkdir. Bu isə hələ vaxt tələb edir. Bir də nəzərə almaq lazımdır ki, köhnə binalar minlərlədir və bu iş mərhələli olmaqla yanaşı, uzun illər tələb edəcək”-deyə ekspert vurğuladı.

 

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın