Şənbə , May 21 2022
Ana səhifə / Gündəm / Maliyə naziri ilə Hesablama Palatasının sədri istintaqa cəlb olunmalıdır

Maliyə naziri ilə Hesablama Palatasının sədri istintaqa cəlb olunmalıdır

Müdafiə Nazirliyində pulların mənimsənilməsində Maliyyə naziri Samir Şərifovla Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun birbaşa məsuliyyətləri var.

Bunu Bakupost.az -a hərbi-ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyində korrupsiya faktlarına görə həbs olunanlarla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bir çox məsələlər ölkə başçısına məruzə olunacaq:
“Müdafiə Nazirliyində 4 nəfərin həbs olunduğu gün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov istintaqa dəvət olunub və ifadəsi alınıb, bir neçə saatdan sonra isə buraxılıb. Amma sonrakı mərhələdə araşdırmanın dərinliyinə gediləndən sonra istintaq qərara gəlib ki, generalın da burada məsuliyyəti var. Çünki 80 milyondan söhbət gedir. Bir çox məsələlər ölkə başçısına məruzə olunacaq və yəqin ki, müəyyən qərarlar qəbul ediləcək. Həmin qərarların nədən ibarət olacağını yaxın həftələrdə biləcəyik”.

Ekspert yeni həbslərin olacağı ilə bağlı məlumatlarının olduğunu bildirib:“Məndə olan məlumata görə, çox ciddi və sərt addımlar atılacaq. 4 nəfər həbs olunanda da bildirdim ki, maliyyəçinin tək başına qərar verməsi, yükün altına girməsi mümkün deyil. İlkin məlumat ondan ibarətdir ki, söhbət 80 milyondan artıq rəqəmdən gedir. Lakin elə rəqəmlər ortaya çıxa bilər ki, hamımız şoka düşə bilərik. Bildiyim qədəriylə, istintaqda çox adlar çəkilib. Həbs olunan yüksək rütbəli zabitlər məsələ ilə bağlı daha geniş məlumat veriblər və verirlər. Ona görə də Nizami Məmmədov həbs olunan sonuncu şəxs deyil. Araşdırmaların nəticəsinə görə məsuliyyətə cəlb olunan daha yeni adlar, yeni simalar olacaq”.

Hərbi ekspertin sözlərinə görə, Maliyyə Nazirliyindəki şəxslər və Hesablama Palatasının yoxlama aparmış üzvləri də bu məsələlərdə məsuliyyət daşıyırlar:
“Onlar zaman-zaman ayrı-ayrı dövlət qurumlarında, güc strukturlarında, o cümlədən də Müdafiə Nazirliyində yoxlamalar aparıblar. Deməli, onlar bu cinayəti gördükləri halda göz yumublar. Yəqin ki, onların da müəyyən maddi maraqları olub. Hətta yoxlamaların yekunu kimi bu məsələlərə nəzarət edən Maliyə naziri Samir Şərifova və Vüqar Gülməmmədova məruzələr olunub. Onlar niyə tədbirlər görməyiblər? İstintaq əjdahanın başından yapışmalıdır. Sual olunmalıdır ki, bu çatışmazlıqları, yeyintiləri bildikləri halda niyə vaxtında tədbir görməyiblər və ölkə başçısının qərar qəbul etməsi barədə məlumatlandırmayıblar? Maliyə Nazirliyi Samir Şərifovun şəxsi mülkiyyəti deyil. Samir Şərifov ilə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da istintaqa cəlb olunmalıdır.

Həmçinin onlarla bağlı qərar qəbul olunması üçün dövlət başçısına arayış hazırlanmalıdır. Onlar toxunulmaz şəxslər deyillər və ola da bilməzlər. Özlərini qanundan üstün saymasınlar. Bu pulların mənimsənməsində Maliyə naziri Samir Şərifov ilə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun birbaşa məsuliyyətləri var”.
Qeyd edək ki, fevralın 21-də Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, ötən gün isə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub. Bakı Hərbi Məhkəməsinin qərarı ilə N.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir. Məlumat üçün bildirək ki, Müdafiə Nazirliyində bundan əvvəl daha 4 nəfər korrupsiya faktına görə həbs edilib.

Həmçinin oxuyun

Adil Vəliyevin Ramana qəsəbəsi üzrə nümayədəsi Arif Osmanovun qanunsuz tikinti biznesi…

Sabunçu rayonu ilə bağlı konkret mövzuya keçməzdən öncə onu qeyd edək ki, Bakı şəhərində  qanunsuz …