Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Masallı Rayon Prokurorluğundan şikayət var

Masallı Rayon Prokurorluğundan şikayət var

Yardımlı rayon sakini Prezident İlham Əliyevdən kömək istəyir…
«Təzadlar»a Yardımlı rayonunun Bozayran kənd sakini, 7 uşaq anası, əmək veteranı, 2-ci qrup əlil, 80 yaşlı Qədirova Gültamam Zərbi qızı tərəfindən şikayət məktubu daxil olub.
Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevə, H.Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Baş Prokuroru Zakir Qaralova ünvanlı müraciətdə acizanə kömək istənilir.
Aşağıda təqdim edirik:
Hörmətli Prezident, Hörmətli Mehriban Xanım və Hüquq Mühafizə Orqanlarının Rəhbərləri!
Mən 7 uşaq- 5 qız, 2 oğlan anasıyam. Böyük oğlum uzun müddət MTN və Dövlət Sərhəd Xidmətində çalışıb. Hazırda xidmət zamanı aldığı xəsarətlə bağlı təqaüddədir. 2-ci qrup hərbi əlildir. Xidmətdə fərqləndiyi üçün Prezident Heydər Əliyevin adından “Sərhəddə Fərqlənməyə” görə, «Qüsursuz xidmətlərə görə» 1-ci, 2-ci, 3-cü dərəcəli, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi Yubiley medalları ilə təltiflənmişdir.
Kiçik oğlum Bəhruz Firsənd oğlu Hümbətli isə 2003-cü ildən 2016-cı ilin oktyabr ayına kimi Masallı Rayonlararası Mühafizə Bölməsində mülki mühafizəçi işləmişdir. Oktyabr ayında işindən azad edilmişdir. 1995-ci ildən YAP-nın üzvüdür. Oğlum 13 il xidmət etdiyi müddətdə heç vaxt hansısa səhvə yol verməmişdir. Xidmətində də ciddi problemi olmamışdır. Ailəlidir, 3 az yaşlı qız övladı və himayəsində 80 yaşlı ağır infakt keçirmiş yatağ xəstəsi olan anası-mən varam. Bildirirəm ki, Masallı Rayonlararası Mühafizə bölməsinin tağım komandiri, polis baş leytenantı Ramazan Fizuli oğlu Quliyev bir neçə dəfə oğluma demişdir ki, “Bir-iki nəfər hərbi xidmətdə olmuş adam tap onları işə düzəldim. Amma bütün söhbətləri mən səninlə, səndə uşaqların valideyinləri ilə edəcəksən. Mənim yanıma valideyin gətirmə gəlib gözlərinin yaşını tökürlər, bilirsən ağlamağa heç nə vermirlər”.
Tağım komandiri, Baş leytenant Quliyev Ramazan Fizuli oğlu gündə bir neçə dəfə oğluma zəng etmişdir. Hər zəng edəndə də deyirmiş nə oldu, necə ola bilərki sən o boyda Yardımlı rayonunda bir- iki nəfər tapıb gətirə bilmirsən işə düzəldək? Sonda oğlum iki nəfəri Mirzəzadə Vüsal Qiyas oğlunu, Hüseynzadə Cəfər Sərəstan oğlunu tapmışdır. Əvvəlcə oğlum Mirzəzadənin Hərbi biletini və kimliyini təsdiq edən sənədlərini 3.000 AZN gətirib R.Quliyevə vermişdir. İkinci dəfə 3000 AZN verəndən 5 gün sonra oğlum R.Quliyevin yanına Mirzəzadənin özünü gətirmişdir. R.Quliyev Mirzəzadənin boyunu ölçmüş, boyunun 174 sm olduğu oğlumun yanında Vüsala demişdir ki, sənin boyun 175 sm-dən az olduğu üçün qoy yanınızda Bakıya Baş idarəyə danışım «dabro» alım. Baş leytenant Quliyev oğlumla Vüsalın yanında kiminləsə telefonda danışıb deyib ki, o uşağın boyu 174 sm-dir, yanımdadır ona nə deyim? Danışdığı adam kimdirsə, o telefonda nə deyibsə bilmirik. Ancaq danışıb qurtarandan sonra Ramazan Quliyev uşağın özünə oğlumun yanında deyib ki, “dabro”nu aldım, amma 1000 AZN danışdığımız məbləğdən əlavə boyuna görə verməlisən. Ramazan Quliyev işə düzələcək Mirzəzadə Vüsala demişdir ki, get atana de ki, Bakı bu qədər pul istəyir. Həmin pulun yerdə qalan 5500 AZN-ı verin Bəhruza, gətirsin versin mənə göndərim Bakıya, iş dekabr ayında düzələcək. Hətta Mirzəzadə Vüsal R.Quliyevə sual verib: “Əmi, mən pulu versəm, əynimə nə vaxt polis forması geyinəcəm?».

“Oğlum iyul ayında Mirzəzadənin qohumundan ümumilikdə iki dəfəyə 8.500 AZN alıb gətirib R.Quliyevə Masallı Rayonlararası Mühafizə bölməsinin inzibati binasında vermişdir…”

Ramazan Quliyev Vüsala deyib dekabr ayında. Masallıdan qayıdandan sonra oğlum Mirzəzadə Vüsalla onun atasının və qohumu Qismət adlı şəxslə görüşüblər. Mirzəzadə Masallıda Quliyev Ramazanla olan söhbəti atasına və qohumuna deyib. Hətta oğlum onların yanında Quliyev Ramazanla danışıb deyib ki, valideyni səninlə danışmaq, bir də yanına gəlib söhbət etmək istəyir. Quliyev deyib lazım deyil, mən sözümü sənə və onun oğluna demişəm. Oğlum həmin vaxt telefonu mikrafona qoyub, onlar da bu danışığı eşidiblər.
Oğlum iyul ayında Mirzəzadənin qohumundan ümumilikdə iki dəfəyə 8.500 AZN alıb gətirib R.Quliyevə Masallı Rayonlararası Mühafizə bölməsinin inzibati binasında vermişdir.
Oğlum ikinci dəfə 5500 AZN-i işə düzələn Mirzəzadə Vüsalla birgə gətirib. Polis idarəsinə çatanda oğlum R.Quliyevə Mirzəzadənin yanında zəng edib deyib ki, Mirzəzadə də yanımdadır, pul da əlindədir istəyir özü versin. Ramazan Quliyev oğluma telefonda deyib bizim işçi sənsən, biz sənə inanırıq, biz hər yoldan keçəndən pul almırıq. Pulu sən al gətir ver Bakıya tez göndərim, iş alınsın. Mirzəzadə Vüsal pulu düz qapıda oğluma verib, oğlum o biri əli ilə qapını açıb pul əlində girib içəri. Bunu Mirzəzadə özü də görüb və təsdiq edir. Oğlum Masallı rayonuna hansı taksi ilə gəlib, pul orada sayılıb taksidə, oğluma Quliyev Ramazan bir neçə dəfə zəng edib haradan gəlməsini, pulu gətirməsini soruşub. Oğlum da hardan gəlmələrini, pulu gətirməsini Quliyev Ramazana deməsini taksi sürücüsü də eşidib.
Bir dəfə Mirzəzadə Vüsalın atası Qiyas oğlumu yanına çağırıb deyib gəl yanımda o işi düzəldən Quliyevlə danış görüm nə deyir. Oğlum da Qiyasın yanında 050 464 01 01 AZERSEL nömrəsini yığıb deyib bax əmi bu nömrəyə zəng edirəm gör, bu nömrəni də yaz götür elə bilmə ki, başqası ilə danışıram. Qiyas da nömrəni yazıb qoyub cibinə. Oğlum həmin nömrə ilə danışıb Mirzəzadənin atasının yanında, deyib nə oldu valideyn məni öldürür? Quliyev də oğluma deyib valideynə de ki düzələcək, yenə oğlum telefonu mikrafona qoyub valideyn də bunu eşidib və təsdiq də edir.
Oğlum Hüseynzadə Cəfər Sərəstan oğlunu isə mülki mühafizəçi kimi işə düzəltdirmək üçün Quliyev Ramazana 4.000 AZN vermişdir.
Oğlum Masallı Rayonlararası Mühafizə bölməsinin rəisinin daxili əmri ilə “Qrup komandiri” vəzifəsini icra edirdi. Vəzifəni daxili əmrlə icra etdiyi üçün əmək haqqında artım yox idi. Baş leytenant Quliyev oğluma demişdir 1.000 AZN ver, səni Baş İdarədə “Qrup komandiri” kimi təsdiq etdirim, aylıq əmək haqqında da artım olsun. Oğlum da inanıb 1000 AZN verdi. Ümumilikdə oğlum R.Quliyevə 13.500 AZN vermişdir. Oğlum bilməyib, R.Quliyevin şirin dilinə aldanıb. Düşünüb ki, bir yerdə işləyir, rəis müavinidir, ali təhsil alıb, ailəlidir, baş leytenantdır, vəzifəli şəxsdir, yalan danışmaz. Vəzifəsini rütbəsini itirməz. Amma oğlumun təhsili olmadığı və qanunu bilmədiyi üçün etdiyi hərəkətin çinayət olduğunu bilməmişdir. Bir də o, oğluma hər qəqiqə zəng edirdi ki, tez elə pulu gətir iş düzəlir, pulu Bakıya göndərməliyəm. Oğlumla Quliyev Ramazan arasında yoxlayın görün nə qədər telefon danışıq əlaqəsi olub. Oğlumun Quliyevə pul verməyini sübut etməyə müəyyən sübutları və dəlilləri vardır. Oğlumun nömrəsi (050)314 63 31, Ramazan Quliyevin mobil nömrəsi (050) 464 01 01 AZERSEL, soğu verilsə bilinəcək.
Oğlum 3 azyaşlı qızına, biri də anadangəlmə qüsurlu və yataq xəstəsi olan anası olmaqla 5 qadına baxır. Pul yiyələri gəlib qapımıza pulunu istəyirlər. R.Quliyevin oğlumun başına açdığı oyunun səbəbindən oğlumun, mənim gəlinimin və nəvələrimin həyatı təhlükədədir.
Tam əminliklə deyə bilərəm ki, Ramazan Quliyev oğlum kimi bir neçə nəfəri aldadıb onlara qarşı dələduzluq edib pullarını alıb. Lakin özü atası və qohumları tərəfindən həmin adamlara yalandan vədlər verilir ki, qoymurlar onlar şikayət etsinlər.
Oğlumun işə düzəltmək adı ilə pul aldığı Mirzəzadə Vüsal Qiyas oğlu R.Quliyevin yanında olması, boyunun onun tərəfindən ölçülməsi və aralarında pul söhbəti barədə bölmə rəisi polis polkovnik-leytenantı Natiq Dəmirova 2016-cı ilin avqust ayında yazılı izahat vermişdir. Həmin izahat barədə bölmə rəisi Dəmirov DİN Baş Mühafizə İdarəsinə məlumat verməmiş və izahatı istintaq orqanlarından məqsədli şəkildə gizlətmişdir. Bu da onların əlbir olmasına əminlik yaradır.
Masallı Rayonlararası Mühafizə bölməsinin əvvəldən təməli belə qoyulub. Sübut üçün deyim ki, Ramazan Quliyevi işə götürən Masallı Rayonlararası Mühafizə bölməsinin sabiq rəisi, polis polkovniki Quliyev Bədir Elxan oğlu barəsində hazırda 2 yerdə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində və Masallı Rayon Prokurorluğunda istintaq aparılır.

“Masallı Rayon Prokurorluğunun müstəntiqi Cahangir Qurbanov bu qərarı nəyə əsaslanıb qəbul edib bilmirəm…”

Hörmətli Prezident, Hörmətli Mehriban Xanım və Hüquq Mühafizə Orqanlarının Rəhbərləri!
Halbuki haqqında xidməti araşdırma və istintaq aparılan şəxs istintaqın aparılmasına təsir etməsin deyə müvəqqəti olaraq tutduğu vəzifəsindən kənarlaşdırılır. Amma bu hal R.Quliyevə hansısa səbəbdən nəyinsə, kiminsə köməkliyi ilə tətbiq edilmədi.
Hazırda bununla bağlı oğlumun şikayəti əsasında Masallı rayon Prokurorluğunda müstəntiq Cahangir Qurbanov və istintaq şöbəsinin İlahi adlı müstəntiqi araşdırma aparıb. Hər iki müstəntiq işi apararkən tam bizi və pul sahiblərini əmin etmişlər ki, pul R.Quliyevdədir, pulunuz qaytarılacaq, onun da haqqında tədbir görüləcək. Sonradan məlum oldu ki, haqq-ədalət boş şey imiş, kimin pulu var ədalət onunladır. Masallı rayon Prokurorluğu tərəfindən 26.01. 2017 ci il tarixdə evimizə göndərilən 161 c-2016 saylı məktubunda göstərir ki, R.Quliyev barəsində toplanmış materiallar rədd edilmişdir.
Masallı Rayon Prokurorluğunun müstəntiqi Cahangir Qurbanov bu qərarı nəyə əsaslanıb qəbul edib bilmirəm. Qərar qərəzli, birtərəfli, yetim, kimsəsiz, qanunu bilməyən, böyük ailəsi üç az yaşlı qız atası, biri də anadangəlmə qüsurlu və himayəsində 5 qadın, biri də xəstə əlil 80 yaşlı anası olan adam haqqında qərəzli qərar çıxaranda Allahdan və qanunlarımızın aliliyindən qorxmadı?
Fikirlərimi sübut və təsdiq üçün aşağıdakı kimi əsaslandırıram:
-Birincisi, oğlum özü də işini dəyişmək üçün Ramazan Quliyevə 1000 AZN versə də, ancaq müstəntiq oğlumu zərərçəkən kimi tanımayıb.
-İkincisi, müstəntiq Cahangir Qurbanov işi araşdırarkən zərərçəkmiş valideyn Mirzəzadə Qiyasdan izahat almayıb, oğlumun onun yanında hansı nömrə ilə danışmasını mikrafonda qulaq asmasını oğlumun onun yanında zəng etdiyi telefonun kimə məxsus olmasını və bu nömrənin valideyndə haradan olmasını dəqiqləşdirməyib.
-Üçüncüsü, R.Quliyevin oğluma həmin müddətdə dəfələrlə zəng etməsi, əlaqə saxlaması müstəntiq tərəfindən Azecelldən sorğu ilə dəqiqləşməyib.
-Dördüncüsü, oğlum R.Quliyevə istədiyi pulu gətirərkən onun oğluma zəng etməsini və oğlumun onunla taksidə gələrkən danışmasını eşidən taksi sürücüsündən izahatın alınmaması və onun həqiqətən həmin taksi ilə Masallıya gəlməsi və pulun onun yanında və maşında sayılması barədə taksi sürücüsündən izahat alınmayıb, bu faktda müstəntiq tərəfindən dəqiqləşdirilməyib.
-Beşinci, R.Quliyev Vüsal Mirzəzadənin boyunu ölçməsi, onun yanında Bakıya danışması və “sənin işin düzəlir, get evdə valideyninə deyərsən işim düzəlir, amma qiymət 1000 AZN də artır, 8500 AZN olur” deməsi faktı üzrə R.Quliyevlə Mirzəzadə Vüsal hənin fakt üzrə müstəntiq tərəfindən nəyə görəsə araşdırılma və onlar arasında üzləşmə aparılmayıb.
-Altıncı, araşdırma zamanı oğlum özü müstəntiq tərəfindən zərərçəkən kimi tanınmır və həm öz işi, həm də Mirzəzadə Vüsalın və Hüseynzadə Cəfərin işə düzəlməsi üçün verdiyi pulla bağlı müstəntiq tərəfindən R.Quliyevlə üzləşdirilmir.
-Yeddinci, baş leytenant Quliyevin üçlükdə oğlum və zərərçəkmiş Mirzəzadə Vüsalla aralarında iş və pul barədə olan söhbətlə bağlı üçü arasında hansısa səbəbə görə müstəntiq üzləşmə aparmamışdır.
-Səkkizincisi, oğlum izahatında göstərir ki, bu idarədə həmişə rüşvət pul alma, aldatma olub, hazırda da sabiq rəis barəsində istintaq gedir, niyə müstəntiq özündə bir daxili inam üçün bu faktı dəqiqləşdirmir?
-Doqquzuncu, oğlum izahahatında göstərir ki, R.Quliyev sabiq əməkdaş Əsgərov Əlvan Ramiz oğlundan pul alıb, onu işə düzəldib, sonradan xidmətini yoxlayır onu xidməti düz təşkil etmədiyi üçün işdən çıxartdırır. Ikinci dəfə təzədən pul alıb işə düzəltdirir, yəni vasitəçilik edir, yenə onu işdən çıxardırlar, sual olunur: burada maraq nədir ki, bir adam qısa müddətdə iki dəfə işə qəbul olunur sonrada çıxarılır. Əgər bu şəxs xidməti düzgün təşkil etmirsə, xidmətdən azad edilirsə ikinci dəfə xidməti düzgün təşkil etməyən necə işə düzələ bilər? Müstəntiq Qurbanov Əlvan Ramazan oğlu Əsgərov barəsində olan iki əmri dəqiqləşdirmək üçün hansı səbəbə görə Baş Mühafizə idarəsinə sorğu verməyib. Əsgərov Əlvan Ramiz oğlu Quliyevə işə düzəlmək üçün verdiyi pulu «Nikoyl Bank»ın Masallı filialından kredit götürməklə verib. Əsgərov bu pulu vaxtında ödəyə bilmədiyi üçün bank onu Məhkəməyə vermişdir. Sonradan Quliyev müəyyən adamların vasitəsi ilə onların şikayət etməsinin qarşısını almışdır, amma müstəntiq bu faktı sorğu vasitəsi ilə və Əsgərov Əlvanın və atası Əsgərov Ramizin Quliyevlə oğlunun işdən çıxandan sonra necə dəfə danışmasını AZERCELL-dən sorğu ilə dəqiqləşdirməyib.
-Onuncu, R.Quliyev izahatında yalandan göstərir ki, guya oğlum işdən çıxdığı üçün ondan şikayət edir. Halbuki oğlum işdən çıxmamışdan 3-4 ay əvvəl bu fakt üzrə şikayət edib, niyə müstəntiq bu faktı dəqiqləşdirməyib?
-On birincisi, R.Quliyev oğlumu aldadaraq, dilə tutaraq ona mühafizə bölməsinə məxsus işləməyən 07 markalı “Jiquli” maşını verib demişdi: “Get düzəltdir, axşam postları yoxlayarsan”. Halbuki oğlumun sürücülük vəsiqəsi yox idi və digər tərəfdən oğlum həmin maşını borca – mənim pensiya pulumla ödəməklə düzəltdirdi. Bu fakt da müstəntiq tərəfindən araşdırılmayıb.
-Ən əsası, baş leytenant Ramazan Quliyev oğlumdan pul almamışdırsa və bu işdə marağı yoxdursa onda niyə Mirzəzadə Vüsalın boyunu ölçəndə boyunun 174 sm olmasını deyəndə deyərdi ya bu iş mənlik deyil, ya da boyun 175 sm azdır, düzəlmir. Yoxsa deməzdiki qoy Bakı ilə danışım razılıq alım. Sonra da deyir, hə, gördünüz yanınızda razılıq aldım, işin düzəldi, amma 1000 AZN də əlavə verməlisən. Masallı rayon prokuroru bu xüsusatları da nəzərə almayıb.
Oğlumun işə düzəltmək adı ilə pul aldığı zərərçəkmiş Mirzəzadə Vüsal Qiyas oğlu R.Quliyevin yanında olması, boyunun onun tərəfindən ölçülməsi və aralarında pul söhbəti barədə bölmə rəisi polis polkovnik-leytenantı Natiq Dəmirova 2016-cı ilin avqust ayında yazılı izahat vermişdir. Həmin izahat barədə bölmə rəisi Dəmirov DİN Baş Mühafizə İdarəsinə məlumat verməmiş və izahatı istintaq orqanlarından məqsədli şəkildə gizlətmişdir. Bu da onların əlbir olmasına əminlik yaradır. Bu faktda müstəntiq tərəfindən məqsədli şəkildə araşdırılmamışdır.
Baş leytenant Quliyev oğlumdan həmin pulları təcili istəməsi, aldığı həmin vaxt Masallı Rayonlar arası Mühafizə bölməsinin rəisi Dəmirov Bakıda məzuniyətdə olub. Həmin vaxt Quliyev oğlumdan pulu alanda oğlum elə düşünüb ki, Quliyev bu işi rəisdən gizli görür. Bu fakt da müstəntiq tərəfindən araşdırılmayıb.
Müstəntiq Cahangir Qurbanov işi araşdırarkən Masallı Rayonlararası Mühafizə Bölməsinin rəisi Natiq Dəmirovdan soruşmayıb və araşdırmayıb ki, sənə zərərşəkmiş Vüsal Məmmədzadə izahat verib, niyə o izahatı gizlətmisən, araşdırmaq üçün heç bir orqana məlumat verməmisən? Müstəntiq bu fakt üzrə zərərçəkmiş Mirzəzadə ilə bölmə rəisi Dəmirov Natiqi üzləşdirməyib.
Qeyd: bu həmin Natiq Dəmirovdur ki, Xətai Rayon mühafizə bölməsinin rəisi olarkən o vaxt Baş Mühfizə İdarəsinin rəisi Mədət Quliyev tərəfindən işindən ciddi nöqsana görə sərəncama götürülüb, çoxlu xahişlərdən sonra «Neft yağ emalı zavodu»na mühafizə bölməsinə aşağı vəzifəyə göndərilib. Cənab Mədət Quliyev Baş Mühafizə İdarəsindən başqa sahəyə rəhbər işə təyin ediləndən bir müddətdən sonra hansısa yollarla təzədən Masallı rayonlararası Mühafizə bölməsinə rəis təyin edilib.
Oğlum haqqında çıxarılmış ədalətsiz qərara, ona qarşı edilən təzyiqlərə görə depresiyaya düşüb. Yanvarın 29-da özünü asmaq istəyərkən qızı görüb və qızının qışqırtısına qonşular gəlib qoymayıblar. Bu hadisədən iki gün sonra oğlum yenə yaşadığı evin qapısını bağlayaraq özünü, həyat yoldaşını və üç azyaşlı uşaqlarını yandırmaq istəyib. Bu dəfə də bəxtimizdən qayınatası təsadüfən görüb və alova bürünmüş oğlumu tez söndürüb. Mən qorxuram, oğlum özünə və 5 nəfərlik ailə üzvünə qəsd edəcək. Artıq onun davranışında və hərəkətlərində psixoloji dəyişikliklər hiss edirik. Sizlərdən xahiş edirəm ki, şikayətimə təzədən baxılsın. Masallı Rayon Prokurorluğunun müstəntiqi Cahangir Qurbanov tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə göstəriş verəsiniz, işə başqa rayon prokurorluğu və ya Respublika Prokurorluğu tərəfindən ədalətli baxılsın. R.Quliyevin barəsində Masallı Rayon Prokurorluğunda aparılan araşdırma başa çatana kimi onun müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılması barədə göstəriş verəsiniz ki, mənim dediklərimin qərəzli olmamasına, həqiqət olmasına əmin olasınız.
Mən televizorda görürəm ki, bir yol polisi əməkdaşı sürücünü qanunsuz olaraq incitdiyinə görə nazir Ramil Usubov onu dərhal vəzifəsindən kənarlaşdırır, ancaq necə olur ki, bizi – 20 nəfərlik bir ailəni, 3 azyaşlı körpəni, 10 qadını gözüyaşlı qoyan polis əməkdaşını cəzalandıran, “gözün üstə qaşın var” deyən tapılmır. Axı R.Quliyev pulu qaytarmasa oğlum məcburiyyət qarşısında özünə qəsd, intihar edə bilər ki, pul sahibləri ondan əl çəksinlər. Mən əminəm ki, Sizin ciddi nəzarətiniz altında oğlumun haqq işi öz sübutunu və təsdiqini tapacaqdır.
Redaksiyadan: şikayətdə adı çəkilənlərlə əlaqə saxlamaq cəhdimiz hələki baş tutmur. Onların da mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın