Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / McDonalds kotletlərinin sirrini açdı – Jurnalistlərimiz ət zavodunda

McDonalds kotletlərinin sirrini açdı – Jurnalistlərimiz ət zavodunda

Yəqin ki, hər biriniz McDonaldsın məşhur kotletlərinin dadına baxmısız. Elə azı bir dəfə də olsa, sosial şəbəkələrdə bu kotletlərin necə “hazırlanması” ilə bağlı yayılan videoları izləmisiniz. Hərçənd, heyvanların diri-diri ətçəkən maşınlarına atıldığına inanacaq qədər sadəlövh olmasam da, düzü haqqında bu qədər mif uydurulan bu kotletlərin hazırlanması prosesini izləmək istərdim. Maraqlıdır, hər şeyə rəğmən McDonalds bazarda necə liderliyini qoruya bilir və məhsulları nədən bu qədər vazkeçilməzdir? Bu suallara cavab tapmaq çox da çətin olmadı. Restoranlarına media üçün açıq qapı günü elan edən McDonalds bu dəfə yerli jurnalistləri kotletlərin hazırlandığı ət yarımfabrikatlarına dəvət etdi. Qısası, yolumuz Ukraynayadır, daha dəqiq desək Kievdən təxminən 150 kilometr məsafədə yerləşən Kazyatin şəhərinə…

Ölkənin 4 media orqanının nümayəndələri arasında “Qafqazinfo” da var. Bizə bu səfərdə McDonaldsın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Bayramov və McDonalds Azərbaycanın keyfiyyətə nəzarət üzrə meneceri Anar Osmanov bələdçilik edir.

Uzun, bir o qədər də maraqlı keçən yolçuluğun ardından McDonalds Azərbaycan üçün ət kotletləri istehsal edən “OSİ Food Solutions” holdinginin həyətindəyik. Bizi zavodun direktoru Aleksandr Çernovil qarşılayır. Holdingin məsul şəxsləri ilə azərbaycanlı jurnalistlər arasında qısa tanışlıqdan sonra zavodun direktoru bizə McDonalds üçün nəzərdə tutulan yarımfabrikatların hazırlanma prosesi ilə bağlı məlumat verir.

***

Maraq üçün deyim ki, McDonalds Azərbaycan üçün ət kotletlərini 1955-ci ildən bəri şirkətin qlobal tərəfdaşlarından olan “OSİ Food Solutions” holdinqin 2003 ildə açılmış yerli nümayəndəliyi “OSİ Food Solutions Ukraina” MMC istehsal edir. Üstəlik şirkətin yarımfabrikatları Ukrayna və Azərbaycandan başqa, Belarus və Gürcüstana da ixrac olunur. A.Çernovolun sözlərinə görə, McDonaldsa göndərilən ət yarımfabrikatlarının keyfiyyəti hər il müəssisəni ərzaq təhlükəsizliyi tələblərinə uyğun olaraq yoxlayan EFSİS müstəqil beynəlxalq audit şirkəti (Avropa Qida Təhlükəsizliyi üzrə Yoxlama Xidməti ) tərəfindən təsdiqlənir.

***

Müəssisə ilə qiyabi tanışlıqdan sonra hər şeyi öz gözlərimizlə görmək üçün ekskursiyamıza start verdik. Lakin ekskursiyaya başlamaq üçün bir xeyli mərhələdən keçmək lazım gəldi və bu proses düşündüyüm qədər asan olmadı. Əslində burada heç bir şey düşündüyüm kimi olmadı…

Əvvəlcə hər hansı xəstəliyimizin olub-olmadığını dəqiqləşdirdilər. Daha sonra məhsulların təhlükəsizliyi üçün bütün metal, qeyri-metal əşyaları üzərimizdə daşıya bilməyəcəyimizi və otaqda qoymalı olduğumuzu tapşırdılar. Beləliklə, həmkarlarımdan kimisə üzüyünü, kimisi sırğasını, qələmini , telefonunu, fotoaparatını stolun üstünə qoydu. Necə deyərlər, tərkisilah olunduq 

***

Növbəti mərhələdə təhlükəsizlik kostyumu geyinməli olduğumuzu öyrəndik. Altdan-üstdən o qədər geyindik ki, bu cür ciddi hazırlıqla hansısa “ət yarımfabrikatına gedənə deyil, kosmosa uçmağa hazırlaşan kosmonavta daha çox bənzəyirik” deyə öz aramızda zarafatlaşdıq. Daha sonra müəssisənin məsul şəxsləri bizə əllərimizi necə yumaq lazım gəldiyini başa saldılar. Yəqin ki ironiya ilə “bunu öyrənmək üçün çox gec deyilmi” deyəcəksiniz. Xeyr, çünki su kranını əlimizlə deyil, bilək və ya dirsəyimizlə açmalı idik. Əllərimizi maye sabunla, ardınca isə spirtlə yuduq. Nəhayət ki, dəmir qapıdan keçərək kotletlərin necə hazırlandığını görə biləcəkdik.

***

Məlumat üçün bildirildi ki, McDonalds yarımfabrikatlarını hazırlanmasında yalnız əl ilə emal edilən ətdən istifadə edilir. Üstəlik yaşı 24 ayı keçməmiş heyvanların ön və arxa hissəsinin 100 % keyfiyyətli ətindən istifadə olunur. Ət müəssisəyə soyudulmuş və dondurulmuş şəkildə daxil olur. Ətin sümükdən ayrılması prosesi isə əl üsulu edilir. Sümükdən ayrılma və detallı yoxlamadan sonra kotletin hazırlanmasi prosesinə start verilir.

İlk etapda dondurulmuş ətin xüsusi ətçəkən maşınla çəkilməsi prosesini izlədik. Çəkilmiş ət iri ət qazanlarına dolur, bu zaman xüsusi qurğu vasitəsilə tərkibində sümük olan ət ayrılaraq tullantı kimi başqa qazana tökülür. Növbəti mərhələdə isə bizim bildiyimiz kotlet formalarını almaq üçün çəkilmiş ət xüsusi aparatla kəsilir. Üstəlik, əgər hər hansı kotlet standardan kənar formada çıxarsa, həmin kotletlər bunun üçün ayrılmış işçi vasitəsilə əl ilə toplanır və həmin kotletlərin növbəti etapa keçməsinin qarşısı alınır.

***

Bu dəfə isə hazır kotletlər sürətli dondurma aparatından keçir və təxminən 12-24 dəqiqə ərzində mənfi 32-dən -42 dərəcəyə qədər donur. Belə sürətli donma ətin öz qida tərkibini və dadını qorumasına kömək edir. Növbəti mərhələdə donmuş kotletlər tərkibində metal hissəciklərinin olub-olmamasını müəyyən etmək üçün metal detektorundan keçir. Bu isə hər hansı metal hissəciyinin ətə düşməsinin qarşısını alır. Bunu əyani olaraq jurnalistlərə göstərmək üçün kotletlərdən birinin üzərinə metal əşya qoyuldu. Bu zaman detektor həmin metalı müəyyən etdi və həmin kotletin növbəti etapa keçməsinin qarşısını aldı.

Artıq bundan sonra qablaşdırılma prosesi əl ilə aparıldı və xüsusi aparatdan keçən qablaşdırmanın üzərinə hazırlandığı il, ay və saat avtomatik olaraq çap edilir.

Onu da deyim ki, qablaşdırılmış ət məhsulları da tempraturu -18 və -23 dərəcəni göstərən xüsusi dondurucu kameralarda saxlanılır. Jurnalistlərə dondurucu kameralara baxmaq təklif edildi. Təbii arada etiraz edilənlər tapılsa da, azlıq çoxluğa tabe oldu. Soyuducuda bir neçə saniyə qala bildik. Kameranı tərk edərkən holdingin məsul şəxsləri yarı zarafat, yarı ciddi içəridə heç kimin qalmadığına əmin olmaq üçün qonaqları saymağı təklif etdi.

Sonda isə laboratoriya ilə tanışlıq oldu. Məlum oldu ki, hər partiyadan olan kotlet yoxlama məqsədilə laboratiyaya göndərilir və orada qızardılır. Kotletin bişmə dərəcəsinin normativə uyğun olduğu müəyyənləşəndən sonra jurnalislərə kotletlərin dadına baxmaq təklif edildi. Uzun yolçuluqdan sonra bu təklif lap yerinə düşdü.

***

Üstəlik, McDonaldsla bağlı daha bir məlumat əldə etdik. Yəqin ki, siz də indiyə qədər bilmirdiniz ki, kotletlər hazırlanakən onların tərkibinə nə duz, nə də yağ vurulur. Yeganə Beef Roll istisnadır ki, onun tərkibinə hazırlıq prosesində ədviyyat və soğan əlavə edilir.

İstehsalat prosesi ilə tanışlıqdan sonra yaranacaq sualları cavablandırmaq üçün zavodun direktoru ilə yenidən iclas otağında görüşdük. Bu dəfə isə öyrəndik ki, şirkət hər ay mal ətindən təxminən 500 tona qədər yarımfabrikat istehsal edir.

Yəqin düşünürsünüz ki, şirkətin məsuliyyətləri keyfiyyətli kotletləri hazırladıqdan sonra bitir. Mən də elə bilirdim, lakin bu, son deyildi…

Belə ki, Azərbaycana göndərilməsi nəzərdə tutulan bu yarımfabrikatları daşıyan avtomobillərdə quraşdırılan soyuducu sistem kotletlərin mənfi 18-25 dərəcədə qalmasını təmin edir. Hər avtomobilə isə xüsusi cihaz yerləşdirilir ki, bu aparat vasitəsilə ilə kotletlərin təslim edilən ana qədərki tempraturu nəzarətdə saxlanılır. Belə ki, tempratur, məsələn, mənfi 15 dərəcəyə düşərsə həmin məhsul geri qaytarılır.

***

McDonalds məhsulları ilə bağlı daha bir maraqlı məlumat əldə etdik. Yəqin ki, daha əvvəl yediyimiz kotletlərinin hər birinin öz tarixcəsi olduğunu desəydilər inanmazdım. Lakin şirkət bu məlumatlara sahibdir. Yəni, hər hansı problem ortaya çıxarsa hər kotletin hazırlanma tarixini, bütün heyvanlar nömrələndiyi üçün onun hansı dananın ətindən hazırlandığını, bununla da həmin heyvanın saxlanma şəraiti, nə ilə qidalanması ilə bağlı məlumat əldə etmək mümkündür.

Ekskursiyamız başa çatmışdı. Artıq bizim üçün McDonalds kotletlərinin necə hazırlandığı sirr deyildi. Lakin “OSİ Food Solutions” bizi sadəcə bir yığın zəngin təəssüratla yola salmadı,  Ukrayna qonaqpərvərliyi ilə hazırlanan təamlara qonaq olduqdan sonra qarşıda hələ uzun və elə bir o qədər də maraqlı yolçuluğun bizi gözlədiyini bilirdik…

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın